Mahir Rəsuloğlu |
Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun çəkilməsi niyə strateji əhəmiyyət daşıyır?
“Bakının az qala yarısı burada işləyir, hərəsi heç olmasa bir bel götürsə, yol tez tamamlanacaq!” Bu sözləri bir müddət əvvəl Şuşanın Kiçik Qaladərəsi kəndindəki erməni icmasının rəhbəri Manvel Sarkisyan Ermənistan mətbuatına danışarkən bir az paxıllıq, bir az da çarəsizliklə demişdi. Bildirmişdi ki, Azərbaycan tərəfindən onların kəndinin yaxınlığından keçən, Böyük Qaladərəsi və Xankəndiyə doğru uzanan mövcud avtomobil yolunda tikinti işləri sürətlə davam etdirilir...
Laçın dəhlizinə alternativ yolun çəkilişi ilə bağlı razılaşma 2020-ci il noyabr ayının 9-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış 44 günlük Vətən müharibəsində Ermənistanın məğlubiyyətini rəsmiləşdirən üçtərəfli Bəyanatın 6-cı bəndində nəzərdə tutulub. Orada qeyd edilir ki, Ermənistan 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın (İndiki Qarabağ iqtisadi rayonu) Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir. Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək.
Beləliklə, müharibə bitdikdən az sonra yolun planı hazırlandı, çəkilişlərinə başlanıldı və Bəyanatda nəzərdə tutulmuş üç ilin təxminən yarısı keçməmiş artıq yol hazır olmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu ilin fevralında mətbuata açıqlamasında demişdi ki, uzunluğu 28 kilometr olan və Laçın şəhərindən yan keçməklə tikilən yeni avtomobil yolu bu ilin iyul ayına qədər istifadəyə veriləcək.
Qeyri-rəsmi məlumatlara görə, yeni yol Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir. Həkəri çayı üzərindən salınan körpü də yeni marşruta daxildir. Yeri gəlmişkən, ermənilər Laçın dəhlizinin yeni marşrutunun mövcud yolla müqayisədə daha əlverişsiz olduğunu iddia edirlər. Bəs Laçın dəhlizinə alternativ yolu strateji əhəmiyyətli edən hansı səbəblərdir ki, Azərbaycan işlərin sürətlə aparılması və prosesin tezliklə yekunlaşmasına çalışır, ermənilər isə bu məsələdən narahat olduqlarını gizlətmirlər?
Birincisi və ən mühümü, yeni yolun işə salınmağı ilə rayon mərkəzinin, yəni, Laçın şəhərinin sülhməramlıların nəzarətindən çıxarılaraq Azərbaycana verilməsi təmin ediləcək ki, bununla da keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunması prosesi tam olaraq yekunlaşacaq. Bu, eyni zamanda, ermənilər üzərində hərbi üstünlüyün daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Məsələ burasındadır ki, dəhliz Laçın şəhərinin mərkəzindən keçdiyi üçün bəzi yerlərdə hələ də ermənilər yaşayırlar. Yeni yolun istifadəyə verilməsindən sonra isə ermənilər bu əraziləri tərk etməli olacaqlar. Daha bir mühüm məqam ondan ibarətdir ki, Laçın rayonunda da bərpa-quruculuq işlərinin sürətləndirilməsinə artıq hər hansı maneə qalmır.
İkincisi, yeni çəkilən yoldan gələcəkdə yolun keçəcəyi ərazilərdə yaşayacaq azərbaycanlılar da istifadə edə biləcəklər. Çünki yol Şuşanın və Laçının işğala qədər azərbaycanlılar yaşamış bir neçə kəndinin ərazisindən keçir. Bununla yanaşı, yolun çəkilməsi səbəbindən Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərində yaşayan ermənilər hazırda istifadə etdikləri əkin və otlaq sahələrinin böyük hissəsini itirmiş olacaqlar. Bu isə onların daha ağır şərtlərlə üzləşməmək üçün Azərbaycan vətəndaşlığını qəbul etmə prosesini sürətləndirə bilər.
Üçüncüsü, yeni çəkilən yola nəzarət imkanlarının Laçın dəhlizi ilə müqayisədə daha artıq olmasıdır. Baxmayaraq ki, hazırda da dəhliz vasitəsilə ölkəmizin ərazisinə daxil olan və ya tərk edən avtonəqliyyat vasitələri nəzarətimiz altındadır. Hadisələri qabaqlayaraq nə isə söyləmək mümkün olmasa da, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqların nəticəsindən asılı olaraq yeni yolda Azərbaycanın aidiyyəti qurumları tərəfindən sərhəd-keçid məntəqəsi və gömrük postunun qurulması da mümkün ola bilər.
Və nəhayət, yolun nəzərdə tutulduğundan az qala iki dəfə tez başa gəlməsi bir daha Azərbaycanın qarşıya qoyduğu məqsədləri reallaşdırmaqda nə qədər qətiyyətli olduğunu nümayiş etdirir. Bununla həm ölkəmizdə, həm də Ermənistanda yaşayan ermənilərə iqtisadi gücümüzü və siyasi iradəmizi yenidən göstərmiş oluruq. Bu isə iki ölkə arasında davamlı sülhə nail olunmasına, Ermənistanın postmüharibə dövrünün reallıqlarını lazımi şəkildə qəbul etməsinə müəyyən təsir göstərə bilər. Düşmən ölkədə nəhayət sülhün alternativinin olmadığını anlamalıdırlar.
Bəlli olduğu kimi, açıq şəkildə elan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən sülh gündəliyimiz və təşəbbüslərimiz təkcə Azərbaycan və Ermənistan arasında deyil, həm də Cənubi Qafqazda regional inkişafa yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söylədiyi kimi, otuz ildir Ermənistanın separatizmi və təcavüzü ucbatından biz bu fürsəti itirmişik, Cənubi Qafqaz inteqrasiya olunmayıb. Hazırda Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlıq mövcuddur: "Lakin Ermənistanda da belə bir anlayış olmalıdır ki, onlar təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər.”
Kifayət qədər yerinə düşən bənzətmədir. Ermənistan uzun illər boyu apardığı işğalçılıq və separatizm siyasəti səbəbindən təcrid olunmuş adaya bənzəyir – uzaq, qaranlıq adaya. Yalnız Azərbaycandan uzanan “sülh yolu”, daha doğrusu yolları bu “ada”nı təcriddən çıxara, “quru ilə birləşdirə” bilər. Və yalnız Azərbaycanın maraqlarına uyğun olaraq, Azərbaycanın şərtləri daxilində...