KÖŞƏ

Mahir Rəsuloğlu

“Əldə bir qədəh şərab...”

08 iyun 2022 00:12
1580

Künc zərbəsi

Yaxud İrəvanın mərkəzindəki əyləncələr və yeni “Ohanyan səddi”

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın əleyhinə aprelin 26-dan başlatdığı etiraz aksiyalarında gözlənilən qarşıdurmalar pik nöqtəsinə çatdı. Məlum oldu ki, revanşistlərin son gücləri də tükənmək üzrədir və beləliklə, “köhnəlmiş” mitinq və nümayişlərin artıq nəticəsiz yekunlaşacağı ilə bağlı proqnozların özünü doğruldacağı daha inandırıcı görünür.

Bəs Ermənistanın bugünkü siyasi mənzərəsi necədir? Son günlər mübarizənin mərkəzi sayılan İrəvanda nələr baş verdi?

Əvvəlcə xatırladaq ki, iyunun 3-də və 4-də İrəvanda aksiyaçılarla polislər və “qırmızı beretlilər” arasında baş verən toqquşmalarda 39-u polis olmaqla, ümumilikdə 60 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara aparılıb. Ötən həftənin şənbə və bazar günləri polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının dəyənəklərdən və yüngül səsli qumbaraatanlardan istifadə etdikləri bildirilir. Kütləvi iğtişaşların təşkili faktları ilə bağlı cinayət işi başlanıb və baş vermiş qarşıdurmaları 100-dən çox müstəntiq araşdıracaq. Ermənistan mətbuatı xəbər verir ki, bu məqsədlə 104 nəfər müstəntiqdən ibarət istintaq qrupu yaradılıb.

Ermənistan Daxili İşlər Nazirliyi saxlanılanların sayını açıqlamasa da müxalifət liderlərinin iddiasına görə, həbs edilən fəalların sayı artıq 2500 nəfərə yaxındır. Paşinyan əleyhinə yaradılmış “Müqavimət” hərəkatının koordinatoru, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan rəsmi “Facebook” səhifəsində yazıb ki, indiyədək hərəkatın 2 100 nəfərdən çox üzvü müxtəlif polis bölmələrinə aparılıb. Lakin onların heç də hamısının saxlanılması polis tərəfindən sənədləşdirilməyib. Faktiki olaraq saxlanılanların sayı 2 500 nəfərə yaxındır. Aprelin 25-dən indiyədək 48 vətəndaş həbs edilib, indi məhkəmələr həbslərlə bağlı vəsatətlərə baxır. İ.Saqatelyan qeyd edib ki, həbs edilən və saxlanılan vətəndaşların ittihamları əsassız və ya qanunsuzdur: “Bütün internet şəbəkəsi, mətbuat polisin qanunsuzluqları, vəhşilikləri və qeyri-insani rəftar faktlarını təsdiqləyən kadrlarla doludur. Buna baxmayaraq, hələ də heç bir polis əməkdaşı törətdiyi cinayətə görə məsuliyyətə cəlb edilməyib.”

Maraqlıdır ki, “Müqavimət” hərəkatının dünənki mitinqi İrəvanda Avropa İttifaqının (Aİ) nümayəndəliyi qarşısında keçirilib və aksiya iştirakçıları “demokratiya və insan haqlarını müdafiə edən bir ali qurumun baş verənlərə səssiz qalmasına” etiraz ediblər. Ona görə maraqlıdır ki, bu gün Aİ-dən hakimiyyətin davranışı ilə bağlı ədalətli münasibət gözləyən həmin bu müxalifətçilər cəmi bir neçə gün əvvələ qədər qurumun Şurasının sədri Şarl Mişeli “Qarabağdakı etnik ermənilərin təhlükəsizliyi və hüquqları” ifadəsinə görə “fikirləri Azərbaycanın mövqeyi ilə eynilə üst-üstə düşür” deyə “linç edirdilər”.

Mitinqdə Milli Məclisin “Ermənistan” müxalifət blokunun deputatı Aram Vardevanyan bildirib ki, baş verənlər hazırkı hakimiyyətin tarixinin növbəti biabırçı səhifəsidir: “Eyni zamanda, polis Aİ-nin Ermənistandakı nümayəndiliyinin qarşısında qumbaraatanlardan istifadə edib, lakin ən təəccüblü odur ki, Avropa diplomatik missiyası susub.” Millət vəkili aksiyalar zamanı media nümayəndələrinin və vətəndaşların bir sıra hüquqlarının pozulmasına da toxunub. Müxalifət liderləri ümid etdiklərini bildiriblər ki, Aİ səfiri müxalifətin bəyanatına səssiz qalmayacaq və təqdim olunan faktlara müvafiq qiymət verəcək.

Müxalifət nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qanlı toqquşmaların baş verdiyi 3-4 iyun tarixlərində  Ermənistan paytaxtı iki maraqlı hadisəyə də şahidlik edib. Birincisi, baş nazir Nikol Paşinyan şənbə və bazar günləri şəhərdə heç nə baş vermirmiş kimi ailə üzvləri ilə birlikdə İrəvanın mərkəzində gəzib, restoranda yemək yeyib. Restoranın sahibi fəxrlə mötəbər qonaqlarının fotolarını yayımlayıb və şəkillər geniş müzakirələrə səbəb olub. N.Paşinyan xanımı Anna Akopyan ilə İrəvanda təşkil olunan şərab festivalına da qatılıblar. “Armenpress”in məlumatına görə, baş nazir pavilyonları gəzib, erməni şərabları ilə maraqlanıb və təbii ki, onların dequstatorluğunu da edib. Bəlli olduğu kimi, Paşinyan şərab içməyi sevir və bu dəfə də əlindəki şərab qədəhi ilə şəkilləri yayılıb.

Digər maraqlı hadisə isə müxalifət cəbhəsinin toplaşdığı Fransa meydanında qeydə alınıb. Jurnalistlər Ermənistanın keçmiş müdafiə naziri, şanlı Azərbaycan Ordusu tərəfindən darmadığın edilmiş “keçilməz Ohanyan səddi”nin yaradıcısı Seyran Ohanyanı orada nərd oynayan zaman “yaxalayıblar”. İndi əksər ermənilər ritorik olaraq “Ohanyan buradadamı keçilməz sədd qurur” sualına cavab axtarırlar.

Deyəsən, biz Ermənistanın taleyi üçün ermənilərdən çox narahat oluruq. Göründüyü qədərilə, İrəvanda həyat xeyli “əyləncəlidir”...