Mahir Rəsuloğlu |
Paşinyan açıq mətnlə qondarma “prezident”ə “bizə güvənmə” deyib
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan ermənilər gələcək taleləri ilə bağlı qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “prezidenti” Araik Arutyunyandan, o isə öz növbəsində Ermənistan hakimiyyətindən, əsasən də baş nazir Nikol Paşinyandan hesabat tələb etməyə çalışır. Xankəndi şəhərində bir neçə gün davam edən etiraz aksiyalarının iştirakçıları şəxsən Araikin meydana gəlməsini və sakinlərə açıqlama verməsini istəsələr də məlum oldu ki, qondarma “prezident” özü nə baş verdiyini aydınlaşdırmaq üçün “nümayəndə heyəti” ilə birlikdə Ermənistana gedib. Qarabağ ermənilərinin də, Araikin də əl-ayağa düşməsinə səbəb isə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması məqsədilə keçirilmiş Praqa görüşü və ardınca Astanadan verilmiş mesajlar idi.
Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticəsi olaraq razılaşdırılan bəyanat Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərin gələcək taleyi ilə bağlı məqamlara da aydınlıq gətirmiş oldu. Belə ki, əvvəla Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi və bununla Qarabağla bağlı hər hansı iddiasının qalmadığını bəyan etdi. Bundan başqa, Azərbaycan Prezidenti Praqada növbəti dəfə Qarabağla bağlı qətiyyətli mövqe nümayiş etdirərək konkret mesajlar verdi.
Dövlətimizin başçısı elə həmin gün Çexiya paytaxtında Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə açıq şəkildə bəyan etdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”
Prezident İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, Qarabağda yaşayan ermənilər üçün Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.”
Praqa görüşlərindən az sonra, oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev növbəti dəfə həm ermənilərə və Ermənistana, həm də düşmən ölkənin havadarlarına səsləndi: “Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq.”
Xankəndidə Araik Arutyunyandan hesab tələb edən ermənilər məhz Azərbaycan Prezidentinin bu fikirlərinə və Praqa görüşü nəticəsində razılaşdırılmış bəyanata aydınlıq gətirilməsini istəyirdilər. Araikin Ermənistana baş tutan səfəri isə xeyli uzandı və yerli mətbuatın yazdığına görə, bu, qondarma “prezident”in Nikol Paşinyan tərəfindən gec qəbul edilməsi ilə bağlı oldu. Ən azı 3 gün gözlədildiyi deyilən Araik nəhayət ki, oktyabrın 16-da Ermənistanın baş nazirinin qəbuluna düşə bildi. Görüş qapalı keçirildiyindən danışıqların nəticələri ilə bağlı hər hansı açıqlama verilməsə də qondarma qurumun “başçısı”nın Qarabağa tam ümidsizlik içində qayıtdığı ehtimal olunur. Danışıqların bəzi təfərrüatlarını əldə etdiyini iddia edən Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, görüşdə İrəvanın rəsmi mövqeyi Qarabağdan getmiş “nümayəndə heyəti”nin diqqətinə çatdırılıb. Bildirilib ki, onlar (Ermənistan rəhbərliyi) “Artsax”ı (qondarma Dağlıq Qarabağ respublikası) Azərbaycanın bir hissəsi kimi tərk etmək istəmirlər, lakin indiki vəziyyətdə onların alternativi yoxdur: “Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq faktiki olaraq Ermənistanı xilas edəcəklər, lakin bu o demək deyil ki, “Artsax”a maliyyə yardımı göstərilməyəcək. Onlar “Artsax” məsələsinin daha ərazi məsələsi olmadığını təqdim etməyə çalışacaqlar və ona görə də Azərbaycanla ərazi probleminin bitdiyini açıq elan edirlər.”
Nəşrin mənbələrinə əsasən əldə etdiyi məlumatda, həmçinin bildirilir ki, Nikol Paşinyanla Araik Arutyunyanın görüşü kifayət qədər çətin atmosferdə keçib. Çünki orada iştirak edənlərin hamısı başa düşürdü ki, Ermənistan hakimiyyəti Qarabağı “öz taleyinin şıltaqlığına buraxır”: “Paşinyan açıq mətnlə Araikə “bizə güvənmə” deyib. Hətta nəinki açıq şəkildə ümidinizi özünüzə bağlamalısınız deyib, həm də eyham vurub ki, ümidinizi ruslara da bağlamamalısınız.”
Qarabağa qayıtdıqdan sonra oktyabrın 17-də qondarma “parlament”in “deputatlarını” və bir sıra “qurumların nümyəndələri”ni qəbul edən Araikin yanında keçirilmiş görüş haqqında verilən məlumat da çox şeydən xəbər verir: “Xankəndidə görüş-müzakirələr təşkil etməklə Araik Arutyunyan vahid ictimai rəy formalaşdırmağa çalışır. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, Qarabağ Bakı ilə birbaşa dialoqa başlamağa hazırdır.”
Bax belə... Görünür, artıq həm Ermənistan rəhbərliyi, həm də Azərbaycanın Qarabağdakı erməni əhalisi reallıqları qəbul etməkdən başqa çarələrinin olmadığını anlayırlar. Necə deyərlər, “Adın nədir? Daşdəmir...”