2018-ci il həqiqi mənada xalqımızın yaddaşına, Azərbaycanın dövlətçilik tarixinə yubileylər ili, zəfər, qələbə müjdəçisi kimi yazılır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, Silahlı Qüvvələrimizin yaranmasının bir əsrlik tarixi də bu uğurlu ilin taleyinə yazılıb.
Ötən ay bir əsrlik yubileyini təntənə ilə qeyd etdiyimiz, mürəkkəb siyasi şəraitdə yaranan AXC-nin gördüyü işlərdən ən mühümü ordu quruculuğu ilə bağlı olub. Milli Ordunun formalaşmasında isə ən böyük problem milli kadrların çatışmazlığı, ordunu lazımi silah-sursatla təmin etmək üçün maddi imkanların məhdudluğu idi. Müdafiə qüdrəti olmayan bir dövlətin süqutunun başlıca səbəblərindən biri də elə ölkənin təhlükəsizliyinin qorunması üçün təkmil ordunun olmamasıdır. Bu çətinlik ötən əsrdə ikinci dəfə əldə olunan müstəqillik illərində də hiss olundu. 1991-1993-cü illərdə yaranan fəlakətlər, Ermənistanın hərbi təcavüzü, daxili və xarici qüvvələr tərəfindən təşkil olunan təxribatlar, iqtisadi tənəzzül torpaqlarımızın itkisi ilə nəticələndi. Nizami ordunun olmaması Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. 1992-ci ildə Xalq Cəbhəsi - Müsavat cütlüyünün hakimiyyəti zorla ələ alması çıxılmaz vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanın müstəqil ölkə kimi yaşaması şübhə altında idi. “Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi” söyləyən cənab İlham Əliyev Silahlı Qüvvələrimizin bugünkü qüdrətini o ağır illərdə xalqa xilas yolunu göstərən Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdi. Azərbaycan xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı, ölkəni ağır vəziyyətdən çıxarmaqla həyati əhəmiyyətli islahatların aparılmasını da şərtləndirdi. Ulu öndər Bakıya gələn zaman təbii ki, nizami ordunu təsəvvür etmək belə mümkün deyildi. Ayrı-ayrı qrup rəhbərlərinin, siyasi partiya sədrlərinin şəxsi maraqlarına “xidmət edən” könüllü dəstələr haqqında ordu ifadəsini işlətmək mümkün deyildi. Ona görə də Ulu Öndər tərəfindən qəbul edilmiş inkişaf strategiyasında nizami ordunun yaradılması xüsusi yer tutur. “Sülh danışıqlarını cəsarətlə apara bimək üçün güclü orduya malik olmaq lazımdır” söyləyən, çox illik zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər hakimiyyətə qayıdışı ilə ilk apardığı islahatların ordu quruculuğu ilə bağlı olması təsadüfi deyildi. Naxçıvan MR Ali Məclisinin sədri olarkən muxtar respublikada illərdən bəri kök salan sovet ordusuna məxsus silah-sursatları yeni yaradılan Milli Ordunun əsgərlərinə verməklə ordu quruculuğu istiqamətində apardığı islahatları bütün respublikada həyata keçirdi. İlk olaraq qanunsuz fəaliyyət göstərən könüllü dəstələr ləğv olundu. Hələ sovetlər dönəmində siyasi iradəsinin nəticəsi kimi 1971-ci ildə yaratdığı Azərbaycan Ordusunun formalaşmasında müstəsna rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kadrlarını ordu quruculuğuna cəlb etdi. Sərkərdə kimi sübut etdi ki, xalqla ordunun birliyi dövləti qüdrətli edir.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Dövlət başçımız, Ali Baş Komandanı cənab İlham Əliyevin bu sözlərini Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən parad da təsdiqlədi. 1993-cü ildən sonra tərəqqi yolu ilə inkişaf edən, ölkədə siyasi, iqtisadi islahatlar aparmaqla Azərbaycanı güclü, qüdrətli ölkələr sırasına çıxaran cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, diplomatik uğurlarının məntiqi nəticəsi olan bu parad milli qürurumuz idi. Dövlətçilik tariximizə sabitlik və inkişaf illəri kimi yazılan son illərdə aparılan uğurlu siyasəti müdafiə qüdrətimizin gücləndirilməsi ilə də dünyaya çatdıran bu möhtəşəmlik cənab İlham Əliyevin bu sözlərini bir daha təsdiqlədi ki, hər bir azərbaycanlı bu ölkənin vətəndaşı olduğu üçün fəxr edib, qürur duymalıdır. Bu qüruru 26 iyunda Silahlı Qüvvələrimiz Azərbaycan xalqına yaşatdı. “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik” söyləyən Ali Baş Komandanın sərkərdəlik məharəti ilə qüdrətli 50 ordu sırasında adı çəkilən Azərbaycan Ordusu bu ada layiq olduğunu Azadlıq meydanında təsdiqlədi. Bu möhtəşəmlik təkcə müdafiə qüdrətimizin deyil, iqtisadi inkişafımızın, ölkəmizi dünyanın ən qüdrətli ölkələri ilə eyni sıraya yüksəldən lider qətiyyətinin təntənəsi idi.
Beynəlxalq maliyyə təşkilatlarının reytinqlərində, hesabatlarında ən qabaqcıl yerlərdə dayanan Azərbaycan bu qüdrəti ilə sübut etdi ki, təkcə iqtisadiyyatı ilə deyil, hərbi qüdrəti, hərtərəfli təmin olunmuş nizami ordusu ilə regionda, dünyada öncüllüyünü qoruyur və sülhsevər siyasəti ilə fərqlənən, sabit məkan kimi tanınan nadir ölkələrdəndir. Başqalarından fərqli olaraq öz hesabına yaşayan, maddi dəstəyə ehtiyac duymayan ölkəmizdə dövlət büdcəsindən müdafiə məqsədilə ayrılan hərbi xərclərin 15 dəfə artması, hərbi hissələrin, hərbi şəhərciklərin yaradılması Ali Baş Komandanın ölkənin müdafiə qüdrətinin gücləndirilməsinə göstərdiyi diqqətdir. “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir” sözlərinin canlı şahidi olan, Milli Ordumuzun nizam -intizamı, təchizatı ilə öyünən Azərbaycan xalqı əmindir ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.
Digər MDB ölkələrindən fərqli olaraq ilk dəfə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, 20 zavodda 1200-dən artıq hərbi təyinatlı məhsulun istehsalı ordumuzun qüdrətini artıran amillərdəndir. Azərbaycanda iki dəfə- “ADEX-2014”, “ADEX-2016” beynəlxalq müdafiə sərgisinin təşkili Azərbaycanın hərbi qüdrətinin dünya standartları səviyyəsində olduğunu göstərir. Ali Baş Komandanın ordumuzun bir əsrlik yubiley paradındakı qürurverici çıxışı, Azərbaycan xalqının sevincinə sevinc qatan sözləri əsl sərkərdə qətiyyətinin nümunəsi , düşmənə daha bir xəbərdarlıq idi: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.” Dünya siyasətini “idarə edən” “kim güclüdür, o da qalibdir” prinsipinə uyğun ölkənin hərbi potensialının möhkəmləndirilməsi Ali Baş Komandanın çıxışındakı bir həqiqətə aydınlıq gətirir: “Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var.”
Biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir
Ali Baş Komandanın bu sözlərini təsdiqləyən aprel döyüşləri, Lələtəpə əməliyyatı, Günnüt uğuru düşmənə zərbə olmaqla bir həqiqəti də dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Xüsusilə Günnütdə 11 min hektar ərazini işğaldan azad edən, strateji əhəmiyyətli yüksəkliklərdə mövqelərini möhkəmləndirən ordumuzun döyüş qabiliyyətinin artması əminlik yaradır ki, Azərbaycan Ordusu işğalçını cəzasız qoymayacaq, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin, Günnütün davamı kimi digər torpaqlarımız da işğaldan Azərbaycan əsgərinin rəşadəti sayəsində azad olunacaq. Son hədəfə- Xankəndi və Şuşaya yol yaxınlaşır. Lələtəpədə, Ağdərə dağlarında dalğalanan bayrağımız Ermənistanın orduları ilə bağlı yaratdıqları mifi alt-üst etdi.
Aprel döyüşləri, muxtar respublikanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən azad olunması əsgərlərimizin Silahlı Qüvvələrimizin 100 illik yubileyinə, Azərbaycan xalqına hədiyyəsi idi.
Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü, peşəkar, rəşadətli ordudur və istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Sülh danışıqlarına sadiq, eyni zamanda, işğala məruz qalan, düşmənin bütün hərbi obyektlərini, bütün strateji əhəmiyyətli məntəqələrini darmadağın etmək qüdrətinə malik Azərbaycan Ordusu NATO tərkibində münaqişə ocaqlarında sülhyaratma missiyasındakı prinsiplərə də hörmətlə yanaşır.
Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Dünya iqtisadi sisteminə inteqrasiya edən və bu yolda qazandığı uğurlarla nümunə olan Azərbaycanın enerji və nəqliyyat layihələrinə marağın artması, ölkəmizin sivilizasiyalar, qitələrarası körpü rolunu oynaması respublikamızın qazandığı siyasi diplomatik uğurları kimi hərbi qüdrətini də artırır. Müstəqillik yolu ilə dinamik inkişafını davam etdirən Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti bütün sahələrdə olduğu kimi, müdafiə qüdrətimizin gücləndirilməsinə də şərait yaradır. Buna görə də həmişə deyildiyi kimi, böhran vəziyyətində yaşayan, daxili gərginliyin, aksiya və etirazların davam etdiyi Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. “Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın siyasi iradəsinin nəticəsi olaraq bütün qlobal layihələrdən təcrid olunan Ermənistan işğal etdiyi torpaqlarımızı azad etməyənə qədər siyasi dalana dirənmiş vəziyyətində qalacaq. Artıq Ermənistanda korrupsioner iqtidarın məhvə məhkumluğu bütün xalq tərəfindən etiraf olunur. 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycanın bayrağının dalğalanması qələbə müjdəmizdir. Prezident İlham Əliyevin ətrafında birləşən xalq əmindir ki, gün gələcək bayraqlarımız işğaldan azad olunan bütün torpaqlarımızda qalibiyyət rəmzi kimi düşmənə göz dağı olacaq. Hərbi paradda hərbi hazırlıqları, şücaətləri ilə nəyə qadir olduqlarını göstərən milli şahinlərimiz, ölkəmizi sudan, qurudan, havadan qoruyan Silahlı Qüvvələrimizin əsgərləri Ali Baş Komandanın rəhbərliyi ilə qələbəyə imza atacaqlar. Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə keçirilən paradda müşahidə olunan əsgərlərimizin hərbi hazırlığı, qələbə əzmi, xalqın milli ordumuza inamı bu əminliyi yaradır. İnanırıq ki, gün gələcək işğal olunmuş torpaqlarda, Xankəndidə, Şuşada qaldırılan Azərbaycan bayrağı belə tədbirlərdə dalğalanacaq. 15 məzunu Azərbaycanın Milli Qəhrəmanı adını almış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirmələri, kursantları, Vətənimizin qorxmaz, igid övladları - Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçərək xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bildirdilər.
1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin ilk buraxılış mərasimində ulu öndərimiz Heydər Əliyevin “Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını daim qorumağa, Azərbaycan ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər” sözlərini səmada göstərdikləri məharətləri ilə doğruldan, pilotajları ilə sübut edən milli şahinlərimiz hamını heyran etdi. Azərbaycan Ordusunun 100 illik hesabatı olan bu paradın məntiqi nəticəsini belə dəyərləndirmək olar: Azərbaycan Ordusu yenilməzdir, güclüdür. Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir.
Bu möhtəşəmliyi qürurla seyr edən Azərbaycan xalqı deyir: Azərbaycan əsgəri, Vətən gözdür, sən kiprik. Gözümüzü qorumaq, torpaqlarımızı işğaldan azad etməklə şəhidlərimizin narahat ruhunu sevindirmək də sənin müqəddəs vəzifəndir. İnanırıq ki, Ali Baş Komandanın, sərkərdəmizin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək, “Gözün aydın, Azərbaycan” müjdəsini də Azadlıq meydanında qalib addımlarınla verəcəksən. İrəli, Azərbaycan əsgəri!
Xuraman İsmayılqızı, “İki sahil”
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir