Mahir Rəsuloğlu |
Regionun gələcəyini müəyyən edəcək yeni münasibətlərin növbəti mərhələsinə start verildi
İstər Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatın, istər ATƏT-in “görbagor olmuş” Minsk qrupuna üzv dövlətlərin, istərsə də Cənubi Qafqazda baş verən proseslərə birbaşa təsir imkanlarını əlində saxlamağa çalışan Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilik cəhdləri regionda yeni eranın başlayacağına ümidləri artırır. Təbii ki, artıq başladılmış prosesə uzaq ABŞ-ın, “qoca qitə”nin və region dövlətlərinin, əsas da Şimal qonşumuzun yanaşmaları bir-birindən fərqlidir. Yəni hər kəs proseslərin məhz özünün arzuladığı məcrada irəliləməsinə çalışır. Ancaq elə ilk mərhələ iki mühüm məqamı ortaya çıxardı. Birincisi, Azərbaycanın “Münaqişənin hərbi yolla həlli yoxdur” stereotipini qıraraq İkinci Qarabağ müharibəsində qazandığı Qələbə sayəsində ərazi bütövlüyünü bərpa etməsi ilə yaratdığı yeni reallıqlar hər kəs tərəfindən qəbul edilir. Hətta ilk vaxtlar ən müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışan Ermənistan da sonda Azərbaycan tərəfinin təqdim etdiyi baza prinsiplərini qəbul etdi, yaxud buna məcbur edildi. İkincisi isə vasitəçilik təşəbbüsləri göstərən və bir vaxtlar hər vasitə ilə status-kvonu qorumağa çalışan beynəlxalq təşkilatların, aparıcı dövlətlərin həm sülh müqaviləsinin imzalanmasında, həm sərhədlərin delimitasiyası və demarkasiyasında, həm də kommunikasiyaların açılmasında vaxt itirmədən “işə başlamaq” barədə təkid etmələridir. Buradaca qeyd edək ki, təkid edənin kimliyindən asılı olmayaraq hər şey Azərbaycanın maraqlarına tam uyğundur. Çünki bitmiş münaqişəyə və müharibənin “kitabını bağlayacaq” müqavilə bizim istədiyimiz yeni sabitlik və inkişaf dövrünə keçidi də şərtləndirəcək. Proses isə başlayıb və müəyyən ardıcıllıqla davam edir, hətta Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında artıq birbaşa təmaslar qurulur.
Mayın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən iclasında çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlər isə danışıqların gedişində ciddi irəliləyişlərə nail olunduğunu göstərdi. Xarici siyasət idarəmizin rəhbəri iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandıraraq bəyan etdi ki, hazırda əsas vəzifəmiz işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etməkdir. Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazırdır. C.Bayramov artıq sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığını, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrlərinin və formatının müəyyənləşdirildiyini bildirdi.
Elə adıçəkilən tədbir çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rusiyalı həmkarlarının iştirakı ilə üçtərəfli görüşü də keçirildi. Görüşdə tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə etdilər. Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiyası prosesinin başlanması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılması, sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparıldı.
Üçtərəfli görüşdən dərhal sonra isə Ermənistan XİN Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasının vaxtı və yeri barədə məlumatı açıqladı. Həmin məlumata görə, komissiyanın ilk iclası mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Xatırladaq ki, 2021-ci il noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri rəsmi Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq əldə ediblər.
Beləliklə, 44 günlük müharibədən təxminən il yarım sonra nəhayət ki, komissiyaların birgə müzakirələrinə start verilir və bu, prosesi finişə bir az da yaxınlaşdırır. Təbii ki, Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasından ciddi nəticələr gözləmək mümkün deyil. O baxımdan ki, ilk iclas daha çox hazırlıq xarakteri daşıyacaq. Ancaq hər bir halda bu, regionda dayanıqlı sülhə nail olunması istiqamətində atılmış növbəti addım kimi xüsusilə son günlər Ermənistanı bürümüş etiraz aksiyaları, Azərbaycanla və Türkiyə ilə danışıqlara qarşı nümayişlər, vətəndaş itaətsizliyi fonunda ciddi əhəmiyyət daşıyır. İşçi Qrupu fəaliyyətə başlayır, real nəticəsi təkcə bizim üçün deyil, bütün region üçün çox mühüm olan müzakirələrə start verilir. Və bir daha məlum olur ki, Azərbaycanın qarşısına qoyduğu məqsədlərə doğru inamlı addımlarla irəliləməsinə heç bir qüvvə mane ola bilməyəcək. Hədəflərimiz isə daha böyük, yolumuz daha da irəliyədir!