Mahir Rəsuloğlu |
Ermənilər ərazilərimizi tərk edərkən də yanğınlar törədir, hər vasitə ilə ziyan vurmağa çalışırlar
Müzəffər ordumuzun Qarabağ iqtisadi rayonu ərazisindəki erməni terrorçu dəstələrin təxribatlarına tutarlı cavab olaraq keçirdiyi uğurlu “Qisas” əməliyyatı və çox mühüm əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi öz effektli nəticəsini çox gözlətmədi. Azərbaycanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrası ilə bağlı təkidli tələblərindən sonra konkret addımların atılmağa başlandığı bildirilir və bir neçə gündür ki, sosial şəbəkələrin erməni seqmentində Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə məxsus hərbi texnikaların, əsasən də artilleriya qurğularının Ermənistana aparılması ilə bağlı görüntülər yayımlanır. Görüntülərdə torpaqlarımızı tərk edən erməni hərbi kolonunu Qarabağın müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin müşayiət etdiyi görünür.
Xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyul ayında bu ölkəyə məxsus silahlı birləşmələrin bölmələrinin Azərbaycan ərazisindən çıxarılmağa başladığını bəyan etmiş, prosesin avqustun sonuna kimi yekunlaşacağını bildirmişdi. Lakin bu bəyanatdan çox keçməmiş bir əsgərimizin şəhid olması ilə nəticələnən növbəti erməni təxribatı baş verdi və silahlı qüvvələrimiz cavab tədbirləri görmək məcburiyyətində qaldı.
Bu gün isə artıq Ermənistan ordusuna məxsus qüvvələrin və hərbi texnikanın torpaqlarımızı tərk etmələrinin təxirə salınması və ya ləngidilməsinin mümkün olmadığını düşmən də yaxşı anlayır. Ancaq müşahidələr onu da göstərir ki, ermənilər getdikləri məqamda da tərk etdikləri ərazilərə ziyan vurmağa, dağıtmağa, yandırmağa, ekoloji terror törətməyə cəhd göstərirlər. Xocalıda və Laçında qəsdən törədilən meşə yanğınları düşmənlərin nə qədər vəhşi xislətli olduqlarını növbəti dəfə təsdiq edir.
Laçın dəhlizinə alternativ yolun çəkilişinin yekunlaşması səbəbindən Laçın şəhəri, həmçinin Zabux və Sus kəndlərindəki ermənilərin qanunsuz məskunlaşdıqları evləri boşaldarkən də eyni vəziyyət yaşanır. Bütün xəbərdarlıqlara, evləri yandırmayanlara konpensasiya ödəniləcəyi barədə vədlərə baxmayaraq vaxtilə Ermənistan hökumətinin beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq Suriyadan, Livandan gətirərək torpaqlarımızda məskunlaşdırdıqları bu vəhşilər 30 il əvvəl kəndlərimizi, şəhərlərimizi işğal edəndə olduğu kimi, yenə də hər yeri söküb-talayır, evlərə, meşələrə od vururlar!
Ən pisi isə odur ki, bu qeyri-insani davranışlara erməni ictimaiyyəti tərəfindən heç bir qınaq yoxdur. Əksinə. Bəzi erməni KİV-i bu kimi halları məqsədli şəkildə təbliğ edir, törədilən cinayətləri insanlara “vətənpərvərlik nümunəsi” kimi sırımağa çalışırlar. Məhz bu təbliğatın davamı olaraq, evi yandırdığı üçün konpensasiyadan mərhum olan şəxsə ev almaq üçün pul toplamağa başlanıldığı bəyan edilir...
Aram İsakyan, özü də etiraf etdiyi kimi, Azərbaycana 28 il əvvəl gəlib və ata-baba yurdundan didərgin düşmüş azərbaycanlıların Zabuxdakı dağıdılmış, yandırılmış evlərinin xarabalıqları üzərində tukilmiş evdə yaşamağa başlayıb. Bir neçə gün öncə torpaqlarımızdan rədd olub gedəcəyi dəqiqləşəndə isə qanunsuz məskunlaşdığı evə od vurub. Mətbuata açıqlamasında A.İsakyan bildirib ki, heç bir təzminat bu torpaqların yerini verə bilməz: “Deyirlər ki, yandırmayana təzminat verəcəklər. lazım deyil. Mənim uşağım burada yaşamaqdan həzz almayacaqsa, türkə (azərbaycanlı) də qalmamalıdır.”
Həmin bu Aram İsakyana mənzil almaq üçün İrəvanda bank hesabı açılıb, pul yığılmasına başlanılıb. Və İsakyana olan bu münasibətdən ruhlanan başqa bir erməni də “mənə o təzminat lazım deyil, müqəddəsliyim lazımdır” deyərək evini yandırıb: “Hər kəsə dedim ki, lap on milyon təzminat versinlər, mənə lazım deyil. mənim müqəddəsliyim lazımdır, mənim arvadım bu evdə yatıb, mən də, balamda. Qoy türk (azərbaycanlı) yatmasın. Türk yanmış evi haram sayar, girməz deyirlər. Mən də yandırdım ki, türk ocağıma girməsin.”
Bax bu qədər xəstə düşüncəli, müqəddəsliyi başqasının torpağına, evinə sahiblənməkdə, oğurladıqları, zəbt etdikləri əlindən getdiyi dəqiqləşəndə isə yandırmaqda görən, ağacları kəsən, meşələrə od vuran namərd, şərəfsiz düşmənimiz var! Bu bicbalaların törətdiklərinə rəğmən torpaqlarımızdan gəldikləri kimi də rədd olmaları təsəllimizdir. Mayakovskinin təbirincə, rədd olsun cəhənnəmə, dalınca bir qara daş!