KÖŞƏ

Mahir Rəsuloğlu

Fransızsayağı “dostlaşma”..

31 avqust 2022 02:15
1261

Künc zərbəsi

Səni sevməyən Əlcəzair xalqını sevdinmi, müsyö Makron, qaz verəcəklərmi?

ABŞ səfiri kimi, Fransanın ölkəmizdəki diplomatik korpusunun rəhbəri Zakari Qros da dəvət olunduğu halda heç bir əsaslı səbəb olmadan avqustun 27-də Şuşada 160-dan çox nümayəndənin iştirakı ilə keçirilmiş konfransda iştirak etmədi. Özü də təcrübəli fransalı diplomat bu addımın ərazi bütövlüyümüzə, bununla da xalqımıza və dövlətimizə qarşı hörmətsizlik kimi qəbul ediləcəyini bilməmiş deyildi. Üstəlik, bu hal təkrarlanırdı və cənab Qros Azərbaycan hökumətinin dəvəti ilə bu il iyulun 9-10-da Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında da deyildi. Səbəb? Səbəb yoxdur əslində. Ancaq niyəsi kifayət qədər aydındır. Biz 30 ilə yaxın erməni işğalından əziyyət çəkmiş Azərbaycan xalqı olaraq Fransanın artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədri kimi fəaliyyətsizliyini və tərəfliliyini də, Vətən müharibəsi zamanı ermənipərəst mövqe nümayiş etdirməsini də unutmamışıq. Müharibənin ilk günlərindən Fransa açıq şəkildə Ermənistanı bütün beynəlxalq təşkilatlarda və platformalarda dəstəklədi, vasitəçidən tərəfə çevrildi, hətta Senatı vasitəsilə Qarabağdakı terrorçu xuntanın “tanınması” barədə qərar qəbul etdi. Niyəsi artıq tək bizə yox, hər kəsə aydındır. Amerikalı analitik İrina Tsukermanın təbirincə desək, “Fransa səfiri üçün Şuşadakı tədbirdə iştirak etməmək göstərişi çox güman ki, erməni diasporunun mühüm rolu və onun lobbiyə yaxınlığı ilə bağlıdır”.

Təbii ki, Zakari Qros özbaşına deyil və ona bu göstəriş həmin vaxt Əlcəzairdə öz qaranlıq və qanlı tarixləri ilə üzləşməyə məcbur qalmış Makron administrasiyasından verilmişdi. Yeri gəlmişkən, təxminən xarici ölkə diplomatlarının Şuşada olduğu vaxt birmənalı qəbul edilməyən Əlcəzairdə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron əlcəzairlilər tərəfindən nəinki elə də yaxşı qarşılanmadı, hətta təhqir edildi. Belə ki, bu ölkənin əyalət şəhəri Oranda olarkən Makron daha səmimi təsir bağışlamaq üçün yerli kafelərdən birinə baş çəkib. Lakin burada əvvəlcə normal görünən vəziyyət tezliklə dəyişib və yerli əhali Fransa Prezidentinin ünvanına kəskin, hətta onu təhqir edən ifadələr işlədib, bu ölkənin Əlcəzairə qarşı siyasətini pisləyib.

 2021-ci ilin mart ayında Yelisey Sarayı yarım əsrdən çox yaşı olan dövlət arxivlərinin məxfilikdən çıxarılması qərarını elan edib. Bu, Əlcəzairdəki müharibə dövrünə aid sənədlərə də aiddir. Həmin ilin sentyabr ayında E.Makron bəyan etmişdi ki, hakimiyyət 1954-1962-ci illərdə Fransanın tərəfində Əlcəzairdə yerli sakinlərə qarşı döyüşmüş Harki milisləri ilə bağlı “tanınması və təzminatı” haqqında qanun hazırlayır. Makron, həmçinin 1961-ci il oktyabrın 17-də əlcəzairli nümayişçilərə qarşı polis əməliyyatının qurbanlarını da yad etmişdi. Ancaq görünür, əlcazirlilər haqlı olaraq Makronun birinci dəfə prezident seçilməmişdən əvvəl çıxışlarının birində “Əlcəzair milləti Fransanın müstəmləkəçiliyindən əvvəl mövcud idimi? Sual budur” kimi heç bir etikaya sığmayan və bütöv bir milləti aşağılayan ifadəsini unutmayıblar.

Əlcəzair xalqı ölkələrində fransızlar tərəfindən törədilmiş qırğınları da yaddan çıxarmayıb. Xatırladaq ki, Fransa 1830-cu ildə bu ölkənin yerləşdiyi ərazini işğal edib. 1962-ci ildə Əlcəzair müstəqilliyini əldə edənə qədər Fransa yerli xalqı fransızlaşdırmaq üçün assimilyasiyaya məruz qoyub. Məqsəd bəlli idi - fransız Əlcəzairi yaratmaq. Bunun üçün 19-cu əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə yerləşdirildi və onlara böyük imtiyazlar verildi.

I Dünya müharibəsindən sonra Əlcəzairdə fransız işğalına qarşı milli mücadilə formalaşdı. Bu mübarizənin öndəri Şeyx Abdullah Mən Badis idi. Onun “İslam mənim dinim, ərəb dili dilim, Əlcəzair vətənimdir” sözləri həmin mübarizənin şüarına çevrildi. Gözlənildiyi kimi, şeyxə qarşı Fransanın reaksiyası sərt oldu və o, həbs edildi. Beləcə istiqlal savaşının yatırılmasına cəhd göstərildi. Repressiyaların ardından II Dünya müharibəsinin başlaması da mövcud istiqamətdəki fəaliyyətə təsirsiz ötüşmədi. Həmin dövrdə Fransa əlcəzairlilərin tərəfdaşlığı qarşılığında onlara azadlıq vədi verdi. Lakin müharibə sona çatdıqlan sonra həm qələbəni qeyd etmək, həm də azadlıqlarına qovuşmaq üçün bayraqlarla Setif şəhərində böyük nümayişə çıxan Əlcazir xalqı fransızların qəddarlığı sayəsində insanlıq tarixinin ən faciəvi günlərindən birini yaşadı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum çəkdi, cəmi bir neçə günə 45 min günahsız insan həyatını itirdi...

Qırğınlar fonunda Əlcəzairdə yaranmış Qurtuluş Təşkilatı mübarizə səhnəsinə çıxdı və beləcə ölkədə 1954-cü il oktyabrın 31-də yadelli təcavüzə qarşı böyük qiyam başlandı. Fransa ölkəyə 500 min əsgər göndərməklə qiyama həbslər və hərbi güclə cavab verdi. Yerliləri qorxutmaq məqsədilə ələ keçirilən müqavimətçilərə ağır işgəncələr verildi, minlərlə insan mühakiməsiz edam olundu. Ancaq bütün bunlar xalqın əzmini sarsıtmadı, əksinə mücadilə daha da gücləndi. Üstəlik ölkədən kənarda Əlcəzair Respublikasının müvəqqəti hökuməti quruldu. Əlcəzairlilərin müqaviməti qarşısında davam gətirməyən Fransa bu xalqın müstəqillik yolundan çəkilərək referendum keçirilməsinə razılıq verdi. Ancaq təəssüf ki, 8 ilin istiqlal mücadiləsi bir milyon əlcəzairlinin həyatı bahasına başa gəldi.

İndi keçmiş müstəmləkəsi ilə münasibətləri düzəltməyə çalışan Emmanuel Makronun Əlcəzair səfərinin sırf fransızsayağı “dostlaşma” olduğu da diqqətlərdən yayınmır. Açıq görünür ki, Fransa Prezidentini Cənubi Afrika ölkəsinə aparan yalnız “xoş niyyəti” deyil, həm də Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropada qiyməti rekordlar qıran təbii qaz iştahasıdır. Məhz buna görə səfər zamanı tərəflər arasında əsas müzakirə mövzusu Afrikanın ən böyük qaz ixracatçısı olan Əlcəzairin Avropaya “mavi yanacaq” nəqlini artırması olub. Makron əlcəzairli həmkarı Abdel Məcid Tebbundan qaz hasilatını artırmağı xahiş edib...

Görəsən, hansı üzlə? Və görəsən, müsyö Makron, bütün onun kimi düşünən, davranan müsyölər və madamlar bu gün beynəlxalq qanunvericiliyin, haqqın və ədalətin yanında dayanmaq əvəzinə bir ovuc erməninin lobbiçiliyinin təsirilə Azərbaycana qarşı etdiklərinə görə də nə vaxtsa öz utancverici tarixləri ilə üzləşmələri olacaqlarını bilirləmi?