Mahir Rəsuloğlu |
Deyəsən, Qarabağda erməni terrorçu dəstələrinə bir daha “Qisas”ı daddırmaq lazım olacaq
Azərbaycan şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladlarının xatirəsini andığı bu günlərdə İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü Ermənistanda və Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan ərazilərində də xüsusi mərasimlərlə qeyd edilib. Məlum olduğu kimi, adı çəkilən müharibədə düşmən ölkə daha çox itkilər verib. Sentyabrın 27-də Xankəndidə Müqəddəs Hakob kilsəsinə toplaşan ermənilər birgə dua etdikdən sonra şəhərdəki xatirə kompleksinə doğru dini yürüş keçiriblər. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “prezidenti” Araik Arutyunyan da ölənlərin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak edib.
Qeyd edək ki, İstintaq Komitəsinin son məlumatına görə, Ermənistan 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində 3 822 nəfər hərbçisini itirib, 187 nəfər isə hələ də itkin sayılır. İctimai qurumların və müxalifətin nümayəndələri isə bu sayın açıqlanan göstəricidən çox olduğunu iddia edirlər. Ölənlərin əksəriyyəti Ermənistanın Yerablur hərbi ponteonunda, bir qismi isə Xankəndidə və Qarabağın digər ərazilərində basdırılıb. Yalnız bu faktın özü göstərir ki, Ermənistan silahlı qüvvələrinin bu ölkənin müxtəlif bölgələrindən hərbi xidmətə çağırılmış əsgərləri uzun illər beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycan ərazisində yerləşdirilib, burada xidmət keçib və 44 günlük Vətən müharibəsi zamanı ordumuza qarşı döyüşüblər. Düşmən ölkənin kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndi də Ermənistan ordusunun silahlı bölmələrinin suveren ərazilərimizdə mövcudluğunun Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən etirafı və imzalı təsdiqidir. Üstəlik həmin Bəyanatın 4-cü bəndinin icrası, yəni erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması bu günə qədər təmin edilməyib. Bu, düşmən ölkənin suveren ərazilərimizə qarşı torpaq iddiasının hələ də davam etdiyini göstərir. O zaman Ermənistanın siyasi rəhbərliyi hansı əsasla iki ölkənin bir-birinin ərazi bütövlüyünə qarşılıqlı hörmətdən danışır görəsən? Yaxud hansı əsasla bu gün bütün dünyaya guya Azərbaycanın Ermənistanın sərhədini pozduğunu iddia edir? Axı bu sərhəd hələ heç dəqiqləşdirilməyib...
İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı isə göstərir ki, düşmən ölkə rəhbərliyi nə müharibənin nəticələrindən, nə də erməni silahlı birləşmələrinin son təxribatlarına qarşı həyata keçirilmiş əməliyyatlardan lazımi nəticə çıxara bilməyib. Çünki yalan, şər və böhtan üzərində qurulmuş bəyanatda yenə də Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə cəhdləri var, inzibati ərazi vahidlərimiz təhrif edilir və açıq-aşkar separatçılıq çağırışları hiss olunur. Beynəlxalq humanitar hüququ və insan haqlarını əlində bayraq etməyə çalışan düşmən ölkənin siyasi hakimiyyəti artıq onların yalanlarına heç kimin inanmadığının fərqində deyillərmi? Artıq hamı görür ki, problemlərin güc yolu ilə həllinə yanaşmanı qəti şəkildə rədd etdiyini və danışıqlar vasitəsilə regionda dayanıqlıi sülh və sabitliyin bərqərar olunmasına sadiq olduğunu deyən Ermənistan hakimiyyəti konkret addımların atılmasından müxtəlif bəhanələrlə yayınır. Üstəlik, həyasızcasına 30 illik erməni işğalından azad etdiyimiz torpaqlarımızı Azərbaycanın nəzarətinə keçən torpaqlar adlandırırlar.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sentyabrın 27-də İrəvanda yunan həmkarı Nikos Dendias ilə keçirdiyi brifinqdə dedikləri də düşmənin hələ də öz iddialarından əl çəkmədiyini göstərir. Mirzoyan “Dağlıq Qarabağ (Qarabağ iqtisadi rayonu) münaqişəsi” ilə bağlı əsas problemlərin həllini tapmadığını bildirib və Azərbaycanın BMT tərəfindən qəbul edilmiş suveren ərazilərini işğaldan azad etməsini “genişmiqyaslı təcavüz” adlandırıb. Erməni nazir ardınca isə utanmadan sülhə və sabitliyə sadiq olduqlarını deyib.
Əcəb paradoksdur: Həm ərazi bütövlüyümüzü şübhə altına al, qoşunlarının tör-töküntülərini ərazimizdən çıxarma, üstəlik bizi “təcavüzkar” adlandır, həm də sülhdən danış. Böyük ehtimalla Mirzoyan da, elə Paşinyanın özü də yaxşı bilirlər ki, belə sülh yaratmaq olmaz. Verilən bəyanatlarda bir-birini təkzib edən yanaşmalar, sözlə əməlin düz gəlməməsi sacəcə vaxt uzatmaq üçündür, sülh üçün deyil. Sülhü yaratmağın yolunu isə qəhrəman Azərbaycan əsgəri daha yaxşı bilir. Bu gedişlə müzəffər ordumuzun Qarabağ iqtisadi rayonu ərazisindəki erməni terrorçu dəstələrin təxribatlarına tutarlı cavab olaraq keçirdiyi uğurlu “Qisas” əməliyyatının davam etdirilməsi zərurətə çevriləcək. Nə edək ki, “donuzu darıdan çıxarmağın” başqa, daha humanist yolları yoxdur...