KÖŞƏ

Mahir Rəsuloğlu

Şeytanın barmağı...

13 may 2022 01:56
1401

Künc zərbəsi

Ermənistanla yanaşı, Xankəndidəki ermənilər də zorla hakimiyyətə yiyələnmək istəyən “eks”lərin təxribatları ilə üz-üzə qalıblar

Neçə gündür Ermənistanda baş verən siyasi gərginliyin Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan erməni sakinlərinin həyatlarına təsirsiz ötüşməyəcəyi gözlənilən idi. Bəllidir ki, ermənilər ərazimizdəki qondarma “respublika”nın guya müstəqil dövlət olduğunu iddia etsələr də bu marionet qurum birbaşa Ermənistanla əlaqəlidir və obrazlı desək, hasarın o üzündə əsən şimal küləyinin səsi bu tərəfdə də eşidilir. Mövzudan kənara çıxmadan qeyd edək ki, 30 illik erməni işğalına son qoyaraq suveren ərazi bütövlüyünü təmin edən Azərbaycan Ermənistanla qanunsuz rejimi birləşdirən bu siyasi bağı kəsmək hüququna malik və qadirdir. Sadəcə, hazırda iki ölkə arasında aparılan sülh danışıqlarının özündə bu hüququn təmin olunmasını ehtiva etməsi separatçıların mövcudluğuna son qoymaq üçün alternativ variantları hələlik arxa plana keçirib.

Maraqlıdır ki, bu gün Ermənistanda keçirilən etiraz aksiyaları 2018-ci ildə “Soros uşağı”nın – Nikol Paşinyanın “məxməri inqilab” vasitəsilə iqtidarı ələ keçirmək ssenarisindən fərqlidir və hadisələr daha çox 1998-ci il Ermənistanını xatırladır. O vaxt indiki kimi kütləvi itaətsizlik təşkil edən Robert Koçaryan regionda sülhə nail olmağın vacibliyini bildirən Levon Ter-Petrosyanın istefasına nail olmuş və hakimiyyəti mənimsəmişdi. İndi etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Ancaq bundan sonrakı planları, düşdükləri böhrandan çıxmaq üçün nə etmək lazım olduğu isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil. Bu baxımdan müharibədən və “Qarabağ kartı”ndan bezən erməni xalqının baş nazir Nikol Paşinyana göstərdiyi etimadı da nəzərə alaraq 1998-ci ilin təkrarlanmayacağını ehtimal etmək olar. Ancaq faktdır ki, bu gün həm Ermənistanda, həm də Qarabağda yaşayan ermənilər Koçaryan-Sarkisyan cütlüyünün fəsadlarından əziyyət çəkməyə başlayıblar. Üstəlik, hadisələr daha təhlükəli istiqamətdə inkişaf edə bilər. Rəqibə qarşı “Qarabağ kartı” üzərindən oynamağa çalışan keçmiş xunta rejiminin təmsilçiləri ənənəvi təxribat cəhdləri göstərməkdədirlər. Məqsəd bəllidir – nə vasitə ilə olursa olsun aranı qarışdırmaq, vəziyyəti idarəolunmaz hala gətirmək.

Fakt kimi Azərbaycanın Xankəndi şəhərində baş verən atışma diqqət çəkir. Məlum olduğu kimi, hadisədə günahkar bilinən Qarabağdakı qondarma rejimin “müdafiə ordusu” komandanının keçmiş müavini, general-mayor Samvel Karapetyan (Oqanovski) həbs edilib. “Prokurorluq” onun bir qrup gəncin olduğu avtomobilə atəş açdığını bildirmişdi. Ermənistan mətbuatı isə hadisənin təfərrüatlarını yayıb və bildirilir ki, atışmadan əvvəl generalla gənclər arasında mübahisə olub. S.Karapetyan avtomobilini rəhbərlik etdiyi “Artsax Azadlıq Mübarizəçiləri İttifaqı” QHT-nin binasının qarşısında saxlamağa çalışıb və  girişi bağlayan gənclərdən avtomobillərini kənara çəkmələrini tələb edib. Bu zaman mübahisə yaranıb və Karapetyan odlu silahdan bir neçə atəş açıb. Daha sonra həbs edilib, hətta bir müddət həbs xəbəri gizlədilib.Təsadüfdürmü? Deyil. Yenə erməni mətbuatının məlumatına görə, Karapetyan bu yaxınlarda Serj Sarkisyanla bir neçə dəfə etirazların keçirildiyi meydana gəlib, məşəl yürüşündə iştirak edib, daha sonra Fransa meydanında görüntülənib. Bu səbəbdən də Ermənistandan Qarabağdakı qondarma rejimin “hüquq-mühafizə orqanlarına” və “hökumətinə” təzyiqlər edilib və həbs də bununla şərtlənir.

Xatırladaq ki, Sarkisyanın və onun sələfi Robert Koçaryanın sağ əli olmuş S.Karapetyan 2008-ci il martın 1-də Ermənistanda həmin il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun Paşinyan hakimiyyətinə qarşı hər zaman fəallığı ilə seçildiyi bildirilir. Bu mənada Karapetyanın Xankəndidə dörd gəncə odlu silahdan atəş açması da böyük ehtimalla təsadüf deyil və mümkündür ki, R.Koçaryan yaxın ətrafı vasitəsilə qondarma rejimin “prezidenti” Araik Arutyunyandan onlara dəstək nümayiş etdirməyi tələb edib. Ancaq görünür Arutyunyan Koçaryana dəstək verməyib ki, Karapetyan belə bir addım atıb. Generalın Xankəndidə açdığı atəş həm də separatçılar arasında da vəziyyətin yaxşı olmadığını göstərmiş oldu. Bu hadisənin ardınca, mayın 11-də bu dəfə İrəvanda güllə səsləri eşidildi. Bu dəfə isə paytaxt İrəvanın Artaşat şosesində iki mülki şəxsi öldürməyə cəhd edilib. Hər iki şəxs güllə yarası alıb və zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Nə isə bu hadisə də təsadüfə oxşamır...

Göründüyü kimi, dinc etiraz aksiyalarını “dinclikdən” çıxarmağa çalışanlar var və “şeytanın barmağı” yenə öz işindədir. Nəticədə hansı erməninin bir yerini, məsəl üçün, başını ağrıdacağı bilinmir. Belə davam etsə, Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının bədəlini ödəmək məcburiyyətində qalacaq.