Mahir Rəsuloğlu |
Ermənilər törətdikləri cinayətlərini gizləmək üçün dünyaya “soyqırımı” yalanı sırımağa davam edirlər
Özlərini məzlum, haqqı tapdanmış xalq kimi təqdim edən ermənilər əslində əsrlər boyu həm region ölkələri, həm də bütün dünya üçün potensial terror təhlükəsi yaradıblar. Təəccüblü deyil ki, bütün qonşularına qarşı əsassız torpaq iddiaları irəli sürən, 1915-ci ildə Osmanlı imperiyası dövründə guya ermənilərə qarşı soyqırımı törədildiyi yalanını uyduran ermənilərin qanlı cinayətləri ilə tanınan 10-dan artıq terror təşkilatı mövcuddur. Bəziləri dünyanın fərqli ölkələrində yerləşsələr də bütün bu terror təşkilatları və onların törəmələri hələ də öz təxəyyüllərinin məhsulu olan “böyük Ermənistan” xülyası ilə fəaliyyət göstərməkdədirlər. Erməni terror təşkilatlarının fəaliyyətləri haqqında danışarkən isə ilk növbədə türk diplomatlara qarşı törədilmiş silsilə cinayətlər yada düşür. Hansı ki, saxta “erməni soyqırımı”na ağlayan gözlər bu terror aktlarını görməmək üçün kor olmuşdu. Dünyanın unutduğu, daha dəqiqi görməzdən gəldiyi həmin hadisələr tarixin səhifələrində erməni vəhşiliyi kimi yazılıb və hər kəsin həqiqət olduğunu bildiyi faktlardır.
Eləcə də düşmən ölkənin istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi insanlığa sığmayan cinayətləri bir daha Ermənistanda faşizmin dövlət siyasətinə çevrilməsinin sübutudur. Bəs silahsız mülki insanlara qarşı ağlasığmaz vəhşiliklər törədən, Xocalıda ötən əsrin ən qanlı soyqırım aktını həyata keçirən, Ağdabanda, Başlıbeldə günahsız azərbaycanlılara faciələr yaşadan, Gəncədə, Bərdədə, Mingəçevirdə, Naftalanda, Tərtərdə mülki insanların yaşadığı evlərə qadağan olunmuş ballistik raketlərlə zərbələr endirən Ermənistanın əməllərinə hüquqi qiymət verilirmi? Niyə xalqımıza qarşı törədilmiş hərbi cinayətlərin və qətliamların həmmüəllifləri olan Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serjik Sarkisyana heç bir beynəlxalq qurum tərəfindən “gözün üstə qaşın var” deyilməyib və onlar hələ də cəzasız qalıblar? Budurmu ədalət və demokratiya?
30 il əvvəl Xocalıda, 2022-ci ildə Ukraynanın Buça şəhərində baş verən qətliamları “soyqırım” adlandırmaqdan imtina edərək soyqırım faktına siyasətçilərin deyil, hüquqşünasların qiymət verməli olduğunu deyənlər, nədənsə söhbət erməni yalanlarına gələndə mövqelərini dəyişirlər. Məsələn, Fransa prezidenti Emmanuel Makron dünyanın gözü qarşısında yaşanan insanlıq dramına qiymət verməyin hüquqşünasların işi olduğunu deyirsə, o zaman ölkəsində 100 il əvvəl baş vermiş hadisələrə - qondarma “erməni soyqırımı”nı inkar etməyə görə nəzərdə tutulmuş cəzanı nə ilə əlaqələndirər görəsən? Axı Türkiyə dəfələrlə Ermənistana tarixçilərin dəqiq araşdırma apara bilməsi üçün qarşılıqlı olaraq arxivləri açmaq çağırışı etsə də yalanlarının üstünün açılacağından qorxan ermənilər bundan imtina ediblər. Çünki həqiqətin arxiv sənədləri ilə birgə gün işığına çıxması saxtakar, yalançı ermənilərə sərf etmir. Axı onlara “soyqırım” mifindən yerə gəldi-gəlmədi istifadə, manipulyasiya etmək, “ağlayıb-sızıldamaq” daha əlverişlidir. Baxmayaraq ki, bütün bu erməni ağlaşmaları artıq çoxlarını bezdirib. Məlum olduğu kimi, ermənilər tərəfindən uzun illər əsas diqqət ABŞ prezidentinin “soyqırım” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Necə deyərlər, hər il aprelin 24-də bütün ermənilər 1915-ci il hadisələri haqqında danışan ABŞ prezidentinin “ağzını güdürdülər”. Ötən il Bayden böyük haqsızlıq edərək bu sözü işlətdi. Ancaq bundan Ermənistan nə qazandı? Yaxud düşmən ölkə üçün nə dəyişdi? Birmənalı olaraq heç nə. Nə qədər ki ermənilər öz qonşularına qarşı yalan və böhtan dolu iddialarından əl çəkməyəcəklər onların bir dövlət kimi inkişaf etmək, sülh və mehriban qonşuluq şəraitində yaşamaq şansları da olmayacaq. Qondarma “soyqırım” yalanlarının qəbul edilməsi kimi. Çünki ermənilərin fəlakətləri də özləri kimi saxtadır...