KÖŞƏ

Mahir Rəsuloğlu

Qocaların günahı nə?

11 may 2022 01:14
1406

Künc zərbəsi

Eşşəyə gücü çatmayan revanşistlərin palanı döyəcləməsi haqqında

Ermənistanda siyasi vəziyyət hər keçən gün daha da gərginləşir və idarəçiliyin nəzarətdən çıxmasında maraqlı olan qüvvələr bu prosesin geriyə dönməz xarakter alması üçün bütün yollara baş vururlar. Paytaxt İrəvanda başladılan müxtəlif etiraz aksiyaları qısa müddətdə düşmən ölkənin bölgələrinə də yayılıb. Özlərini “müqavimət hərəkatı”nın üzvləri adlandıran revanşistlər xalqdan lazımi dəstək ala bilməsələr də hər vasitə ilə stabilliyi pozmağa, aranı qarışdırmağa çalışırlar. Yürüşlər təşkil olunur, yollar bağlanır, avtomobillərin hərəkəti “iflic edilir”. Ermənistanın baş nazirinin parlamentdə sonuncu çıxışı zamanı Azərbaycan ilə hər hansı ilkin şərt olmadan sülh müqaviləsi bağlamağın zərurət olduğu, bunu beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin də tələb etdikləri barədə açıqlamaları onun düşmənlərinin əlinə əməlli-başlı fürsət verib. İlk baxışdan Paşinyanın vəziyyəti o qədər ürəkaçan görünmür. Ancaq əslində...

Birincisi, erməni xalqı birmənalı olaraq “eks”lərin, xüsusilə də “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmasını, ölkənin onlar tərəfindən növbəti dəfə fəlakətə sürüklənməsini istəmir. Bunu 44 günlük İkinci Qarabağ müharibəsindən sonra keçirilən seçkilər də sübut etdi. Paşinyana növbəti dəfə etimad göstərilməsi münaqişə və müharibələrə birdəfəlik son qoyulması istəyinin təzahürü idi. Bu gün erməni baş nazir kifayət qədər tərəfdaşı və təəssübkeşi olduğunu, bunun ona rəqibləri qarşısında böyük üstünlük qazandırdığını yaxşı başa düşür. Odur ki, lazımi məqamlarda güc tətbiq etmə imkanından da istifadə edə, vəziyyəti bu və ya digər üsullarla nəzarətdə saxlamaqda qətiyyətli davrana bilir.

Get-gedə daha aydın görünür ki, ermənilərin əksəriyyətni daha Qarabağ maraqlandırmır, onlar ölkənin gələcəyi naminə sülhə nail olunmasının tərəfindədirlər. Çox adi görünə bilən bir fakt da bu fikri təsdiq edir: Müxalifətin əhalini mitinqlərə cəlb etmək, onların, necə deyərlər, “milli hislərini tərpətmək” məqsədilə atdığı müxtəlif addımlardan biri də paytaxt İrəvandakı binaların liftlərinə Ermənistanın bayrağının və qondarma “Dağlıq Qarabağ respublikası”nın “əski parçası”nın şəkillərini yapışdırmaq olub. Şəhərin əksər yerlərində həyata keçirilən bu aksiya tamamilə fərqli effekt verib. Ermənistan bayrağına toxunan olmayıb, ancaq qondarma rejimin “bayrağı” qısa vaxtda bina sakinləri tərəfindən cırılıb, zədələnib, qoparılıb. Yada salaq ki, İrəvanda bir müddət əvvəl Qarabağda döyüşmüş erməni əsgərin büstü də təhqir edilmişdi...

Beləliklə, böyük ehtimalla hər hansı fors-major baş verməsə müxalifətin etiraz aksiyaları heç bir ciddi nəticə yaratmadan öz-özünə səngiyəcək.

İkincisi, “müqavimət hərəkatı”nın üzvləri etiraz aksiyalarını dinc xarakterdə keçirəcəklərini elan etsələr də artıq onların tərəfdarları tərəfindən ölkənin bir neçə yerində kriminal xarakterli hadisələr, xuliqanlıq zəminində toqquşmalar baş verir. Bu hadisələrdən ən çox rezonans doğuranı isə Gümrü şəhərində müxalifətçi gənclərin yaşlı sakinləri döymələri oldu. Məlumat üçün bildirək ki, mayın 8-də bir neçə gənc müxalifət fəalı avtomobillərdən düşərək avtobus dayanacağında dayanmış 56, 72, 74 və 84 yaşlı vətəndaşlara yaxınlaşaraq onları vurmağa başlayıblar Hadisənin görüntülərinin sosial şəbəkələrdə yayılması isə yerli əhalinin ciddi etirazlarına səbəb olub. Faktla bağlı Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədənlərin tapılması istiqamətində iş aparılır. İlk baxışdan çox ciddi hadisə kimi görünməsə də belə faktlar hakimiyyətin müxalifət qarşısında əlini gücləndirir və Paşinyana qarşı təzyiqləri müəyyən qədər neytrallaşdırır. Xalq bir daha “eşşəyə gücü çatmayıb palanı döyəcləyənlərin” yanında olmaq istəmir...

Üçüncüsü, Azərbaycanın Cənubi Qafqazda yaratdığı postmünaqişə dövrünün reallıqları region dövlətləri də daxil olmaqla dünyanın aparıcı ölkə rəsmiləri və beynəlxalq qurumları tərəfindən qəbul edilir. Bəli, faktiki olaraq birmənalı şəkildə qəbul edilir. Baxmayaraq ki, həm özlərini ermənilərin vəkilləri kimi aparan yaxın qonşulardan, həm də ermənipərəst mövqeyini gizlətməyən bəzi Qərb dövlətlərindən bu reallıqların yaranmasını arzulamayanlar var idi. Ancaq indi hər kəs razılaşmağa məcburdur ki, Cənubi Qafqaza Azərbaycanın diktə etdiyi şərtlər daxilində dayanıqlı sülh lazımdır. Elə Ermənistanın özündə də postmünaqişə dövrünün tələblərini dərk edənlər kifayət qədər çoxdur. Üstəlik, Azərbaycanın Qarabağla bağlı nümayiş etdirdiyi qəti və konkret mövqe, münaqişənin artıq keçmişdə qaldığı həqiqətinin dünyada qəbul olunması və nəhayət, dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi,  ATƏT-in Minsk qrupunun 30 illik yubileyini keçirmədən “təqaüdə göndərilməsi”, yəni, de-fakto fəaliyyətini dayandırması Ermənistana seçim şansı qoymur.

Faktdır ki, iki ölkə arasında sülh danışıqları başlayıb, birbaşa təmaslar vasitəsilə növbəti mərhələyə qədəm qoyub, getdikcə qarşısıalınmaz bir prosesə çevrilməkdədir – Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi müəyyənləşib, bununla bağlı Ermənistana onlar tərəfindən qəbul edilmiş müəyyən təkliflər verilib və artıq yaxın gələcəkdə komissiyanın ilk iclasının keçiriləcəyi gözlənilir. Zəngəzur dəhlizinin açılması, başqa adla desək, kommunikasiyaların bərpası istiqamətində də müəyyən razılaşmalar var və bu istiqamətdə ilk addımlar atılıb. Qeyd etdiyimiz kimi, bütün bunlar getdikcə qarşısıalınmaz bir prosesə çevrilməkdədir. Həm sülh müqaviləsi imzalanacaq, həm iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası həyata keçiriləcək, həm də Zəngəzur dəhlizi açılacaq. Erməni müxalifəti nə qədər etiraz etməyə çalışsa da...