KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənistan dilemma qarşısında...

17 sentyabr 2022 00:57
1402

“Qətiyyətli cavab” əməliyyatı göstərdi ki, 44 günlük Vətən müharibəsindən ötən müddətdə Azərbaycanın hərbi qüdrəti və siyasi nüfuzu daha da artıb, ölkəmiz Cənubi Qafqazın şəriksiz lideridir!

Ermənilərin sentyabrın 12-də və 13-də dövlət sərhədimizin müxtəlif istqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısını almaq üçün müzəffər ordumuz tərəfindən həyata keçirilən zəruri “Qətiyyətli cavab” əməliyyatı hərb tariximizə yazılmış daha bir şanlı səhifə oldu. Bu əməliyyat Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etməklə yanaşı, göstərdi ki, 44 günlük Vətən müharibəsindən ötən müddətdə Azərbaycanın hərbi qüdrəti və siyasi nüfuzu daha da artıb, ölkəmiz Cənubi Qafqazın şəriksiz lideridir.

Əvvəlcə hərbi əməliyyatın detalları və nəticləri haqqında. “Qətiyyətli cavab” ordu quruculuğu sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinin öz döyüş qabiliyyətini daha da artırdığını, əsgər və zabitlərimizin istənilən döyüş tapşırığını həyata keçirməyə hazır və qadir olduğunu sübut etdi. Xüsusilə ordumuzun qüdrətli “vuran əl”inə çevrilən Komando birlikləri və xüsusi təyinatlı qüvvələrimiz əməliyyat zamanı özlərini ən yaxşı tərəfdən göstərdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri ordumuzun qaşısında birmənalı olaraq aciz və çarəsiz qalmışdılar. Döyüşlərin nəticələri də çox şeydən xəbər verir: Əks-hücum əməliyyatı nəticəsində ümumilikdə qarşı tərəfin 53 döyüş və 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəklik nəzarətə götürülüb. Ermənistan silahlı qüvvələrinə məxsus, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı məhv edilib, qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb. Həmçinin Ermənistan ordusuna məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək top və haubitsa, 10-dan çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Üstəlik Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus biri sursatla dolu olmaqla 3 ədəd KamAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobilləri, 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Məhv edilən və yaralanan düşmən hərbçilərinin sayına gəlincə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində birinci dəfə 49, sentyabrın 16-da isə 135 hərbçinin öldüyünü etiraf edib. Paşinyan bunun da yekun rəqəm olmadığını deyib və bildirib ki, çoxlu sayda yaralı var. Ancaq məhv edilmiş düşmən postlarını, hərbi texnikalarını və daimi dislokasiya nöqtələrini nəzərə alan hərbi ekspertlərin qənaətincə, ordumuzun əks-hücum əməliyyatı zamanı düşmən ölkə 400 nəfərdən də artıq itki verib.

Beləliklə, “Qətiyyətli cavab” bir daha Azərbaycanın aşkar hərbi üstünlüyünü və Ermənistan silahlı qüvvələrinin ordumuzun qarşısında dayanmaq iqtidarında olmadığını təsdiq etmiş oldu. 

Əks-hücum əməliyyatının siyasi nəticələri də qeyd-şərtsiz Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bu da səbəbsiz deyil. Belə ki, xüsusilə son illər müxtəlif dünya dövlətləri ilə inkişaf etdirilən qarşılıqlı əlaqələr, ölkəmizin Qoşulmama Hərakatındakı uğurlu sədrliyi, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün nüfuzlu elmi-siyasi platformalar, humanitar təşəbbüslər irəli sürməsi və bu kimi tədbirlərə ev sahibliyi etməsi, regional və beynəlxalq layihələrdə iştirakı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli bərpa-quruculuq işlərinin miqyası Azərbaycanı siyasi arenada nüfuzlu söz sahibinə çevirib. Məhz bunun nəticəsidir ki, Ermənistan son hadisələrdən sonra üz tutduğu heç bir beynəlxalq qurumda, hətta çox güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) belə ölkəmizin əleyhinə hər hansı sənədin qəbuluna nail ola bilmədi. Düşmən ölkənin rəsmi müraciətinə rəğmən KTMT-yə üzv dövlətlərin rəsmiləri açıq şəkildə bölgəyə sülməramlı missiya göndərməyəcəklərini bildirdilər.

Bundan başqa, Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar BMT Təhlükəsizlik Şurasında iki dəfə müzakirəyə çıxarılsa da nəticə olaraq gərginliyin azaldılması üçün çağırış edildi, ən əsası isə iki ölkə arasında sərhədin delimitasiyası prosesinin vacibliyi önə sürüldü. Məlum olduğu kimi, Azərbaycan regionda dayanıqlı sülhə nail olunmasında, kommunikasiyaların açılmasında, sülh müqaviləsinin imzalanmasında və sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsində maraqlıdır. Elə erməni təxribatlarının da əsas məqsədi bu proseslərə yönəlmişdi. Deməli, BMT Təhlükəsizlik Şurasının baş verənlərə münasibəti Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

İndi Ermənistanın dövlət kimi mövcudluğu dilemma qarşısındadır və xilas üçün yeganə yolu var – Azərbaycanın sülh çağırışlarını dəyərləndirərək düşmənçiliyə son qoymaq, yekun sənədləri imzalamaq. Əks halda, “Dəmir yumruq”, “Qisas” və “Qətiyyətli cavab”ın davamı da gələcək. Özü də daha kəskini, Ermənistan üçün daha təhlükəlisi!..