Mahir Rəsuloğlu |
Fransız polisinin erməni vandallığına “fransız” qalması dolayısı ilə ASALA-ya xidmətdir
Doğrudanmı, fransızlar üçün erməni sevgisi beynəlxalq hüququn aliliyindən daha əhəmiyyətlidir?
Ermənilərin Azərbaycanın Livanda və Fransadakı səfirliklərinə hücum cəhdləri digər ölkələrdəki diplomatlarımıza qarşı da potensial hücum risklərinin yarandığını göstərir. Bəlli olduğu kimi, terrorizmin bütün növləri dövlət siyasətinin mühüm bir hissəsini təşkil edən Ermənistan bu gün dünyada 10-dan artıq terror təşkilatına malikdir. Bu təşkilatlar açıq şəkildə yerli hökumət, xaricdəki erməni lobbisi tərəfindən dəstəklənir və maliyyələşir. Bəziləri dünyanın fərqli ölkələrində yerləşsələr də bütün erməni terror təşkilatları hər cür cinayətlərlə məşğul olmaqla hələ də “böyük Ermənistan” xülyasının reallaşdırılması naminə fəaliyyət göstərməkdədirlər. 1991-ci ildə Fransada yaradılmış “Erməni azadlıq hərəkatı” (AOD), mənzil-qərargahı Dəməşqdə yerləşən, mindən artıq təlim görmüş döyüşçüyə malik “Erməni gizli azadlıq ordusu” (ASOA), yenə də Fransada 1981-ci ildə yaradılmış və dünyanın müxtəlif hava limanlarında 10-dan cox terror aktı həyata keçirmiş “Orli qrupu”, 1972-ci ildə Vyanada Daşnaksütyun partiyasının qurultayı zamanı yaradılmış “Erməni soyqırımı ədalət komandosları”, 1988-ci ildən Moskvada fəaliyyət göstərən “Erməni birliyi”, “Geqan”, “Erməni azadlıq cəbhəsi”, “Apostol” və digər təşkilatları birləşdirən ən mühüm məqam isə onların hər birinin ideologiyasında Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyin, açıq təhdidlərin yer almasıdır. Ermənilərin düşmən ölkədə və dünyanın müxtəlif yerlərində fəaliyyətdə olan terror təşkilatlarının “mənəvi rəhbəri” isə sözsüz “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” – ASALA-dır. 1975-ci ildə yaradılmış, müxtəlif qolları mövcud olan ASALA, eyni zamanda, digər erməni terror təşkilatları, xüsusilə radikal millətçi “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlıq edir, onlara müxtəlif istiqamətlərdə köməklik göstərir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı və İkinci Qarabağ müharibəsində erməni terror təşkilatları, xüsusilə də ASALA həm birbaşa döyüş əməliyyatlarında, həm də xaricdən muzdlu terrorçuların cəlb edilməsində yaxından iştirak ediblər.
ASALA-nın rəhbərlik etdiyi beynəlxalq erməni terror şəbəkəsinin qara tarixində toxunulmazlıq hüququna malik diplomatlara (əsasən Türkiyə Cümhuriyyətinin Qərb ölkələrindəki səfirlərinə və diplomataik korpus nümayəndələrinə) qarşı törədilmiş cinayətlər xüsusi yer tutur. Sentyabrın 16-18-də Beyrutdakı və Parisdəki hadisələr də məhz ASALA-nın “əl işi”nə bənzəyir.
Xatırladaq ki, Livanın paytaxtında min nəfərədək erməni təxribat törətməyə çalışaraq bu ölkədəki səfirliyimizin binasına hücum etmək istəyiblər. Lakin polis cəhdin qarşısını alıb və nəticədə asayiş keşikçiləri ilə terrorçular arasında toqquşma baş verib. Beyrutun hüquq-mühafizə sisteminin əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə etməli olublar. Əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Daşnaksütyun partiyası isə qeyd etdiyimiz kimi, ASALA ilə sıx əməkdaşlıq edir.
Bu hadisədən ardınca isə erməni vandalları Fransada Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Ancaq bu hadisə zamanı Paris polisinin səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməməsi və yaxud etməyi lazım bilməməsindən istifadə edən təxribatçılar əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıb, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub. Təəssüf ki, həm də bu hücum ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin erməni icmasının radikal nümayəndələrinin hücumuna məruz qaldığı ilk hal deyil.
Haqlı olaraq Azərbaycanın hadisəyə rəsmi münasibəti kifayət qədər kəskin olub. Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və bir gün öncə Parisdəki Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib. Görüşdə hücumun nümayişkaranə şəkildə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.
Təqdim olunmuş etiraz notasına Fransa Xarici İşlər Nazirliyinin cavabında qeyd edilib ki, Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik: “Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb.”
Fransa XİN-in cavabı məşhur “üzrü günahından betər” Azərbaycan zərb-məsəlini xatırladır. Maraqlıdır, axı “Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insident” məhz Fransa polisinin gözləri qarşısında baş verib, niyə vaxtında və təsirli tədbirlər görülməyib? Axı diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq rəsmi Paris diplomatik nümayəndəliyimizin təhlükəsizliyinə birbaşa məsuliyyət daşıyır. Doğrudanmı, fransızlar üçün erməni sevgisi beynəlxalq hüququn aliliyindən daha əhəmiyyətlidir? Və ən nəhayət, bu ölkənin rəsmiləri baş verənlərin təkrarlanmayacağına, cəzasılıqdan bir az da ruhlanan və azğınlaşan radikal erməni qruplarının daha ağır cinayətlər törətməyə cəhd etməyəcəyinə zəmanət verirlərmi?
ASALA-nın siyasi terror təhlükəsinin aktuallaşması ilə Azərbaycan da müəyyən addımlar atmalı olub. XİN-dən bildirilib ki, Azərbaycan səfirliklərinin ermənilər tərəfindən hücuma məruz qaldığı ölkələrə müvafiq ismarıclar göndərilib və məsələnin ciddi narahatlıq doğurduğu qeyd edilib.
Bir ölkənin öz ərazisindəki başqa bir ölkənin səfirliyinin təhlükəsizliyini təmin edə bilməməsi hər şeydən öncə həmin dövlətin, onun hüquq-mühafizə orqanlarının adına bir ləkədir. Hansısa diplomatik korpusun yerləşdiyi ərazini mühafizə edə bilməyən, bir ovuc terrorçunun vandallığına mane olmağı bacarmayan və ya istəməyən istənilən dövlət üçün bu, ən azından utancverici bir haldır. Necə deyərlər, təhlükəsizliyi təmin edə bilməmək bir cür, qəsdən etməmək başqa cür. Ancaq hər bir halda heç inandırıcı deyil ki, dünyanın ən inkişaf etmiş ölkələrindən olan Fransanın hüquq-mühafizə orqanları terror təhlükəsinə qarşı Beyrut polisi qədər peşəkar fəaliyyət göstərmək potensialında və gücündə olmasın. Deməli, ermənilərin bu azğınlıqlarının bir səbəbi də onların əməllərinə 30 il ərzində olduğu kimi, yenə də lazımi hüquqi qiymətin verilməməsi, törətdikləri cinayətin cəzasız qalmasıdır. Hadisələrə fransız polisinin “fransız” qalması isə çox və daha ciddi mətləblərdən xəbər verir. Olsun, Azərbaycan tarixi ədaləti özü bərpa etməyi yaxşı bacarır...