KÖŞƏ

Mahir Rəsuloğlu

Parlamentlərarası münasibətlərə töhfə

02 iyul 2022 01:37
4697

Bakı konfransı Qoşulmama Hərəkatının fəaliyyətində yeni mərhələnin başlanğıcıdır

İyunun 30-da Heydər Əliyev Mərkəzində işə başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyətini və üzv dövlətlər arasında artan nüfuzunu bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, ölkəmizin rəhbərliyi dövründə bu təşkilatın qlobal problemlərlə mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Parlament Şəbəkəsinin məhz Bakı konfransında yaradılması da Azərbaycanın Hərəkata sədrliyi müddətinin uzadılmasının ciddi əsaslara bağlı olduğunu göstərdi. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, nümayəndə heyətlərinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması Bakı konfransının əhəmiyyətinə bir daha diqqət çəkir.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilmiş Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Ölkəmiz BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Hərəkata 2011-ci ildə tamhüquqlu üzv qəbul olunub. Bundan cəmi altı il sonra üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə Hərəkata sədrliyin Azərbaycana həvalə edilməsi,  daha sonra müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə yekdil qərarlar qəbul edilib. Bu, üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Bakı konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq Hərəkatın sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynadığını qiqqətə çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, bu tədbiri Hərəkatın tarixində vacib bir tədbirə çevirən həm də Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasıdır.

Faktdır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan parlament şəbəkəsi bundan sonra üzv dövlətlərin qanunverici orqanları arasında həmrəyliyin və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım rolunu oynayacaq. Yeri gəlmişkən, parlament şəbəkəsi ölkəmiz tərəfindən irəli sürülən və böyük dəstək qazanan yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs isə gənclər şəbəkəsinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında növbəti təklifin də üzv dövlətlər tərəfindən dəstəkləndiyini və növbəti ay paytaxtımızda başqa önəmli bir tədbirin – Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçiriləcəyini, eyni zamanda daha bir təşəbbüsün reallaşmaq ərəfəsində olduğunu bildirdi: “Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.”

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı  və tədbirdə dövlət başçımızın çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq miqyasda artan nüfuzu sayəsində qlobal problemlərin aradan qaldırılmasına töhfə verən ölkəyə çevrilmişdir. Bakı konfransı, eyni zamanda, Hərəkatın fəaliyyətində də yeni mərhələnin başlanğıcına çevrildi və ölkəmiz bundan sonra da Hərəkatın sədri kimi dövlətlərarası münasibətlərdə ədalətin, beynəlxalq hüququn müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək.