KÖŞƏ

Mahir Rəsuloğlu

Sərhədləri aşmayın!...

04 iyun 2022 02:57
1512

2022-ci il mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında reallaşan sayca üçüncü görüş əvvəlkilərlə müqayisədə daha məhsuldar keçmiş və danışıqlar zamanı əldə edilmiş razılaşmalar praktiki addımlar mərhələsinə zəmin yaratmışdı. Bunun ən bariz göstəricisi görüşdən dərhal sonra hər iki ölkə lideri tərəfindən sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini müəyyənləşdirən rəsmi sənədləri imzalaması və çox keçməmiş komissiyanın ilk görüşünün baş tutması oldu. Görüşün nəticələrinə gəlincə, hər iki tərəf müzakirələrin məhsuldar keçdiyini bəyan etdi. Beləliklə də işçi qrupların fəaliyyətinə start verildi. Bu fəaliyyətin vasitəçilikdən kənarda qalmış ABŞ və Fransa tərəfindən də dəstəklənməsi isə bir daha Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının və sülh müqaviləsinin imzalanmasının alternativinin olmadığını göstərirdi. Razılaşmalara görə, komissiyaların növbəti görüşü başa çatmaqda olan həftə ərzində Moskva şəhərində baş tutmalı idi. Təəssüf ki, yola saldığımız həftə daha çox erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması, ərazilərimizin müxtəlif çaplı silahlardan atəşə tutulması kimi təxribat cəhdləri ilə yadda qalmaqdadır. Sonuncu dəfə iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb, şəxsi heyət və texnika baxımından itkimiz yoxdur və bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan bu dəfə də sərhəddə baş verənləri inkar etməklə məsuliyyətdən yayınmağa çalışsa da açıq-aşkar görünür ki, düşmən tərəfi bu təxribatı ictimai diqqəti daxildə baş verən proseslərdən, siyasi böhrandan yayındırmaq məqsədi ilə qəsdən törədir. Nəticədə dövlət sərhədində vəziyyətin gərginləşdirilməsi danışıqlar prosesinə, eyni zamanda, delimitasiya üzrə komissiyaların fəaliyyətinə də problem yaradır.

Sərhəddə vəziyyətin gərginləşməsi cəhdlərinin edilməsi ilə eyni vaxtda Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki erməni separatçılarının qondarma “respublika”sının

“rəhbərliyi” tərəfindən də təxribat xarakterli addımlar atılmaqdadır. Təəssüf doğuran və ciddi suallar doğuran isə odur ki, separatçılara bu şəraiti iki ölkə arasında sülhün əldə edilməsində vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi şərait yaradıb. Qondarma “respublika”nın “dövlət naziri”

Artak Beqlaryan sözügedən agentliyə müsahibəsində bildirib ki, Avropa İttifaqı (Aİ) “Dağlıq Qarabağ” münaqişəsinin həllində iştirak etməməlidir: “Minsk qrupunun həmsədrliyinin formatını və Rusiyanın sülhməramlı missiyasının effektiv rolunu nəzərə alaraq, hesab edirik ki, Qarabağ münaqişəsinin nizamlanması məsələsi Aİ üçün danışıqların predmeti olmamalıdır.” A.Beqlaryanın sözlərinə görə, dialoq zəruridir, lakin bu, Rusiya ilə Qərb arasında mövcud olan çətin münasibətlərin bir hissəsinə çevrilməməlidir.

Qondarma “DQR”in qondarma nazirinin müsahibəsində diqqət çəkən daha bir vacib məqam isə onların İrəvanla apardıqları danışıqlar barəsində dedikləridir. O, bildirib ki, “Dağlıq Qarabağ respublikası”nın “hakimiyyəti” İrəvanla onun tanınması ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir irəliləyiş yoxdur.

Separatçıların nümayəndəsinin daha bir fikri isə onlara niyə Rusiya informasiya agentliyinin tribuna verməsi sualına cavab tapmağa da müəyyən qədər kömək edir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların fəaliyyətindən danışan A.Beqlaryan sülhməramlı kontingentin burada qeyri-müəyyən müddətdə qalmalı olduğunu deyib: “Çünki münaqişə həll olunmayıb. Münaqişə həll olunanda, o zaman “Dağlıq Qarabağ”la Rusiya arasında sülhməramlıların daha çox müddətdə qalması məsələsinə baxıla bilər, onlar zərurətdən və vəziyyətdən çıxış edərək təhlükəsizliyin təminatçısı kimi burada qala bilərlər.”

İlk növbədə, Rusiya mediası tərəfindən Azərbaycanın ərazisində qeyri-qanuni fəaliyyət göstərən qondarma qurumun cinayətkar nümayəndəsini “nazir” kimi təqdim etmək ərazi bütövlüyümüzə və qanunlarımıza qarşı hörmətsizlikdir. Unutmaq lazım deyil ki, Azərbaycanla strateji müttəfiqlik istiqamətində rəsmi addımlar atmış bir dövlətin nüfuzlu informasiya agentliyinin belə addımı ilk növbədə ikitərəfli münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

İkincisi, Azərbaycan öz ərazisində sülhməramlı missiyanın hansı müddətdə fəaliyyət göstərəcəyinə özü qərar vermək iqtidarındadır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanata görə, Qarabağ iqtisadi rayonunun ərazisində sülhməramlı kontingentin müvəqqəti yerləşdirilməsi ilə paralel olaraq erməni silahlı birləşmələrinin həmin ərazilərdəki qüvvələri çıxarılmalı idi. Yəni, Bəyanatın bəndlərinin tam şəkildə icrası, eyni zamanada, separatçı qurumun da fəaliyyətinə son qoymalıdır, nəinki cinayətkarların nümayəndəsini “dövlət naziri” adlandıraraq ondan müsahibə götürmək. Sonda Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyinin başbilənlərindən soruşmaq istərdik: Budurmu sülh prosesinə vermək istədiyiniz töhfə? Budurmu strateji tərəfdaşlıq? Sizin fəaliyyətiniz bacarırsınızsa sərhədin müəyyən edilməsinə kömək etməkdir, onu aşmaq deyil! Onu və bütün sərhədləri aşmayın!..