27 iyun 2018 22:22
2060

Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir

 İlham Əliyev: Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu

2018-ci il həqiqi mənada xalqımızın yaddaşına,  Azərbaycanın dövlətçilik tarixinə yubileylər ili,  zəfər, qələbə müjdəçisi kimi yazılır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi,  Silahlı Qüvvələrimizin yaranmasının bir əsrlik tarixi də  bu uğurlu ilin taleyinə yazılıb. Ötən ay bir əsrlik yubileyini təntənə ilə qeyd etdiyimiz, mürəkkəb siyasi şəraitdə yaranan AXC-nin  gördüyü işlərdən ən mühümü ordu quruculuğu ilə bağlı olub. Milli Ordunun formalaşmasında isə ən böyük problem milli kadrların çatışmazlığı, ordunu lazımi silah-sursatla təmin etmək üçün  maddi imkanların məhdudluğu idi. Müdafiə qüdrəti olmayan bir dövlətin süqutunun başlıca  səbəblərindən biri də elə ölkənin təhlükəsizliyinin qorunması üçün təkmil ordunun olmamasıdır. Bu çətinlik  ötən əsrdə ikinci dəfə  əldə olunan müstəqillik illərində də hiss olundu.    1991-1993-cü illərdə   yaranan fəlakətlər,  Ermənistanın   hərbi təcavüzü, daxili və xarici qüvvələr tərəfindən təşkil olunan təxribatlar, iqtisadi tənəzzül  torpaqlarımızın itkisi ilə nəticələndi. Nizami  ordunun olmaması  Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. 1992-ci ildə Xalq Cəbhəsi – Müsavat cütlüyünün hakimmiyyəti zorla  ələ alması   çıxılmaz vəziyyəti daha da ağırlaşdırdı. Azərbaycanın müstəqil ölkə kimi yaşaması  şübhə altında idi. «Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi» söyləyən cənab İlham Əliyev Silahlı Qüvvələrimizin bugünkü qüdrətini o ağır illərdə xalqa xilas yolunu göstərən Ulu Öndərin ordu quruculuğu istiqamətində apardı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdi. Azərbaycan xalqının səsinə səs verən  ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı,  ölkəni ağır vəziyyətdən çıxarmaqla  həyatı  əhəmiyyətli islahatların aparılmasını da şərtləndirdi. Ulu öndər Bakıya gələn zaman təbii ki,  nizami ordunu təsəvvür  etmək belə mümkün deyildi.  Ayrı-ayrı qrup rəhbərlərinin, siyasi partiya  sədrlərinin şəxsi maraqlarına «xidmət edən»  könüllü dəstələr haqqında  ordu ifadəsini işlətmək   mümkün deyildi. Ona görə də Ulu Öndər tərəfindən qəbul edilmiş  inkişaf strategiyasında  nizami ordunun yaradılması xüsusi yer tutur. «Sülh danışıqlarını cəsarətlə apara bimək üçün güclü orduya malik olmaq lazımdır»  söyləyən, çox illik zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər hakimiyyətə qayıdışı ilə ilk apardığı islahatların ordu quruculuğu ilə bağlı olması  təsadüfi deyildi. Naxçıvan MR Ali Məclisinin sədri olarkən  muxtar respublikada illərdən bəri kök salan sovet ordusuna  məxsus silah-sursatları  yeni yaradılan Milli Ordunun əsgərlərinə verməklə  ordu quruculuğu isttiqamətində apardığı islahatları bütün respublikada həyata keçirdi. İlk olaraq qanunsuz fəaliyyət göstərən  könüllü dəstələr ləğv olundu. Hələ sovetlər dönəmində  siyasi iradəsinin nəticəsi kimi 1971-ci ildə yaratdığı Azərbaycan Ordusunun  formalaşmasında müstəsna rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kadrlarını ordu quruculuğuna cəlb etdi.   Sərkərdə kimi subut etdi ki,  xalqla ordunun birliyi dövləti  qüdrətli edir.

Azərbaycan Ordusu  dünyanın ən güclü  orduları sırasındadır

Dövlət başçımız, Ali Baş Komandanı cənab İlham Əliyevin bu sözlərini  Azərbaycan Silahlı  Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən parad da təsdiqlədi. 1993-cü ildən sonra tərəqqi yolu ilə  inkişaf edən, ölkədə siyasi, iqtisadi isalahtalar aparmaqla Azərbaycanı güclü, qüdrətli ölkələr sırasına çıxaran cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, diplomatik  uğurlarının məntiqi nəticəsi olan bu parad milli qururumuz idi.  Dövlətçilik tariximizə sabitlik və inkişaf illəri kimi yazılan  son illərdə  aparılan uğurlu siyasəti müdafiə qüdrətimizin gücləndirilməsi ilə də dünyaya çatdıran bu möhtəşəmlik  cənab İlham Əliyevin bu sözlərini bir daha təsdiqlədi ki, hər bir azərbaycanlı  bu ölkənin vətəndaşı olduğu üçün fəxr edib, qürur duymalıdır. Bu qüruru  26 iyunda  Silahlı Qüvvələrimiz Azərbaycan xalqına yaşatdı. «Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik» söyləyən  Ali Baş Komandanın sərkərdəlik məharəti ilə  qüdrətli  50 ordu sırasında adı çəkilən Azərbaycan Ordusu bu ada layiq olduğunu Azadlıq meydanında  təsdiqlədi. Bu möhtəşəmlik təkcə müdafiə qüdrətimizin deyil, iqtisadi inkişafımızın,   ölkəmizi dünyanın ən qüdrətli ölkələri ilə eyni sıraya yüksəldən lider qətiyyətinin təntənəsi idi.

Beynəlxalq maliyyə təşkilatlarının  reytinqlərində,  hesabatlarında ən qabaqcıl yerlərdə dayanan Azərbaycan bu qüdrəti ilə subut etdi ki, təkcə iqtisadiyyatı ilə deyil, hərbi qüdrəti, hərtərəfli təmin  olunmuş nizami ordusu ilə  regionda, dünyada öncüllüyünü qoruyur və   sülhsevər siyasəti ilə  fərqlənən, sabit məkan kimi tanınan  nadir ölkələrdəndir. Başqalarından fərqli olaraq öz hesabına yaşayan,  maddi dəstəyə ehtiyac duymayan  ölkəmizdə dövlət büdcəsindən müdafə məqsədilə ayrılan  hərbi xərclərin 15 dəfə artması, hərbi hissələrin, hərbi şəhərciklərin yaradalması  Ali Baş Komandanın ölkənin müdafiə qüdrətinin  gücləndirilməsinə göstərdiyi diqqətdir. «Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilir» sözlərinin canlı şahidi olan,  Milli Ordumuzun  nizam –intizamı,  təchizatı ilə  öyünən Azərbaycan  xalqı əmindir ki,  torpaqlarımızın işaldan azad olunacağı gün uzaqda deyil.

Digər MDB ölkələrindən fərqli olaraq ilk dəfə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması, 20 zavodda 1200-dən artıq hərbi təyinatlı  məhsulun istehsalı  ordumuzun qüdrətini  artıran  amillərdəndir. Azərbaycanda iki dəfə- «ADEX-2014», «ADEX-2016» beynəlxalq müdafiə sərgisinin təşkili Azərbaycanın hərbi qüdrətinin dünya standaratları səviyyəsində  olduğunu göstərir. Ali Baş Komandanın  ordumuzun bir əsrlik  yubiley paradındakı qürurverici çıxışı,  Azərbaycan xalqının  sevincinə sevinc qatan  sözləri əsl sərkərdə qətiyyətinin nümunəsi , düşmənə daha bir xəbərdarlıq idi: «Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.» Dünya siyasətini «idarə edən» «kim güclüdür, o da qalibdir» prinsipinə uyğun ölkənin  hərbi potensialının möhkəmləndirilməsi Ali Baş Komandanın çıxışındakı  bir həqiqətə aydınlıq gətirir: «Güc amili dünyanın müxtəlif bölgələrində əsas amil kimi çıxış edir. Belə olan halda əlbəttə ki, bizim apardığımız siyasət düzgün siyasətdir. Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var.»

Biz elə bir güclü  ordu yaratmışıq ki,  düşmənin bütün strateji hədəflərini  məhv etməyə qadirdir

Ali Baş  Komandanın bu sözlərini təsdiqləyən aprel döyüşləri, Lələtəpə əməliyyatı, Günnüt uğuru  düşmənə zərbə olmaqla bir həqiqəti də dünya ictimaiyyətinə bəyan etdi ki,  Azərbaycan  heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Xüsusilə   Günnütdə 11 min hektar ərazini işğaldan azad edən, strateji əhəmiyyətli yüksəkliklərdə  mövqeylərini möhkəmləndirən ordumuzun döyüş qabiliyyətinin artması əminlik yaradır ki,  Azərbaycan Ordusu işğalçını cəzasız qoymayacaq,  Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin, Günnütün davamı kimi   digər torpaqlarımız da işğaldan Azərbaycan əsgərinin rəşadəti sayəsində  azad olunacaq. Son hədəfə-  Xankəndi və Şuşaya yol yaxınlaşır. Lələtəpədə,  Ağdərə dağlarında dalğalanan bayrağımız Ermənistanın orduları ilə bağlı   yaratdıqları  mifi alt-üst etdi.
Aprel döyüşləri, muxtar respublikanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordu tərəfindən  azad olunması  əsgərlərimizin Silahlı Qüvvələrimizin 100 illik yubileyinə, Azərbaycan xalqına  hədiyyəsi idi.

Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü,  peşəkar, rəşadətli ordudur və  istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdərtindədir. Sülh danışıqlarına sadiq, eyni zamanda,  işğala məruz qalan, düşmənin bütün hərbi obyektlərini, bütün strateji əhəmiyyətli məntəqələrini darmadağın etmək qüdrətinə malik Azərbaycan Ordusu NATO tərkibində  münaqişə ocaqlarında sülhyaratma missiyasındakı prinsiplərə də  hörmətlə yanaşır.

Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq

Dünya iqtisadi sisteminə inteqrasiya edən və  bu yolda qazandığı uğurlarla  nümunə olan Azərbaycanın  enerji və nəqliyyat layihələrinə marağın artması, ölkəmizin sivilizasiyalar, qitələrarası  körpü rolunu oynaması respublikamızın qazandığı  siyasi diplomatik uğurları kimi hərbi qüdrətini də artırır. Müstəqillik yolu ilə  dinamik inkişafını davam etdirən Azərbaycanın   iqtisadiyyatın şaxələndirilməsi siyasəti  bütün sahələrdə olduğu kimi, müdafiə qüdrətimizin gücləndirilməsinə də şərait yaradır. Buna görə də  həmişə  deyildiyi kimi,  böhran vəzyyətində yaşayan, daxili gərginliyin, aksiya və etirazların davam etdiyi  Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. «Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın siyasi iradəsinin nəticəsi olaraq bütün qlobal layihələrdən  təcrid olunan Ermənistan  işğal etdiyi  torpaqlarımızı azad etməyənə qədər siyasi dalana dirənmiş vəziyyətində  qalacaq. Artıq Ermənistanda  korrupsioner iqtidarın məhvə məhkumluğu bütün xalq tərəfindən etiraf olunur. 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycanın  bayrağının dalğalanması qələbə müjdəmizdir. Prezident İlham Əliyevin ətrafında birləşən xalq əmindir ki, gün gələcək  bayraqlarımız işğaldan azad olunan bütün torpaqlarımızda   qalibiyyət rəmzi kimi  düşmənə göz dağı olacaq. Hərbi paradda  hərbi hazırlıqları, şücaətləri ilə nəyə qadir olduqlarını göstərən milli şahinlərimiz,   ölkəmizi sudan, qurudan, havadan qoruyan Silahlı Qüvvələrimizin əsgərləri Ali Baş Komandanın rəhbərliyi ilə qələbəyə imza atacaqlar. Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə keçirilən paradda müşahidə olunan əsgərlərimizin hərbi hazırlığı,  qələbə əzmi,   xalqın milli ordumuza  inamı  bu əminliyi yaradır. İnanırıq ki, gün gələcək işğal olunmuş torpaqlarda, Xankəndidə, Şuşada  qaldırılan Azərbaycan bayrağı belə tədbirlərdə  dalğalanacaq. 15 məzunu Azərbaycanın Milli  Qəhrəmanı adını almış Heydər Əiyev adına Azərbaycan Ali Hərbi  Məktəbinin yetirmələri, kursantları,   Vətənimizin qorxmaz, igid övladları – Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin hərbi qulluqçuları, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları tribuna önündən keçərək  xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bildirdilər.

1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin ilk buraxılış mərasimində ulu öndərimiz Heydər Əliyevin «Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını daim qorumağa, Azərbaycan ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər» sözlərini   səmada göstərdikləri məharətləri ilə doğruldan,  pilotajları ilə subut edən milli şahinlərimiz  hamını heyran etdi.  Azərbaycan Ordusunun 100 illik hesabatı olan  bu paradın  məntiqi nəticəsini belə dəyərləndirmək olar: Azərbaycan Ordusu yenilməzdir, güclüdür. Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir.

Bu möhtəşəmliyi qürurla  seyr edən Azərbaycan xalqı deyir:  Azərbaycan əsgəri,  Vətən gözdür, sən kiprik. Gözümüzü qorumaq, torpaqlarımızı işğaldan azad etməklə şəhidlərimizin narahat  ruhunu sevindirmək   də sənin müqəddəs vəzifəndir. İnanırıq ki, Ali Baş Komandanın,  sərkərdəmizin rəhbərliyi ilə torpaqlarımızı  işğaldan azad edəcək,   «Gözün aydın, Azərbaycan» müjdəsini də Azadlıq meydanında qalib addımlarınla  verəcəksən. İrəli, Azərbaycan əsgəri!  

Xuraman İsmayılqızı, «İki sahil»