Mahir Rəsuloğlu |
Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur qalan ermənilər bir-birilərini didməklə məşğuldurlar
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyan ilə telefon söhbəti İkinci Qarabağ müharibəsindən sonra iki ölkə rəsmiləri arasında ilk birbaşa təmas oldu və bununla da davamlı sülhün əldə olunması istiqamətində aparılan danışıqlar prosesinin növbəti mərhələsi başladı. Proses bir sıra obyektiv və subyektiv səbəblərdən ilkin razılaşmalarda nəzərdə tutulduğundan daha ləng irəliləsə də vasitəçilərin iştirakı olmadan startı verilən yeni mərhələ konkret nəticələri yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir. Daha dəqiqi, birbaşa təmaslar sülhə aparan yolda maneələrin aradan qaldırılması üçün real imkanlar yaradır.
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu formatda keçirilən ikinci üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrası istiqamətində qısa müddətdə praktiki addımların atılması düşmən ölkənin sülh danışıqlarının alternativinin olmaması reallığı ilə barışdığını göstərir.
Qeyd edək ki, C.Bayramov və A.Mirzoyan arasında aprelin 11-də baş tutmuş telefon danışığı zamanı tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Göründüyü kimi, Avropa İttifaqı tərəfindən dəstəklənən və Brüssel görüşündən sonra mühüm inkişaf kimi dəyərləndirilən telefon danışığında müzakirə edilən mövzular, demək olar ki, sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın bir müddət öncə Ermənistana təqdim etdiyi beş bənddən ibarət təkliflərlə eyniyyət təşkil edir. Bu baxımdan danışıqların birbaşa təmaslar vasitəsilə davam etdiriləcək yeni mərhələsi qeydsiz-şərtsiz Azərbaycanın maraqları çərçivəsindədir. Bunu qarşı tərəf də yaxşı başa düşür...
Rusiyadan sonra son ümidləri Brüsseldə də puç olan ermənilər burada keçirilən üçtərəfli görüşdən sonra qaçılmaz sonun gərginliyini yaşamaqdadırlar. Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin dəyişməməsi, münaqişənin artıq keçmişdə qalması həqiqətinin regionda, həmçinin dünyada qəbul edilməsi və nəhayət ATƏT-in Minsk qrupunun “oyundankənar” vəziyyətə düşməsi Ermənistanda siyasi böhranı dərinləşdirir. Bu dəfə həm hakimiyyətə, həm də bir-birinə qarşı istifadə edilən ən populyar təzyiq “kartı” isə qondarma “Dağlıq Qarabağ respublikasının mövcudluğunu itirməsi” ilə bağlıdır. Bu gün bütün Ermənistanda siyasətlə məşğul olan hər kəs qondarma xunta rejiminin itirilməsindən siyasi xal qazanmağa, yaranmış vəziyyətdən hakimiyyət uğrunda mübarizədə yararlanmağa çalışır. Mövzunu və Qarabağdakı separatçıların əski parçasını əllərində “bayraq” edənlərlə buna qarşı çıxanların davası artıq şəhərlərdən, meydanlardan keçib İrəvanda Milli Məclisin binasına da daxil olub və burada müxtəlif fraksiyaları təmsil edən müxalifətçi və iqtidar deputatlarının davasının səbəbinə çevrilib. O dərəcədə ki, parlamentin aprelin 12-də keçirilən iclasında müxalif “Hayastan” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan hakimiyyəti ittiham etdikdən sonra tribunadan “Artsak bayrağı” asıb, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaaqn Aleksanyan isə yaxınlaşaraq həmin əski parçasını tribunadan götürüb və stolun rəfinə qoyub, müxalifəti vəziyyəti gərginləşdirməkdə günahlandırıb...
Düşmən ölkəni bürüyən “bayraq” davası nəticəsində havada yellənən, heç nəyə yaramayan əski parçaları, eyni zamanda, ermənilərin puç olan “böyük Ermənistan” arzularına edilən vidadır. O əskilər həm də cəhənnəmə gedən, gorbagor olan mənfur niyyətlərin dalınca yellənir...