Mahir Rəsuloğlu |
Həm Praqa, həm də Astana görüşləri sübut edir ki, Ermənistanla aparılan danışıqlarda və müzakirə edilən bütün məsələlərdə Azərbaycanın maraqları tam şəkildə təmin edilir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan növbəti dəfə rusiyalı həmkarları Sergey Lavrovun iştirakı ilə Astanada görüşdülər. Sözsüz ki, oktyabrın 14-də Qazaxıstan paytaxtında baş tutan üçtərəfli görüşü əvvəlkilərdən fərqləndirən ən mühüm amil bir müddət öncə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılması və hər iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasını elan etməsidir. Bu baxımdan Astana görüşü proseslərdə fəal iştirak etmək istəyən Rusiyanın son danışıqlar barədə məlumatlandırılması və sülh müqaviləsinin detallarının razılaşdırılması baxımından yeni imkanlar yaratmış oldu.
Məlum olduğu kimi, Çexiyanın paytaxtı Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 6-da keçirilən və 5 saatdan artıq davam edən dördtərəfli görüşün nəticəsi olaraq bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc olunmuş bəyanat Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü 5 əsas prinsipin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ən mühümü isə odur ki, Praqa görüşü Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə yekunlaşdı. Bəyanatda vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
Azərbaycanın xarici işlər naziri Qazaxıstan paytaxtında keçirilən üçtərəfli görüşdə bu ilin may ayında sonuncu bu formatda aparılmış danışıqlardan sonrakı təmaslar barədə məlumat verib və əldə edilmiş əhəmiyyətli nəticələrdən danışıb. Ceyhun Bayramov, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti, üçüncü görüşünün yaxın zamanlarda keçiriləcəyini də bildirib. O, Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğunu qeyd edib.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacibliyini vurğulayıb.
Rusiya XİN başçısı Sergey Lavrov isə qeyd edib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiyanın yaradılması yolu ilə iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, delimitasiya haqqında sazişlərə əlavə olaraq sülh müqaviləsinin razılaşdırılması da ayrıca mövzudur. S.Lavrov, həmçinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatlara əməl olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin bütün aspektlərinin tənzimlənməsi, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün şərtdir: “Zaman sürətlə keçir, hadisələr sürətlə inkişaf edir. Bu baxımdan hesab edirəm ki, bu gün bu mövzu ətrafında danışmaq və onların imzaladıqları sazişlərin icrası ilə bağlı rəhbərlərimizə nə hesabat verə biləcəyimizi görmək üçün əlverişli fürsətdir”.
Xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə eyni vaxtda Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib. Görüşün yaxın zamanda keçirilməsi nəzərdə tutulur.
Göründüyü kimi, Praqa və Cenevrə görüşlərindən sonra Astanada baş tutan danışıqlar Rusiyanın növbəti dəfə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının aparılmasında, sülh müqaviləsinin imzalanmasında, kommunikasiyaların açılmasında, münasibətlərin normallaşmasında və beləliklə də Cənubi Qafqazda dayanıqlı sülhə nail olunmasında öz vasitəçilik missiyasından geri çəkilmədiyini nümayiş etdirir. Vasitəçilik edənin kimliyindən asılı olmayaraq isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün münbit şərait yaranıb. Ehtimal çoxdur ki, sülh müqaviləsinin imzalanması bu ilin sonuna kimi reallaşsın. Bunu artıq Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib. Bildirib ki, Ermənistan siyasi iradə nümayiş etdirsə 2022-ci ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər. Artıq Ermənistan hakimiyyətinin nümayəndələrindən də bu mövzuda müsbət açıqlamalar eşidilməkdədir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir neçə gün öncə bildirib ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər.
Həm Praqa, həm də Astana görüşləri sübut edir ki, Ermənistanla aparılan danışıqlarda və müzakirə edilən bütün məsələlərdə Azərbaycanın maraqları tam şəkildə təmin edilir. Bu gün heç bir masada ərazi bütövlüyümüzü şübhə altına alan hər hansı bir məqamdan söhbət gedə bilməz. Sülh danışıqları məhz tərəfimizdən irəli sürülmüş prinsiplər əsasında aparılır, kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın tələblərinə uyğun olaraq gündəmdə qalmaqda davam edir. Bütün bunlar Azərbaycanın siyasi rəhbərliyinin uğurlu diplomatik fəaliyyətinin nəticəsidir. Qarşıda isə daha böyük nailiyyətlər bizi gözləyir.