Mahir Rəsuloğlu |
Bahara “xoş gəldin” deyəsiniz!
İçimizdəki həyat eşqinin qoca təbiətin özü kimi oyandığı Yeni günün – Novruzun sonuncu xəbərçisi də gəlib kəsdirdi qapımızı. Yaradılışı simvolizə edən dörd mərhələnin sonuncu, ən müqəddəs ünsürü Torpaq ana donu açılmış suyun şırıltısından, odun hərarətini ərməğan gətirən yelin ilıq nəfəsindən yenidən canlandı. Düzəni pozulan, insanı qəddarlaşan, müharibələrin, xəstəliklərin, fəlakətlərin tüğyan etdiyi dünyanın gərdişinə uymayan Novruzun “Yalançı”sından, “Xəbərçi”sindən, “Ölü” və ya “Qara”sından sonrakı İlaxır çərşənbəsi də öz vaxtında yenidən təşrif gətirdi...
Xalq arasında yayılmış qədim mifoloji təsəvvürə görə, insanların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Onlar burada yatmış Torpaq xatunu oyadıb adamların ac olduqlarını ona söyləyirlər. Torpaq xatunsa yerindən qalxır və deyir: “İnsanları fəlakətə salan özü fəlakətə düşər.” Daha sonra Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi. –
deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Çıxırlar ki, insanlar aclıqdan qurtulsun, əziyyət çəkməsin, zəhmətə qatlaşıb ruzi-bərəkətə qovuşsun. İnanclara görə həmin gün elin sevib-əzizlədiyi Axır çərşənbə idi.
Beləcə, torpağın oyanışını, bərəkəti, məhsul artımını simvolizə edən Torpaq çərşənbəsi insanları maddi nemətlər bolluğu ilə təmin edərək, onları acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Ana torpağın, Torpaq xatunun müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
...Bu Torpaq çərşənbəsinin Vətəninə, torpağına, elinə bağlı Azərbaycan insanı üçün başqa bir sevinci, anlamı da var. İllər boyu həsrətilə qovrulduğumuz, uğrunda ölümü gözə aldığımız Qarabağımızda, Şərqi Zəngəzurumuzda da Novruz tonqalları qalanacaq bu gün, gözəl Şuşamız bayram havası yaşayacaq. Torpağımız sevinəcək, qızınacaq, canlanacaq, “ölüb diriltməyə”, ruzi verməyə hazır olacaq, Şəhid ruhları dinclik tapacaq!
...Qapıları geniş açın ki, kandardan utana-utana içəri boylanan Bahara “xoş gəldin” deyəsiniz. Bizim qışla bir ədavətimiz yoxdur, amma dünya çox üşüyür onun soyuğundan. Yaz havasına, bahar təravətinə “Yeni gün”ə elə çox ehtiyacı var ki dünyanın.
Novruz çərşənbələri müqəddəs günlərdir – təbiətə, onun ruhlarına hörmətsizlik etmək olmaz. Suyun ruhuna hörmətlə yanaşaq ki, qurumasın, saflığını itirməsin. Qəzəblənib selə bürüməsin dünyanı, təşnə ürəklərin, zərif köklərin yanğısını söndürsün! Odun ruhuna hörmətlə yanaşaq ki, yandırmasın, yaşatsın. İstisini, hərarətini əsirgəməsin bizdən. Yelin ruhuna hörmətlə yanaşaq ki, qəzəblənib qasırğaya çevrilməsin, həyat toxumlarını bir çiçəkdən alıb başqasına daşısın. Və nəhayət torpağın ruhuna hörmətlə yanaşaq ki, Anadır! Qarşısında diz çöküb, baş əyəcək qədər müqəddəsdir! Həyat bəxş edəndir torpaq, bizə qucaq açıb ağuşuna alandır!
Xoş gəlmisən, Baharın son müjdəçisi, qədəmlərin uğurlu olsun!
Xoş gəlirsən, əziz Novruz, yurdumun gözəl bayramı!
Torpaq çərşənbən mübarək, Azərbaycan!