Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü qeyd olunur
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 100 il ötür. Düz 100 il bundan əvvəl - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.
Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərbi Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Hərbi Nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Müasir Azərbaycan dövlətinin qurulması və inkişafı dövrü heç şübhəsiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın təhlükəsiz gələcəyinə təminat verən çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini ordu quruculuğu təşkil edir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə siyasi-ictimai vəziyyət olduqca gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da bu, sadəcə olaraq kağız üzərində qalmışdı. O vaxtki iqtidarın yaratdığı xaos və özbaşınalıq ordu quruculuğuna da öz mənfi təsirini göstərirdi. Düşmən torpaqlarımızın işğalını davam etdirdiyi halda silahlı birləşmələrimiz ayrı-ayrı insanların, separatçı qrupların maraqlarına xidmət edirdi. Əfsuslar olsun ki, ordumuzdakı bu acınacaqlı vəziyyət torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın vətəndaşımızın didərgin düşməsi ilə nəticələndi. Lakin hər zaman çətin məqamlarda düzgün və qətiyyətli qərarlar qəbul etmiş xalqımız bu dəfə də öz iradəsini ortaya qoyaraq ulu öndər Heydər Əliyevi hakimiyyətə gətirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində yeni mərhələnin təməli qoyuldu. Ulu Öndərin yüksək bacarığı və hərb işinin incəliklərinə peşəkar yanaşma qabiliyyəti ordumuzdakı mürəkkəb problemləri tamamilə həll etdi. Dahi şəxsiyyət Heydər Əliyev 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başladı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edildi.
Ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər hazırda cənab Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bütün sahələrdə olduğu kimi, hərbi quruculuq sahəsində də dahi şəxsiyyət Heydər Əliyevin siyasətini uğurla davam etdirməkdədir.
Hazırda Azərbaycan ilə NATO arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyir. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib. Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur. Yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb.
2016-cı ilin aprelində ordumuzun uğurlu əks-hücum əməliyyatı zamanı düşmənə sarsıdıcı zərbələr vurması, tariximizə şanlı aprel qələbəsini yazması dediklərimizin təsdiqidir. Dörgünlük müharibədə Azərbaycan Ordusu 20 ildən artıq müddətdə düşmən işğalında olan ərazilərimizin 2 min hektarını azad etdi və erməni silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi. Ermənilərin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Cəbrayıl istiqamətindəki strateji yüksəkliklər nəzarətə alındı. Düşmənin hərbi-siyasi strategiyası iflasa uğradı. Ermənistanın hərbi strukturundakı problemlər və boşluqlar ortaya çıxdı. Məhz bu uğurlu döyüşün nəticəsi olaraq, işğal ərazisinə “Böyük Qayıdış”ın əsası qoyuldu. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri öz dədə-baba torpaqlarında hər cür infrastruktura malik evlərdə təhlükəsiz şəraitdə yaşayırlar. Artıq düşmən tərəfi tam əmindir ki, Azərbaycan bütün sahələrdə, o cümlədən hərbi sferada Ermənistanı dəfələrlə qabaqlayır. Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin fəaliyyətinə ən böyük qiyməti Ali Baş Komandan cənab İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, aprel savaşı bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin və ordumuzun gücünü göstərən amildir: “Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək”.
2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hərbi parad keçirildi. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun növbəti hərbi paradı keçirildi. Ondan sonrakı hərbi parad isə 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 95 illiyinə həsr edildi. Bu gün isə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək. Hərbi paradda Azərbaycan Ordusunun ən müasir silah və texnikaları nümayiş etdiriləcək.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkəmizin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.
Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilir. Müxtəlif xarici ölkələrə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dünyanın qabaqcıl silah istehsalçısı olan müəssisələrdə olması və əməkdaşlığa dair sazişlər imzalaması bunları deməyə tam əsas verir. Ali Baş Komandanın tapşırığına əsasən, 2018-ci ildə də ordu quruculuğu prioritet sahələrdən biridir. Əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu hər bir əmri dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır. Qarşıda duran ən mühüm vəzifə isə torpaqlarımızı işğaldan tezliklə azad edərək xalqımız və dövlətimiz tərəfindən Silahlı Qüvvələrə göstərilən etimadı doğrultmaqdır. Azərbaycan Ordusu gecə-gündüz əzmlə çalışmaqla bu hədəfə doğru inamla yaxınlaşır.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir