Mahir Rəsuloğlu |
Hindistanla əməkdaşlıq və yenidən silahlanmaq cəhdi Ermənistanı daha ağır fəlakətə sürükləyə bilər
Hindistanın Ermənistana 20 milyard rupi, təxminən 244 milyon ABŞ dollarlıq silah tədarük etməsi ilə bağlı iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilə məqsədli şəkildə Cənubi Qafqazda gərginliyin artırılmasına hesablanıb. Ümumiyyətlə, Ermənistanın siyasi-hərbi hakimiyyətinin son davranışları Azərbaycanla aparılan sülh danışıqlarını pozmaq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrasından yayınmaq cəhdindən başqa bir şey deyil. Düşmən ölkə hərbi büdcəsini də nəzərəçarpacaq qədər artırmaq niyyətindədir. Maraqlıdır, Ermənistan rəhbərliyi hadisələrin bu yöndə inkişafının bu ölkə üçün yaradacağı ciddi və böyük ehtimalla həlli mümkün olmayan problemlərin fərqində deyilmi? Baş nazir Nikol Paşinyanı “tarana getməyə” vadar edən səbəblər hansılardır?
Əvvəlcə Hindistanın Ermənistana silah ixracı ilə bağlı. Qeyd etdiyimiz kimi, sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb. Erməni mətbuatında yayılan məlumatlara görə, sifariş Hindistan istehsalı olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin “fillər ölkəsi” razılaşmanın bir hissəsi olaraq Ermənistana tank əleyhinə raketlər, mərmilər və bir sıra digər hərbi sursatlar da verəcək. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tarixi müttəfiqi olan Rusiyanın müasir texnika və silahları ilə Azərbaycan Ordusunun hücumları qarşısında heç bir müqavimət göstərə bilməyən, silahlı qüvvələrinin sursat arsenalı böyük həcmdə məhv edilmiş Ermənistanın indi “Cimi”nin keyfiyyətsiz hərbi məhsulları ilə nəyəsə nail olmaq perspektivi təbii ki yoxdur. İlk silahlı toqquşma nəticəsində həmin raket sistemlərinin metal yığınına çevriləcəyi dəqiqdir. O zaman təbii olaraq sual yarana bilər ki, onsuz da iqtisadiyyatı həssas və müəyyən amillərdən asılı olan Ermənistan niyə büdcəsi üçün böyük sayılan məbləğdə dünyada başqa heç bir dövlətin idxal etmədiyi Hindistan məhsulları alır? Ermənistanda hərbi təchizatla bağlı vəziyyət Rusiyanın bu ilin əvvəlində Ukraynaya qarşı müharibəyə başlamasından sonra kəskin pisləşib. Nəticədə, görünür, Ermənistana silah tədarükündə faktiki inhisarda olan Rusiyadan silah təchizatı dayandırılıb. Elə bir neçə gün əvvəl Nazirlər Kabinetinin iclasında baş nazir Nikol Paşinyan buna görə “müttəfiqlərdən” və onların silah-sursat təchizatındakı fasilələrdən gileylənib: “Elə hallar var ki, milyonlarla dollar məbləğində ödənişlər edilib, lakin tərəfdaş ölkələr öz öhdəliklərini yerinə yetirmirlər.”
Paşinyanın yerli mətbuatda və hərbi ekspertlər arasında geniş müzakirələrə səbəb olan bu sözləri iki məsələyə görə xüsusi diqqət çəkir. Birincisi, Ermənistanın baş naziri silahlı qüvvələrinin təhcizatındakı problemləri dolayısı ilə etiraf etmiş oldu. İkincisi, müasir hərbi texnika və sursat almaq üçün tərəfdaş tapa bilmədiklərini bildirdi. Səbəbkar, daha dəqiqi günahkar kimi isə həm “düşmən tərəf kimi mümkün olan yerlərdə Ermənistana silah və sursat tədarükünün qarşısını almağa çalışan” Azərbaycan, həm də “haqqı ödənmiş yüz milyonlarla dollar qarşılığında silahları göndərməyən yeganə müttəfiq” Rusiya göstərildi. Belə məlum oldu ki, Rusiya silah tədarükünü dayandırıb, daha keyfiyyətli silah istehsalçısı olan digər ölkələr Ermənistana silah satmaq istəməyib və Hindistan variantı məcburiyyətdən işə düşüb.
Yeri gəlmişkən, Hindistanın Ermənistana “isti” münasibətinin də səbəbsiz olmadığı aydındır. Məlumdur ki, Azərbaycanın dost və qardaş Pakistanla strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş mehriban dostluq münasibətləri, ölkəmizin Hindistanın ərazi iddiasında olduğu Kəşmir problemində Pakistanın haqlı mövqeyini müdafiə etməsi hindlilərin xoşuna gəlməyib. İndi yaranmış vəziyyətdən yararlanmağa çalışan Hindistan hakimiyyəti həm bu ölkənin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kişan Dan Devalın jurnalistlərə müsahibəsində silah tədarükünə toxunaraq dediyi kimi, “Ermənistanı gücləndirməyə” çalışır. Həm bu vasitə ilə Cənubi Qafqaza “soxulmağa” cəhd edir. Həm də heç özlərinin də işlərinə yaramayacaq silahlarını ermənilərə sırıyırlar.
Göründüyü kimi, Ermənistan rəhbərliyi dövlət büdcəsində artırdığı vəsaiti lazımi tələblərə yönəltməkdə də problemlərlə üzləşir. Vəsaitin məbləğinə gəlincə, Ermənistan Nazirlər Kabinetinin sentyabrın 29-da keçirilən iclasında hökumətin təqdim etdiyi 2023-cü ilin büdcə layihəsinə əsasən, ölkənin hərbi xərcləri 501 milyard dram (1,2 milyard dollardan çox) nəzərdə tutulub ki, bu da erməni dramı ekvivalenti ilə 2022-ci illə müqayisədə 47 faiz, ABŞ dolları ilə isə daha çox, təxminən 50 faizə yaxındır. Qanun layihəsində artırılan əlavə vəsaitin konkret olaraq nəyə yönəldiləcəyi göstərilmir, lakin ümumi olaraq “döyüş maşınları, avadanlıqlar, rabitə sistemləri, mümkün yerli silah və sursat alışı” daxil olmaqla prioritetlərə xərclənəcəyi bildirilir. Halbuki 2021-ci ildə bu xərclər üçün 678 milyon dollar və 2022-ci ildə 754 milyon dollar ayrılmışdı və İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən sonra Ermənistan hökuməti müdafiə xərclərini hər il müəyyən qədər artırır.
Müqayisə üçün xatırladaq ki, Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 5 milyard 84 milyon 760 min manat ayrılıb. Gələn il isə bu məbləğin bir az da artacağı gözlənilir. Çünki 2023-cü ilin dövlət büdcəsi layihəsində adıçəkilən xərclər üçün 5 milyard 320 milyondan da artıq vəsaitin ayrılması nəzərdə tutulub.
Beləliklə, Ermənistan hətta nəzərdə tutduğu vəsaiti tam şəkildə hərbi xərclərə yönəldə bilsə belə, bu, Azərbacanın iqtisadi imkanları və hərbi xərcləri ilə müqayisədə bir neçə dəfə aşağı məbləğdir. Ona görə də düşmən ölkə rəhbərliyinin silahlanmaq, yenidən ordusunu gücləndimək, daha sonra hansısa revanşist fikirlərə düşmək istəyi son nəticədə Ermənistanın daha ağır fəlakətinə səbəb olacaq. O zaman isə düşmən ölkəni həmin fəlakətdən heç kim, hətta “Cimi” qardaşları da qurtara bilməyəcək.