KÖŞƏ

Mahir Rəsuloğlu

Ah, Paris, Paris...

28 sentyabr 2022 02:58
1196

Ermənistanın baş naziri böyük ümidlərlə yollandığı Fransa paytaxtından əliboş dönür

Ermənistanın Yerablur qəbiristanlığı son bir həftədə ikinci dəfə gecəni “qonaq-qaralı” keçirdi. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsində, ondan sonrakı erməni təxribatlarına qarşı keçirilmiş cavab əməlliyyatlarında məhv edilmiş və itkin düşmüş düşmən əsgərlərinin valideynləri, qohumları növbəti dəfə hərbi panteonda gecələdilər. Ötən dəfə baş nazir Nikol Paşinyanın rəsmi ziyarətinə mane olmağa çalışan aksiya iştirakçıları dünən qarşılarına heç bir hakimiyyət nümayəndəsini Yerablura buraxmamaq məqsədi qoymuşdular. Ancaq bu dəfə Paşinyanın adı ponteona buraxılmayacaqlar siyahısında deyildi. Çünki Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnmiş 44 günlük müharibənin ikinci ildönümündə bu ölkənin baş naziri Fransa səfərində idi...

Parisdə Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşdən sonra keçirilən birgə mətbuat konfransındakı bəyanatları Paşinyanın ermənipərəst Fransa liderindən və onun timsalında Qərbdən gözlədiyi dəstəyi ala bilmədiyini göstərdi. Növbəti dəfə Azərbaycanı guya Ermənistanın dövlət sərhədlərini pozmaqda ittiham edən erməni baş nazirin çıxışı daha çox çarəsizliklə gileylənməsi ilə yadda qaldı: “Vəziyyət BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində olmalıdır”, “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib və ilkin mövqelərinə qayıtmalıdır” və s.

Paşinyan, eyni zamanda, çıxışında hər iki ölkənin 1991-ci ildə imzaladıqları sazişlə bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirdi. Ermənistanın baş naziri yəqin ki 8 dekabr 1991-ci ildə imzalanmış saziş dedikdə həmin tarixdə MDB-nin yaradılması haqqında Rusiya, Ukrayna və Belarusun imzaladıqları müqaviləni nəzərdə tuturdu. Azərbaycan adından həmin sazişi 21 dekabr 1991-ci ildə o vaxtkı prezident Ayaz Mütəllibov imzalasa da sənəd Milli Məclisdə ratifikasiya edilməmişdi və parlament müqaviləni yalnız 1993-cü ilin sentyabrında təsdiq edib. Həmin vaxta kimi isə Azərbaycanın Dağlıq Qarabağdan (indiki Qarabağ iqtisadi rayonu) başqa Şuşa, Laçın, Ağdam, Cəbrayıl, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonları da Ermənistan tərəfindən işğal edilmiş, Xocalı faciəsi törədilmiş, beynəlxalq hüququn və Avropa konvensiyasının müddəaları, həmçinin Paşinyanın dediyi MDB-nin həmin sazişində tələb olunan sərhədləri tanımaq və hörmət prinsipi kobudcasına pozulmuşdu. Əgər dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşırdısa Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisində nə işi vardı? Niyə Paşinyan hələ də ordusunun bölmələrinin süveren ərazilərimizdən çıxarılmasını təmin etməyib?

Üstəlik, həmin müqavilədə sərhədlərin delimitasiyası barədə heç bir maddə yoxdur və sadəcə SSRİ-nin inzibati-təsərrüfat sərhədlərinə istinad olunur. Halbuki yeni yaranan dövlətin və ya dövlətlərin sərhədləri delimitasiya və demarkasiya nəticəsində müəyyənləşməli və bu, iki ölkə arasındakı müqavilələrlə rəsmiləşməlidir. Yeri gəlmişkən, Paşinyanın istinad etdiyi MDB-nin yaranması haqqında həmin sazişdə deyilir ki, tərəflər mübahisəli məsələləri beynəlxalq hüququn normaları və prinsipləri əsasında tənzimləyirlər.

Azərbaycan da Ermənistana məhz bunu təklif edir. Həm də praktiki addımlar atmaqla – Sərhədlərin delimitasiyası üçün Komissiya yaradılıb və qarşı tərəflə müzakirələrə hazır olduğumuz bildirilib.

Göründüyü kimi, Ermənistanın baş nazirinin çıxışı birtərəfli və qərəzlidir, beynəlxalq ictimaiyyəti çaşdırmaq, həqiqəti təhrif etmək məqsədi daşıyır. Paşinyan delimitasiyası üçün heç bir addım atmadığı Ermənistan-Azərbaycan sərhədinin haradan keçdiyini necə əsaslandıra bilər?

Makronun açıqlamalarında da yeni, ən mühümü erməni ictimaiyyətini ümidləndirəcək heç nə yox idi. Makron hətta 28 il ərzində dəfələrlə eşitməkdən əzbərlədiyimiz ümumi sözləri təkrarladı: “Fransa Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasına və danışıqların bərpasına çağırır.”, “Paris əmindir ki, güc tətbiqi hər iki tərəf üçün problemin həlli ola bilməz və dialoq təxirə salınmadan bərpa edilməlidir”, “Fransa Cənubi Qafqazın sabit, etibarlı və firavan regiona çevrilməsi üçün hər şeyi edəcək.”

Fransalı həmkarı ilə görüşdə Nikol Paşinyan növbəti dəfə BMT Təhlükəsizlik Şurasının Ermənistan sərhədindəki vəziyyəti diqqət mərkəzində saxlamalı olduğunu da bildirdi. Yəqin erməni baş nazir məsələnin son günlər iki dəfə BMT Təhlükəsizlik Şurasında müzakirə edildiyini və nəticə olaraq ABŞ, Britaniya, Rusiya və hətta Fransanın iki ölkə arasında sərhədin delimitasiyanı dəstəklədiyini unudub. Bu nəticələr dünya ictimaiyyətinin də daha Ermənistanın yalanlarına və “timsah göz yaşlarına” inanmadığını, problemin həllinin yalnız Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmasından, sərhədlərin delimitasiyası və demarkasiyasından və kommunikasiyaların açılmasından asılı olduğunu qəbul etdiyini göstərir. Əks halda Azərbaycan əsgərinə heç kim heç bir əsasla “dayan” deyə bilməyəcək və düşmən ölkənin paytaxtı İrəvandakı Yerablur hərbi panteonu daha çox yeni “sakin”inə qovuşmalı olacaq...