Mahir Rəsuloğlu |
SEPAH-ın sərhədimizdə başlatdığı hərbi təlimlər İslam əxlaqına və mehriban qonşuluq münasibətləri ilə bir araya sığmır
İran Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyişdən narahatlıq keçirdiyini və erməni yandaşı olduğunu aşkar şəkildə nümayiş etdirməkdədir. İslam Respublikasının ali rəhbərliyi səviyyəsində həddini aşaraq hədyan danışan, ən müxtəlif bəhanələrlə azərbaycanlı din qardaşlarına təhdidlər yağdıran Cənub qonşumuz dünən, oktyabrın 17-də sərhədimizdə təlimlərə başladı – Şərqi Azərbaycan və qədim şəhərimiz olan Ərdəbil vilayətinin ərazisində, iki qardaşı ayıran Araz çayının sahilində...
Regional “Aşura” qərargahının komandanlıq etdiyi təlimlərin məqsədinin ordunun döyüş hazırlığının yoxlanılması və peşəkarlıq səviyyəsinin artırılması olduğu bildirilir. Təlimlərin ssenarisi də çoxşaxəlidir: İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin döyüş atışlı uçuşları, helikopter-paraşüt əməliyyatları, gecə hücumları, müxtəlif növ PUA-lardan istifadə, nəqliyyat-rabitə xətlərinə nəzarətin təşkili, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsi və s.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı, briqada generalı Məhəmməd Pakpur təlimlərin illik cədvəl üzrə keçirildiyini bəyan etsə də əslində fars mollaların niyyəti bəllidir. Elə M.Pakpurun İranın rəsmi xəbər agentliyi olan “İrna”ya verdiyi açıqlama da təlimlərin yalnız ordunun hazırlıq vəziyyətinin yoxlanılması üçün keçirilmədiyini və “düşmənlərə xəbərdarlıq” məqsədi daşıdığını təsdiq edir. General bildirib ki, bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsidir: “Düşmənlər üçün isə bu təlimlər İranın digər silahlı qüvvələri ilə birlikdə SEPAH-ın da ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasının nümayişidir.”
Görünür, təlimlərin “Güc” adlandırılması da təsadüfi deyil. Hər zaman olduğu kimi, Ermənistana dəstək və öz məzhəblərincə, Azərbaycana “əzələ nümayiş etdirməyə” çalışan İran bununla bir neçə məqsəd güdür.
Birincisi, İran neçə müddətdir ölkə daxilində tüğyan edən etirazları yatırtmaqda çətinlik çəkdiyi üçün “xarici təhlükə” və ya “xaricdən təhlükə” iddialarını qabartmaqla xalqın diqqətini əsas məsələlərdən yayındırmağa çalışır. Məlum olduğu kimi, əxlaq polislərinin günahsız yerə döyərək öldürdükləri Məhsa Əmininin qətlinə etiraz kimi başlanan etiraz aksiyaları artıq iğtişaşlara çevrilərək İranın bütün əyalətlərini bürüyüb və xeyli sayda insan tələfatına səbəb olub. Nümayişlər isə indi təkcə qadınların hüquqlarının bərpası ilə bağlı deyil, daha çox siyasi xarakter almaqdadır. Bu gün bütün İran ərazisində ölkənin siyasi-dini hakimiyyətinə qarşı açıq və kəskin şəkildə nifrət nidaları yüksəlməkdədir. Güc strukturlarının əməkdaşları xalqın etiraz səsini ən qəddar üsullarla boğmağa çalışsalar da hələ ki buna nail olmaqda aciz görünürlər.
Yeri gəlmişkən, İrandakı son hadisələr Qərbin və ABŞ-ın da diqqət mərkəzindədir. ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan mətbuata açıqlamasında ölkəsinin İrandakı etirazları dəstəklədiyini bu sözlərlə ifadə edib: “Biz İrandakı etirazçıları dəstəkləmək üçün bir sıra aqressiv addımlar atırıq. İlk növbədə, biz etirazçılara qarşı repressiyalardan istifadə edən, onların döyülməsini və öldürülməsini təşkil edən qəddar İran hökumət rəsmilərini məsuliyyətə cəlb etməyə çalışırıq.” Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden də İranda etirazların hələ uzun müddət davam edəcəyini, ABŞ administrasiyasının aksiyaların iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinə qarşı çıxdığını bəyan etmişdi.
Oktyabrın 15-də İranın paytaxtındakı Evin həbsxanasında baş verən üsyan da Cənub qonşumuzda vəziyyətin “xub” olmadığını göstərir. Üsyan zamanı məhbuslar həbsxanadakı dərzi sexini yandırıblar, daha sonra ərazini yanğın böyüyüb. Nəticədə son məlumatlara görə, 8 məhbus ölüb, 60-dan artıq insan isə yaralanıb. Məlumatlara görə, Tehrandakı Evin həbsxanasında siyasi mövqeyinə görə həbs edilmiş dustaqlar da cəza çəkirdilər. Həbsxanadakı üsyanın qəddarlıqla yatırılması isə beynəlxalq təşkilatların və bir sıra dövlətlərin qınağına səbəb olub. Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel məhbuslar arasında münaqişə nəticəsində yanğının baş verdiyi Evin həbsxanasındakı vəziyyətdən narahatlığını və baş verənlərlə bağlı ən şəffaf məlumat gözlədiyini bildirib: “İran hakimiyyəti bütün məhbusların, o cümlədən insan haqları fəallarının və Avropa İttifaqı vətəndaşlarının həyatına cavabdehdir. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiana dərin narahatlığımı bildirdim.”
Göründüyü kimi, İranda daxili sabitlik nəzarətdən çıxma dərəcəsində pozulub və belə bir məqamda “xarici qüvvələrin yaratdığı təhlükə”, “sionizm”, “terror” iddiaları, bunlara qarşı hazırlıq təlimlərinin keçirilməsi molla rejiminə “süni nəfəs” qədər vacibdir.
SEPAH-ın təlimlərində ən diqqətçəkən məqamlarda biri də hərbi məqsədlə Araz çayı üzərindən körpü inşasının da “Güc”ün ssenarisinə daxil edilməsidir. Aşkar hiss olunur ki, bu, sərhədə toplanan İran ordusunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçə biləcəyinin mesajıdır. Təxminən belə ki, inşa ediləcək körpü, yaxud körpülər üzərindən keçərək müdaxilə edə bilərik.
İkincisi, İranın “qırmızı xətti” olan Ermənistanın sərhədləri məsələsidir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədlərin delimitasiyası məsələsinin həlli gözləntiləri var. Son günlər iki ölkə lideri və xarici işlər nazirləri səviyyəsində baş tutan görüşlər nəhayət ki, dayanıqlı sülhə nail olunmasına olan ümidləri artırır. Görünür, İran hakimiyyətinin mümkün sərhəd dəyişikliyinə etiraz bəhanəsi əslində sülh müqaviləsinin imzalanmasını istəməməsi ilə bağlıdır. Çünki özünü ədalətli, “qırmızı xətli” göstərən Tehran hakimiyyəti 30 il Ermənistan və onun havadarları ilə eyni mövqedən çıxış edərək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini görməzdən gəlib. Əksinə, İslam əxlaqını ağır yük maşınlarının təkərlərinin “tapdağına çevirərək” separatçılarla bir yerdə işğal altında olan torpaqlarımızın talan olunmasında həvəslə iştirak edib. Bundan başqa, İran 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi vəziyyətinə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan hərbçilərinin qanunsuz dislokasiyasına qarşı da heç vaxt heç bir münasibət bildirməyib. Deməli, hər hansı “qırmızı xətt” bəhanədir, İran Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə nail olunmasına, Cənubi Qafqazda yeni eranın başlamasına qarşıdır.
Yəni, doğrudanmı İran hakimiyyəti Azərbaycana qarşı atdığı bu ədalətsiz, dostluğa və qonşuluğa sığmayan mənfur addımlarının bu ölkənin bütün haqları tapdanmış vətəndaşları olan 40 milyona qədər soydaşımızı qəzəbləndirə biləcəyindən qorxmur?..