KÖŞƏ

Mahir Rəsuloğlu

Dünən basdırılan minalar...

20 aprel 2022 00:56
1273

Bu gün neçə-neçə günahsız Azərbaycan vətəndaşının ömrünün yarımçıq kəsilməsinə səbəb olur

Azərbaycan Ordusunun hərbi qulluqçusunun sayıqlığı və peşəkarlığı olmasaydı erməni vandallarının dinc əhaliyə qarşı, kütləvi insan tələfatı törətmək məqsədilə basdırdıqları tank əleyhinə minanın partlaması daha bir faciə ilə nəticələnə bilərdi. Məhz Müdafiə Nazirliyinin minaaxtaran əsgəri Mərdəli Fərhad oğlu Aşurovun qəhrəmanlığı sayəsində minanın vaxtında aşkar edilərək zərərsizləşdirilməsi mümkün oldu. Aprelin 16-da Kəlbəcər rayonunda baş vermiş bu hadisə bir daha göstərdi ki, ərazilərimizin ermənilər tərəfindən minalarla və partlamamış hərbi sursatın (PHS) ilə kütləvi şəkildə çirkləndirilməsi faktoru 44 günlük Vətən müharibəsindən ötən müddətdə hələ də ən ciddi problem olaraq qalmaqdadır.

Qeyd edək ki, həmin gün Kəlbəcər sakinlərindən, dövlət qurumlarının nümayəndələrindən və İTV-nin çəkiliş qrupundan ibarət ümumilikdə 20 nəfərlik qrupun rayonun Günəşli kəndini ziyarət etdiyi zaman sıx yaşayış evləri olan kənddaxili yolun üzərində tank əleyhinə mina tapılıb. İlkin araşdırmalarla müəyyən edilib ki, heyəti daşıyan avtobus yolunun üzərindəki mina bura 2020-ci il noyabrın 10-dan 25-dək olan müddətdə - erməni işğalçılarına Kəlbəcərin təhvil verilməsi üçün verilmiş vaxtda basdırılıb və məqsəd evlərinə qayıdacaq dinc əhaliyə qarşı kütləvi insan tələfatı törətmək olub.

Fakta Azərbaycanın insan haqları üzrə müvəkkili Səbinə Əliyeva da münasibət bildirib. Ombudsmanın bəyanatında vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərində mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olmuşdur.

Bəyanatda, həmçinin 2021-ci ilin iyun ayında Kəlbəcər rayonunda tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist və bir məmurun həlak olması xatırlanır və qeyd edilir ki, Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minaların basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır: “Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək, qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram.”

Qeyd edək ki, 2022-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən növbəti dəfə ərazilərimizin ermənilər tərəfindən minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilməsinin yaratdığı problemlərə toxunaraq bildirmişdi ki, hazırda minalar səbəbindən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə geri qaytarılması mümkün deyil: “Əfsuslar olsun ki, indiyədək bizdə minalar səbəbindən 200-dən çox insan həlak olub və ya ağır yaralanıb. Ərazilərin bu minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir.”

Məlum olduğu kimi, düşmən ölkə tərəfindən əvvəlcə 2021-ci il

iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr, daha sonra isə 2021-ci il noyabrın 26-da keçirilmiş üçtərəfli Soçi görüşünün nəticəsi olaraq dekabrın 4-də nəhayət digər ərazilərin xəritələri Azərbaycana təhvil verilib. Ancaq bu xəritələrin dəqiqliyinin təxminən 20-25 faiz arasında olması Ermənistanın hələ də beynəlxalq hüququn tələblərinə və humanizm prinsiplərinə əməl etmək istəmədiyini, sülh çağırışlarına yanaşmada səmimi olmadığını açıq şəkildə göstərir. Halbuki hərbi ekspertlərin yekdil rəyi daha dəqiq xəritələrin olduğu qənaətini yaradır. Fakt isə ondan ibarətdir ki, təhvil verilmiş xəritələrin dəqiq olmaması ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsini ləngitməklə yanaşı, insan faktoru baxımından da ciddi təhlükə kimi qalmaqdadır. Təbii olaraq 30 ilə yaxındır ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma yerləri görməyə can atır, nəticədə bəzi hallarda onların həmin ərazilərə səfərlər etməsi minaların partlaması nəticəsində faciələrlə nəticələnir. Beləliklə, Ermənistan basdırdığı minaların yerini gizlətməklə müharibə cinayətlərini davam etdirmək, yeni-yeni günahsız insanların ölümü məqsədini güdür.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazidə təmizləmə işi aparılıb, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.

Ərazilərimizin minalarla bu qədər çirkləndirilməsi erməni vəhşiliyinin növbəti əyani sübutu, humanitar prinsiplərin kobudcasına pozulmasıdır. Dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməməsi bir daha ermənilərin riyakarlığını və xalqımıza qarşı düşmən münasibətini göstərir. Dünyanın insan haqlarından, beynəlxalq konvensiyalardan, hüququn aliliyindən dəm vuran təşkilatları və dövlətləri isə susur, bütün bunları görməzdən gəlirlər. Belə görünür ki, Azərbaycan öz ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı BMT TŞ-nin qətnamələrini təkbaşına icra etməyə məcbur olduğu kimi, bu məsələdə də beynəlxalq hüququn tələblərinin təmin edilməsinə özü nail olacaq.