KÖŞƏ

Mahir Rəsuloğlu

Qiyama aparan yol: Səriştəsizlik, yoxsa xəyanət?..

07 iyun 2022 00:28
1449

1993-cü il iyun qiyamı cinayətkar AXC-Müsavat iqtidarının ölkədə yaratdığı anarxiya, xaos və pozucu fəaliyyətin məntiqi nəticəsi idi

1993-cü ilin əvvəllərində ölkədə vəziyyət o dərəcədə ağırlaşmışdı ki, dövlətin idarəçiliyi də daxil hər şey ya nəzarətdən çıxmış, ya da çıxmaq üzrə idi. Günün günorta çağı əli silahlı quldurlar şəhərlərdə meydan sulayır, hakimiyyətsizlik hər yerdə özünü göstərirdi. Yadımdadır, Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalı sakinləri danışırdılar ki, Vətən adlı yaralarından qan daman məcburi köçkünlərin dərdləri-qayğıları dalınca Gəncəyə getmiş ərazi icra nümayəndəsinin xidməti maşınını da silah gücünə ələ keçirmişdilər. Kimliyi bəlli olmayan cinayətkarlar maşının qarşısını kəsib silah çəkərək öz əmlakları kimi götürüb aparmışdılar. “Ata-anasından bezən”, “düşmən dəyirmanı sulayan” hər yetən əlinə bir avtomat alıb özünü külli ixtiyar sahibi hesab edirdi. Xüsusilə Gəncə Azərbaycanın əksər şəhər və rayonlarından bir az da artıq yaşanılmaz hala gəlmişdi. Evindən şəhərə çıxanlar geri dönə bilməmək təhlükəsi ilə üz-üzə idilər. İndi bəlkə danışmaq, təsəvvür etmək də inandırıcı gəlmir. Ancaq 1993-cü ilin iyunu təkcə Nizami yurdunun deyil, bütün Azərbaycanın bütövlüyünü, varlığını qoruma imtahanından keçdiyi acı, qara günlər oldu...  

“Gəncə hadisələri baş verməyə bilərdimi” sualı ötən iyirmi doqquz ildə dəfələrlə müzakirə edilib və cavabı mütəxəssislər tərəfindən analiz olunub. Hamının dəqiq bildiyi, sübuta ehtiyacı olmayan fakt ondan ibarətdir ki, 1993-cü il iyun qiyamı cinayətkar AXC-Müsavat iqtidarının səriştəsizliyi, ölkədə yaratdığı anarxiya, xaos, özbaşınalığın, eyni zamanda, həmin vaxt hakimiyyətdə olanların pozucu fəaliyyətinin məntiqi nəticəsi idi. Məhz bu səbəblərdən cəbhə bölgələrində bir-birinin ardınca uğursuzluqlar baş verir, rayonlarımız, yaşayış məntəqələrimiz erməni işğalına məruz qalır, yüzminlərlə soydaşlarımız öz dədə-baba yurdlarından didərgin düşürdülər. İnsanlar aldadıcı vədlərlə hakimiyyəti zəbt etmiş səriştəsiz və riyakar hakimiyyətin yalanlarından, acizliyindən, xəyanətindən bezmiş, AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamı heçə enmişdi.

Əslində ölkədə özbaşınalığın bünövrəsi daha əvvəl – AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirən gündən qoyulmuşdu. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyundan çıxırdılar. Bunun məntiqi nəticəsi olaraq respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait hökm sürür, siyasi ehtiraslar səngimək bilmirdi. Vəziyyəti get-gedə gərginləşdirən həm də ölkəyə rəhbərlik edənlərin, daha dəqiqi etməyə çalışanların dövlət idarəçiliyindəki naşılığı, üstəlik, xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri idi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, müharibədəki məğlubiyyət, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, milli sərvətlərimizin gözlərimiz qarşısında cinayətkarcasına talanması getdikcə hər kəsi daha çox  hiddətləndirirdi. Sosial, siyasi və mədəni həyatdakı özbaşınalıqlar, mənəm-mənəmlik, hərc-mərclik insanların səbrini son həddə çatdırmışdı. Bütün bu baş verənlərin məsuliyyətini daşımalı olan AXC-Müsavat iqtidarı təmsilçilərinin isə başı şəxsi maraqları naminə çəkişmələrə qarışmışdı.

1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Hər ötən gün daha pis ssenari ilə davam edir, ölkə qardaş qırğınına sürüklənirdi...

Yaddaşları təzələmək üçün xatırladaq ki, bundan az əvvəl, 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy keçmiş korpus komandiri Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzaladı. Ancaq S.Hüseynov bu sərəncamı icra etmədi. Daha sonra prezidentin sözügedən hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni  sərəncamı da kağız üzərində qaldı. Üstəlik Gəncəyə gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti səhv qərar qəbul etdi və bununla da ölkədə qardaş qırğınına əsas yaratdı. İyunun 4-də Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında baş verən silahlı toqquşmada 35 nəfər həlak oldu. Təəccüb doğuran faktlardan biri də odur ki, həmin vaxt Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, bu qurumun rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdi. Bütün baş verənlər qiyama səriştəsizliyinmi, yoxsa xəyanətinmi səbəb olduğu haqda ciddi şübhələr yaradırdı...

 “Gəncə hadisələri” Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı və ölkə vətəndaş müharibəsi astanasına gətirildi. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirdi və Bakıya doğru hərəkət etməyə başladılar. Əgər son anda qarşısı alınmasaydı hadisələr daha ağır faciələrlə nəticələnə bilərdi. Yalnız Vətənin ən ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Ümummilli Lider Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edə bildi. Xalqımız ömrünü ona həsr etmiş böyük Liderinə qovuşması sayəsində Gəncə qiyamı kimi ağır imtahandan uğurla çıxa bildi və yalnız bundan sonra hakimiyyəti zəbt etmiş xəyanətkar AXC-Müsavat cütlüyünə tarixinin arxivindəki qara hərflərlə yazılmış yerini göstərdi.