Mahir Rəsuloğlu |
Milli birlik və həmrəyliyimizə xələl gətirmək istəyən məkrli qüvvələr layiqli cavablarını alacaqlar...
44 günlük İkinci Qarabağ müharibəsi bütün dünyaya göstərdi ki, müqəddəs Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı naminə milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər kəs Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşməyi bacarır. Şanlı Qələbəmizi şərtləndirən, düşmənlərimizi pərən-pərən salan, onların havadarlarının planlarını alt-üst edən də məhz bu həmrəyliyimiz, azərbaycançılıq məfkurəsinə sevgimiz oldu. Qəhrəman Azərbaycan əsgəri Vətən müharibəsi dövründə heç bir etnik, dini və məzhəb fərqinə məhəl qoymadan möhtəşəm birlik nümayiş etdirdi, çiyin-çiyinə döyüşərək misilsiz qəhrəmanlıqlar göstərdi və doğma Qarabağımızı otuz illik düşmən işğalından xilas etdi. Nur üzlü şəhidlərimizi haqq yolçuluğuna milli, dini, məzhəb mənsubiyyətindən asılı olmayaraq, bütün din xadimləri birlikdə uğurladılar...
Bu gün hər kəs yaxşı bilir ki, Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi dövlətdir. Ölkəmizdə bütün dinlər bərabər hüquqlara malik olduğu kimi, müxtəlif inanclı insanların da ibadətgahları dövlətin maddi dəstək və yardımı ilə fəaliyyət göstərir, onlar azad və sərbəst şəkildə öz ibadətlərini edə bilirlər. Hazırda ölkəmizdə iki mindən artıq məscidin, onlarla kilsə, sinaqoq və digər dini ibadətgahların mövcudluğu din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının, milli və dini tolerantlığın dövlət tərəfindən dəstəklənməsinin, həmçinin, etnik-dini müxtəlifliyin milli sərvətimiz kimi dəyərləndirilməsinin ən bariz nümunəsidir. Eyni zamanda, bütün ölkə boyunca, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən və yenidən qurulan dini-mənəvi abidələrimiz, bütün dinlərə məxsus ibadətgah məkanları bu sahəyə dövlətin ali diqqətinin təzahürüdür. Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdəki multikultural birgəyaşayış təcrübəsi dünyada nümunəvi model olaraq təqdir olunur.
Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı uğurlara azərbaycançılıq məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlər və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur.
Bu sahədə hətta dünyanın insan hüquqlarından və demokratiyadan dəm vuran bir çox ölkələrini də geridə qoyan Azərbaycan dünyada dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılan, ibadət və bayram günlərini birgə keçirən unikal ölkələrdən biridir.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hökm sürən tolerantlıq, dinlərarası və məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr də mövcuddur. Belə qüvvələr tərəfindən Azərbaycandakı ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının edilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində təxribat meyilləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması da bu qəbildəndir. Bu mənfur ünsürlər cəmiyyətimizin ən dəyərli və həssas üzvləri olan Vətən müharibəsindəki qələbəmiz naminə sağlamlıqlarını itirmiş qəhrəman qazilərimizi də təxribata çəkmək kimi xaricdən idarə edilən və maliyyələşdirilən təxribat xarakterli hərəkətlərə cəhdlər etməkdən də çəkinmirlər.
Görünən oldur ki, xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan tolerantlıq ənənələrimiz qibtə ilə yanaşı, bəzi dairələrdə qıcıq yaradır. Milli birlik və həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam dinindən məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq heç bir əxlaq və mənəviyyat normasına sığmır.
Bütün bu təxribat xarakterli addımların Azərbaycanın düşmənləri tərəfindən planlaşdırıldığı sirr deyil. Belə iyrənc oyunlara alət olanlar isə yaxşı bilməlidirlər ki, dinimizə, o cümlədən bütün dinlərə hörmətimiz olduğu kimi, bundan dövlətimizin və millətimizin əleyhinə istifadə etməyə çalışanlara, milli birliyik və həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələrə da veriləcək layiqli cavabımız həmişə var. Həm hər bir vətəndaşımız, həm din xadimlərimiz, həm də DİN-imiz tərəfindən! Axı din və haqq naminə dinmək dinimizdə də buyurulub...