KÖŞƏ

Mahir Rəsuloğlu

Sülhə doğru daha bir addım...

04 oktyabr 2022 01:57
1410

Ermənistanın hərbi və siyasi təxribatları Azərbaycanın böyük hədəflərinə əngəl ola bilməz

Regionda dayanıqlı sülhə nail olunması üçün bütün addımları atan, ikitərəfli və çoxtərəfli müzakirələrdə irəliləyişin əldə olunmasına çalışan Azərbaycanla mütəmadi olaraq müxtəlif hərbi və siyasi təxribatlar törədən, vəziyyəti gərginləşdirməklə öhdəliklərindən yayınan Ermənistan arasında danışıqların növbəti raundu baş tutdu. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşdü.

Görüşdə Azərbaycanın xarici işlər naziri göstərilən səylərin postmünaqişə dövründə iki ölkə arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsasında müqavilənin elementlərini detallı şəkildə qarşı tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı Azərbaycan tərəfi sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi təklifini də irəli sürüb.

Danışıqlarda müzakirə olunan ən mühüm məsələlərdən biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı olub. Belə ki, C.Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və əldə edilmiş razılaşmaqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının zəruriliyini vurğulayıb. Bundan başqa, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin vacibliyi də qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu ikitərəfli görüş onu əvvəlkilərdən fərqləndirən bir neçə məqamla diqqət çəkir. Birincisi, ilk dəfə olaraq danışıqlar Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib. Bu isə o deməkdir ki, son zamanlar yaranmış gərginliyə baxmayaraq artıq sülh müqaviləsinin mətninin razılaşdırması prosesinə start verildi. Eyni zamanda, bu, Qərb dövlətlərinin və beynəlxalq təşkilatların, əsasən də Aİ rəhbərliyinin israrla iki ölkə arasında sülhə nail olunmasına, real nəticə əldə edilməsinə çalışdıqlarını göstərir. Təbii ki, bu yanaşma Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür. Elə iki gün əvvəl parlamentdə hökumətin qapalı iclasını keçirən Ermənistanın baş naziri də sülh müqaviləsinin imzalanması üçün Qərbdən ona təzyiqlərin göstərildiyini etiraf edib. Görüşdən erməni mətbuatına sızan məlumata görə, Paşinyan bildirib ki, Aİ-nin rəhbərliyi ondan tezliklə müqaviləni imzalamağı tələb edir. Görünür, Ermənistanın siyasi rəhbərliyinin öhdəlikləri yerinə yetirməkdən imtina cəhdləri və müxtəlif bəhanələrlə vaxtı uzatması artıq Cənubi Qafqazda sülhə nail olmağı hədəfləyən vasitəçilərin də səbrini daşırıb.

Xarici işlər nazirlərinin görüşünü əvvəlkilərdən fərqləndirən daha bir məqam danışıqların erməni təxribatlarının artması ilə eyni vaxta düşməsidir. Məlum olduğu kimi, Ermənistan son vaxtlar ardıcıl olaraq hərbi və siyasi təxribatlar törətməklə məşğuldur. Odur ki, Cenevrə görüşündə humanitar məsələlərə toxunan Azərbaycanın xarici işlər naziri Ermənistan tərəfinin ərazilərimizdə çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun üçtərəfli Bəyanat üzrə Ermənistanın öhdəliklərini kobud şəkildə pozması və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Beləliklə də Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsasında sülh müqaviləsinin mətninin hazırlanması məqsədilə keçirilən ilk danışıqları Ermənistanın diplomatik masadakı növbəti məğlubiyyəti kimi də xarakterizə etmək olar. Düşmən ölkənin rəhbərliyi növbəti dəfə Azərbaycan hakimiyyətinin qətiyyətli mövqeyi ilə üzləşməli oldu. O da məlum oldu ki, artıq hər kəs Azərbaycanın mövqeyinin ədalət prinsiplərinə söykəndiyini qəbul edir. Regionda yeni reallıqlar yaradan Azərbaycan sülhə nail olunması naminə lazımi addımlar atır və heç bir qüvvə, heç bir erməni təxribatı bizi böyük hədəflərimizdən yayındıra bilməz.