Mahir Rəsuloğlu |
Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyində hansı düzəlişlər edib?
Avropa Şurasının Venesiya Komissiyası tərəfindən iyunun 20-də qurumun öz rəsmi veb-saytında yerləşdirilmiş “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəy tam qərəzsizlik nümunəsi olmasa da ilkin versiya ilə müqayisədə daha obyektiv hazırlanıb. Bu fikri Azərbaycanın Medianın İnkişafı Agentliyi və Audiovizual Şurası tərəfindən Venesiya Komissiyasına təqdim edilmiş rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqelərində göstərilən arqumentlərin bir qisminin bu və ya digər formada yekun rəydə öz əksini tapması da sübut edir. Hər iki qurumun yekun rəylə bağlı rəsmi münasibətlərində qeyd edilir ki, Venesiya Komissiyasının öz rəyində Qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, həmçinin MEDİA Agentliyinin və Audiovizual Şuranın mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir. Bu, eyni zamanda, beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir.
Qeyd edək ki, ilkin rəydə qeyd olunan bəzi məsələlərlə bağlı MEDİA Agentliyinin mövqeyi iyunun 13-də yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmişdi və bu müraciət bir sıra məqamlarda dəyişikliklərə əsas verdi. Məsələn, Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı çox önəmli bir nüansın diqqətdən qaçırıldığı, reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqinin müzakirə mövzusu olmadığı bildirilmişdi. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin dairəsi izah edildikdən sonra Venesiya Komissiyası bu məsələ ilə bağlı MEDİA-nın yanaşmasını qəbul edib.
Yaxud yazılı müraciət nəticəsində Qanunun 15.1.3-cü və 15.1.4-cü maddələrinin hər hansı cinayət hadisəsinə dair bütün məlumatları deyil, yalnız və yalnız ibtidai araşdırma məlumatlarını nəzərdə tutduğunun ətraflı şəkildə izah olunması nəticəsində Venesiya Komissiyasının bu maddələrlə bağlı yanaşması daha adekvat şəkildə ifadə edilib.
Təbii ki, rəydə obyektivlikdən kənar müəyyən bəndlər də mövcuddur. Hər şeydən öncə, qanun layihəsinin heç də rəydə qeyd olunduğu kimi “seçilmiş qruplarla” yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunduğunu qeyd etmək lazımdır. Üstəlik, keçmiş müvafiq qanundan fərqli olaraq “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlmişdir.
Yaxud rəydə “zorakılıq” elementi olmadığı təqdirdə dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş çağırışların dəstəklənməsi təkcə ölkəmizdə aidiyyəti qurumlar deyil, bütün media mənsubları və vətəndaşlarımız tərəfindən də heç bir halda qəbul edilə bilməz. MEDİA Agentliyinin rəsmi münasibətində qeyd edilən kimi, uzun illər işğalçı siyasətin və terrorun qurbanı olan, ərazi bütövlüyü pozulmuş bir ölkəyə qarşı belə yanaşma hüququn aliliyi, jurnalist peşəkarlığı və xalqımızın milli maraqları ilə bir araya sığmır.
Daha bir məsələ. Rəydə əksini tapan fikirlərdən biri odur ki, tənzimləyici qurum dövlət büdcəsindən yox lisenziya rüsumlarından əldə edilən gəlirlərdən maliyyələşməlidir. Belə hal bir sıra Avropa dövlətlərində mövcuddur və normaldır. Çünki həmin ölkələrdə lisenziyalar ortalama olaraq 4-6 il müddətinə verilir və lisenziya rüsumları da kifayət qədər yüksəkdir – təxminən 10 minlə 100 min avro arası. Azərbaycanda isə məlum olduğu kimi, lisenziyalar müddətsiz verilir. Dövlət rüsumunun da çox az, hətta bəzi hallarda, xüsusən audiovizual media üzrə lisenziyaların alınması üçün “Dövlət rüsumu haqqında” Qanuna edilmiş son dəyişikliklərdən sonra simvolik rəqəmlərlə ifadə olunduğunu nəzərə alsaq, tənzimləyici qurumun dövlət büdcəsindən yox, lisenziya rüsumlarından əldə edilən gəlirlərdən maliyyələşməsinin mümkün olmadığını görərik.
Rəydə Audiovizual Şuranın media subyektlərinə verilmiş lisenziyalara xitam verməklə bağlı böyük səlahiyyətə malik olması haqqında iddialara gəlincə, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da audiovizual media subyektlərinə qarşı bir sıra sanksiyaların tətbiq olunması mümkündür və bu məsələ bir sıra qanunlarla tənzimlənir.
Qeyd etdiyimiz kimi, Venesiya Komissiyasının rəyi tam qərəzsizlik nümunəsi deyil və bəzi yanaşmalar ciddi müzakirə mövzusuna çevrilə bilər, lakin ilkin versiya ilə müqayisədə daha obyektiv hazırlanıb. Təəssüf ki, bəzi media subyektlərinin Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq təqdim etməsi isə ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və Azərbaycanda həyata keçirilən media islahatlarına qərəzli münasibətin nəticəsidir.
Xatırladaq ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu 2022-ci il fevralın 8-dən qüvvəyə minib və 4 aydan artıqdır ki, tətbiq olunur. Bu müddət ərzində Qanunun hər hansı məhdudiyyətlərə yol açması ilə bağlı heç bir fakt mövcud deyil, hətta heç bir belə iddia irəli sürülməyib. Əksinə, jurnalistlər öz fəaliyyətlərində Qanunun müdafiə mexanizmlərinə, onlara qarşı təqib və təzyiqi, peşəkar fəaliyyətinə müdaxiləni qadağan edən, müəlliflik hüquqlarının qorunmasını nəzərdə tutan və s. maddələrə dəfələrlə istinad ediblər. Deməli, problem yeni Qanunda, hətta onun haqqında hazırlanmış rəydə də yox, həmin rəydən tamamilə başqa məqsədlər üçün istifadə etmək istəyənlərin məsələyə yanaşmasındadır. O kəslərdə ki, hər yerdə və hər şeydə öz Vətənlərinə qara yaxmaq üçün nəsə tapmağa çalışırlar.