Ötən ay Ermənistanda sabiq prezident S.Sarkisyana qarşı istefa tələbi, xalqı meydanlara çağıran Nikol Paşinyanın ölkənin baş naziri seçilməsi, Qarabağ erməniləri ilə İrəvan erməniləri arasında yaranan qarşıdurmalar, separatçı rejim “Dağlıq Qarabağ Respublikası”ndakı güc strukturlarının əhaliyə qarşı ədalətsiz münasibəti, güc tətbiqi, korrupsioner ölkənin generalı Manvel Qriqoryanla bağlı qaldırılan cinayətlər, ölkədə artıq yeni baş nazirə etimadsızlıq çağırışlarının səslənməsi, parlamentdə Sarkisyanın tərəfdarlarının sıxışdırılması və sair hadisələrlə yadda qaldı. Mahiyyətinə və xarakterinə görə biri-birindən ağır ittihamlar üçün mözvu, ölkədə daxili gərginliyin artmasına səbəb olan adıçəkilən hadisələr fonunda Ermənistandakı vəziyyət barədə təsəvvür yaratmaq olar. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin əhalisinin ən adi sosial müdafiəsinin təminatı üçün imkanlarının məhdudluğu, təmas xəttindəki uğursuzluqları, iqtidarın günahı üzündən cəbhədə övladları öldürülən, səfalət içərisində qalan ordunun hərbi hissələrində komandanlığın qeyri-etik davranışları səbəbindən əziyyət çəkən, fərarilik edən əsgər valideynlərinin hələ də davam edən etirazları da deyilənlərə əlavə olunsa Ermənistanın bir dövlət kimi varlığının şübhə altında qalması ilə bağlı deyilənlərin həqiqət olduğunun izahına ehtiyac yoxdur.
Ermənistanda hələ də səngiməyən daxili gərginlik yaxşı heç nə vəd etmir. Aylarla meydanlarda Paşinyanın populist çıxışlarına inanaraq “xoş gün” arzusunda olanların ümidləri doğrulmadı. Hakimiyyətə gəldiyi ilk gündən siyasətdə piyada olduğunu Dağlıq Qarabağla haqqındakı cəfəng iddiaları ilə bildirən Paşinyanın “separatçı rejimin danışıqlarda tərəf kimi iştirakı” barədəki “tezisləri” ilk olaraq havadarları tərəfindən qəbulolunmaz “təklif”, beynəlxalq hüquq normalarına uyğun olmayan yanaşma adlandırıldı.
Onu dəstəkləyənlərin planlarına uyğun kresloya iyiyələndiyi ilk gündən separatçı “Dağlıq Qarabağ Respublikası”na səfər etməklə guya “Böyük Ermənistan” xəyalının, ümumerməni hərəkatının, daşnak siyasətinin davamçısı” olduğunu əsas məqsədi kimi bildirməyə çalışan Paşinyanın bu addımına cavab özünü çox gözlətmədi. Azərbaycan əsgərinin aprel döyüşlərindən, Lələtəpə əməliyyatından dərs almayan işğalçı Ermənistana növbəti xəbərdarlıq daim arzularında olduqları Naxçıvandan gəldi. Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artmaqla, “baş nazirin” güc strukturlarına yeni təyin etdiyi kadrların elə özünə layiq səviyyədə olduğunu göstərdi. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə olan və strateji əhəmiyyətli Qızılqaya və Qaraqaya dağlarında mövqeləri ələ keçirən müxtar respublikadakı Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri artıq İrəvan- Yexeqnadzor- Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət edirlər. Hərbi üstünlüyü əldə edən Azərbaycan əsgərləri Günnüt kəndini də işğaldan azad etdi. Günnütün azad olunması bir daha göstərdi ki, hakimiyyətə gəldiyi ilk gündən iddialı çıxışları ilə xalqını aldadan Nikol Paşinyanı sələfi Serj Sarkisyanın aqibəti gözləyir. Paşinyanın hələ də müəmmalı gedişləri, əsası olmayan açıqlamaları da göstərir ki, daşnak ideyalarını miras kimi nəsildən-nəslə ötürən babaları kimi, Paşinyan da qana hərisliyi genlərində yaşadan “hay”ların xarakterik nümunəsidir. Amma onun unutduğu əsas məsələ babalarına, qulağı kəsik androniklərə nəsib olan tarixi dərslərdir.
Cəbhədə olduğu kimi, iqtisadi inkişafı, beynəlxalq aləmdə möhkəmlənən nüfuzu ilə işğalçı Ermənistanla müqayisəolunmaz dərəcədə üstünlüyə malik Azərbaycanın torpaqlarını hər an azad etməyə qadir olduğunun beynəlxalq səviyyədə etirafı Azərbaycana göstərilən dəstək diplomatik və siyasi uğurumuzdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi bazası təbii ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarlarıdır. BMT-dən sonra ən çox üzvü olan Qoşulmama Hərəkatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti (AP), AŞPA, GUAM digər təşkilatların ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı münasibətləri münaqişənin həlli üçün hüquqi bazanın möhkəmlənməsi deməkdir. Münaqişənin həlli üçün iqtisadi zəmin də yaradılıb. Gücü, qüdrəti, təminatı baxımından dünyanın ən güclü 50 ordusu arasında yer alan Azərbaycan Silahlı Qüvvələri NATO standartları səviyyəsində formalaşıb, təkmilləşib. Separatçı rejimdə keçirilən referendumun tanınmaması da Azərbaycanın diplomatik uğurudur. Avropa Parlamentinin rəsmi bəyanatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli mövqe nümayiş etdirildi. Ermənipərəst dairələrin təsiri altında olan Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz, ikili standartlardan qaynaqlanan münasibətini qəbuledilməz adlandıran Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində ölkəmizə qarşı münasibətində korrektələr edən AP da artıq Ermənistanın işğalçılıq siyasətini yolverilməz hesab edir.
Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Artıq köhnə qitə dövlətləri də separatizmin təhlükəli meyil olduğunu təcrübədən hiss edirlər. Bu baxımdan təcavüzkar separatizmlə üzləşən Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlərin sayı artmaqdadır. Nəticə etibarilə münaqişələrlə bağlı dünyada gedən proseslərə yanaşma dəyişilib. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə ilə quruma üzv ölkələrin suverenliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin birmənalı şəkildə dəstəklənməsi bu formada qəbul olunan ilk sənəd idi. “Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq” söyləyən cənab İlham Əliyev bildirir ki, ölkəmizə qarşı qəbuledilməz hər bir hərəkətə cavabımızı verir, sözümüzü deyir, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”un heç bir ölkə tərəfindən tanınmaması sübut edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır. Başqa ölkələrlə yaradılan əməkdaşlıq formatlarından Ermənistanın tamamilə kənarda qalması, qlobal layihələrdən təcrid olunması da göstərir ki, siyasi, iqtisadi, hərbi baxımdan müstəqil olmayan Ermənistan satellit ölkədir. Rüşvətxorluq, oğurluq, korrupsiya hallarının dövlət siyasətində belə dəstəkləndiyi, vətəndaşları kütləvi surətdə ölkəni tərk edən, investisiya mühiti bərbad olan Ermənistan investorlar üçün maraqlı deyil. ATƏT-in Belə bir mənzərə ilə üzləşən erməni xalqı çox ciddi fikirləşməli və anlamalıdır ki, Ermənistan rəhbərliyinin Azərbaycana qarşı işğalçı siyasətinin gələcəyi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü onsuz da bərpa edəcək. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanan bayrağımız işğaldan azad olunan digər ərazilərimizdə də düşmənə göz dağı olacaq. Çünki indiki vəziyyət istər Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul deyil. Minsk qrupunun həmsədrləri olan ölkələr - Rusiya, Fransa və ABŞ dövlət başçıları səviyyəsində birgə bəyanatlarında dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir və o, dəyişməlidir. İşğalın aradan qaldırılması üçün hüquqi baza olan qətnamələr öz qüvvəsini saxlasa da onları yerinə yetirməkdən imtina edən Ermənistana sanksiyalar tətbiq olunmalıdır. Təmas xəttində təxribatlar törədən Ermənistan bu hərəkəti ilə daxili gərginliyi yatırmağa çalışır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələri vəhşi kimi dağıdan Ermənistanın ekoloji terroru ATƏT-in faktaraşdırıcı missiyası tərəfindən də təsdiq olunmuşdur. Qeyd olunduğu kimi, işğal altında qalan ərazilərimizdə məscidlər, məzarlar, tarixi abidələr, muzeylər dağıdılıb, qiymətli əşyalar talan edilib. Bu vəhşilikləri, Xocalı soyqırımını törədən, cəlladlar ədalət məhkəməsi qarşısında əməllərinin cavabını verməlidirlər.
“Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həllində maraqlıdır. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik” söyləyən cənab İlham Əliyev bildirir ki, Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Ancaq sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal diktatura rejiminə son verilməlidir. Sülh Ermənistana daha çox lazımdır. İşğalçı ölkədə demoqrafik vəziyyət kritik həddədir. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Erməni xalqı, baş nazir Nikol Paşinyan artıq bilməlidir ki, Ermənistan öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. İllərdən bəri hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim ölkəni iflic vəziyyətinə salıb. Hər il ölkəni 40 mindən çox insan həmişəlik tərk edir.
Azərbaycanın diplomatik uğurları nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və xalq da bilir ki, ölkənin gələcək taleyi çox qaranlıqdır. Azərbaycan isə bütün imkanlardan, artan hərbi gücündən, iqtisadi potensialından, siyasi imkanlarından istifadə edərək ərazi bütövlüyünün təminatına nail olacaq Buna görə də erməni xalqını uçuruma aparan kriminal rejim işğalçılıq siyasətinə son qoymalıdır. Əks halda bu vəzifəni güclü , qüdrətli Azərbaycan Ordusu yerinə yetirəcək.
Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycanın prinsipial mövqeyi budur ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. “O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır” sözləri ilə sülh tərəfdarı olduğunu bildirən cənab İlham Əliyev vurğulayır ki, bütün münaqişələr kimi, Dağlıq Qarabağ problemi də öz həllini bir prinsip əsasında tapmalıdır: xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir.
İndi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır.
Hüquqi əsas odur ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və heç vaxt tanımayacaq. Tarixi əsaslar münaqişənin həlli ilə bağlı Azərbaycanın bu mövqeyini dəstəkləyir: Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək. “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi xarici siyasətimizin əsas istiqamətləri tarixi torpaqlara qayıtmaqdır. Hadisələr, ordumuzun güclənməsi, bəzi ərazilərin işğaldan azad olunması göstərir ki, siyasi və strateji hədəfimizə yaxınlaşırıq. Azərbaycanın hərbi sahədə apardığı siyasət özünü tam doğrultdu. “Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm ki, dünyanın aparıcı ölkələri də daim silahlanırlar və bu proses bir çox ölkələr üçün də xasdır. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritetdir.
Xuraman İsmayılqızı, “İki sahil”
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir