21 iyun 2018 15:27
1601

İlham Əliyev: TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir” söyləyən ulu öndər Heydər Əliyev neft strategiyasını hazırlamaqla həqiqətən Azərbaycanın xilas, dünyaya inteqrasiya yolunu müəyyənləşdirdi. Müstəqilliyimizin ilk illərində ölkədə iqtisadi böhrandan çıxış yolunu təbii sərvətimiz olan neft və qaz ehtiyatlarını Avropaya çıxarmaqla müəyyənləşdirən Ulu Öndər onillər üçün nəzərdə tutulan inkişaf konsepsiyasını zamanın tələbinə uyğun hazırladı, parametrləri dəqiqləşdirdi. Əfsanəyə bənzəyən “Əsrin müqaviləsi” ilə bağlı ideyalarını neft strategiyasının həllində görən Ulu Öndər bütün dünyaya müdrik siyasətçi, təcrübəli dövlət başçısı olduğunu sübut etdi. Azərbaycanın informasiya blokadasına alındığı, Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, dövlət büdcəsinin səbatsız iqtidar tərəfindən dağıdıldığı bir zamanda təbii ki, belə məsuliyyətli addım atmaq böyük risk, tükənməz iradə və cəsarət tələb edirdi. Cəbhə bölgəsində atəşkəsin yenicə bərpa olunduğu, dövlət idarəetmə strukturlarının hələ də formalaşmadığı, region ölkələrilə münasibətlərdə gərginliyin hökm sürdüyü , ən əsası isə Xəzərin hüquqi statusu ilə bağlı mövqelərin kəskin fərqləndiyi, ikili standartlardan əziyyət çəkən Azərbaycana təzyiqlərin artdığı bir dövrdə belə bir kontraktın imzalanması qeyri -adi cəsarət, iradə, böyük nüfuz, etimad və etibar tələb edirdi. Lakin prinsipial xarakterə malik, dünya siyasətinin incəliklərinə dərindən bələd olan ümummilli lider Heydər Əliyev bütün maneələri siyasi iradəsi, zəkası ilə aşa bildi.

O dövrdə ölkəmizə edilən təsir və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının yenilməzliyinə, birliyinə, cəsarətinə güvənərək qətiyyətli öndər kimi neft strategiyasını müdrikliklə həyata keçirən Heydər Əliyev bütün çətinliklərə qalib gələrək şəxsi nüfuzu sayəsində dünyanın ən iri neft şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət etdi və məqsədinə nail oldu. Xəzərdəki karbohidrogen ehtiyatlarını Azərbaycan iqtisadiyyatının dirçəlməsi və dünya üçün “kəşf edən” Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası üçün şərait yarandı.

1994-cü ildə I Beynəlxalq Xəzər neft-qaz sərgisinin keçirilməsindən sonra Azərbaycanın neft strategiyasından bəhrələnən ünvanların sayı artdı. Beləliklə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri böyük tarixi nailiyyət kimi salnaməmizə yazıldı. Bu kəmərlər Azərbaycana böyük həcmdə valyuta ehtiyatları yaratmaq imkanı qazandırdı. Həmin ehtiyatlar respublikanın əsas inkişaf istiqamətlərinə, ən vacib infrastruktur layihələrin həllinə yönəldildi. İnsanların rifah halı yaxşılaşdı, ölkəmizin,xususilə bölgələrin iqtisadi inkişafı təmin edildi.

“1994-cü ilin sentyabr ayında tarixi müqavilə “Əsrin kontraktı” imzalanmışdır və bu, ölkəmizə böyük həcmdə xarici sərmayənin yatırılmasına gətirib çıxarmışdır. Əgər 1994-cü ildə o tarixi addım atılmasaydı, indi ölkəmizin inkişafını təsəvvür etmək çox çətin olardı” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, o illərdə xarici investorlar Azərbaycanın etibarlı bir dövlət olduğuna inandılar: “Baxmayaraq ki, Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı. Xarici sərmayələrin qoyuluşu, investorlara çox yaxşı şəraitin yaradılması, eyni zamanda, imzalanmış bütün kontraktlarda Azərbaycanın milli maraqlarının qorunması bu uğurlu əməkdaşlığımızın əsas şərti idi. Həm investorların, həm dövlətin, həm də Azərbaycan xalqının maraqları üst-üstə düşürdü. Məhz bu gözəl əməkdaşlıq ruhu bu gün Azərbaycanın, nəinki neft-qaz sektorunda, bütün başqa sahələrdə uğurlu inkişafını təmin edir. Neft-qaz sahəsində xarici tərəfdaşlarla qazandığımız təcrübə bizə imkan verir ki, başqa sahələrdə də investisiyaları cəlb edək, xarici şirkətlərlə uğurla əməkdaşlıq edək və ölkəmizin şaxələndirilmiş inkişafını təmin edək.”

Bu gün gerçəkləşən enerji layihələrini “Üç dəniz əfsanəsi”nin uğuru adlandıranların qeyd etdikləri kimi, Bakı - Tbilisi-Ceyhan neft kəməri inşa olunmasaydı, Bakı-Tbilisi- Ərzurum qaz kəməri çəkilməsəydi “Şahdəniz” yatağından qaz hasilatı mümkün ola bilməzdi. Böyük maraq doğuran TANAP, TAP, Cənub Qaz Dəhlizinin reallığından söhbət gedə bilməzdi. İndi Azərbaycanın enerji layihələrinə istənilən nöqteyi - nəzərdən yanaşsaq görərik ki, həqiqətən ölkəmizin təbii sərvətləri Azərbaycan xalqına xidmət edir və həyata keçirilən layihələr respublikamızın dünya enerji bazarında rolunu, çəkisini artırır. Təbii sərvətlərimiz tək Azərbaycana gəlir gətirmir, regionda sabitlik yaradır, layihələrdə iştirak edən dövlətlərin xalqlarına sülh, sabitlik, rifah gətirir, beynəlxalq münasibətlərdə yeni əməkdaşlıq formatları gerçəkləşdirir.

Bakıda Cənub Qaz Dəhlizinin, Əskişəhərdə TANAP-ın açılış mərasimlərində çıxış edənlər bir neçə il bundan əvvəl çoxlarına xəyal kimi görünən layihələrin dünya enerji bazarının xəritəsini dəyişdiyini qeyd etməklə bu təşəbbüsün əsas müəllifləri olan Türkiyə-Azərbaycan dostluğunun bölgədə sabitliyin təminatına verdiyi töhfələri də yüksək dəyərləndirdilər. “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” söyləyən Prezident İlham Əlyevin sözlərini qarşılıqlı münasibətlərin təntənəsi kimi dəyərləndirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr- İlham qardaşım bunu çox yaxşı bilir,- buna xülya dedilər, həyata keçirilməsi mümkün deyil, dedilər. Amma biz səbr etdik, dözüm göstərdik. Doğru bildiyimiz yolla qətiyyətlə irəlilədik və israr etdik. Nəticədə isə bu gün bərabər yaşadığımız qürur tablosuna şahid oluruq. İndi qarşımızda daha böyük hədəflər, yeni layihələr var. İndi qarşımızda buradan aldığımız ilhamla yeni uğur hekayələri yazmaq var” sözləri qardaşlığımızın əbədilik rəmzi oldu.

Enerji layihələrinin gerçəkləşməsində azərbaycanlı həmkarının təşəbbüslərini xalqlararası birlik və həmrəyliyin möhkəmlənməsinə təkan verən qətiyyət və siyasi iradə kimi dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Türkiyə, yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməri, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən, yeni layihələrin müjdəçisi olan TANAP Türkiyə-Azərbaycan ortaq baxışının növbəti bəhrəsidir. Siyasi iradənin məntiqi nəticəsi olan TANAP həm də iqtisadi sabitliyə xidmət edəcək dostluq, əməkdaşlıq kəməridir, ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin açılışı enerji təminatındakı infrasrukturun gücləndirilməsini təmin edən neft və təbii qaz axtarışında yeni dövrün başlanğıcı deməkdir.

“Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil olunan təbii qazın Türkiyəyə, Avropaya nəqlini nəzərdə tutan, Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP Azərbaycan-Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bəhrəsi olan Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin davamçısı olmaqla mahiyyət və əhəmiyyəti ilə diqqəti cəlb edir. Texniki və maliyyə baxımından mürəkkəb layihə olan TANAP-ın istismara verilməsi dost ölkələrin milli təhlükəsizliyi ilə eyni dərəcədə aktual olan enerji təhlükəsizliyinin qorunmasına da etibarlı töhfədir.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. “Cənub Qaz Dəhlizi”nin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir” sözləri ilə infrastruktur layihələrinin şaxələndirilməsinin regional əhəmiyyətini bir daha diqqətə çatdıran cənab İlham Əliyev onu da əlavə edir ki, Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində daha böyük işlərin görülməsi ilə əməkdaşlıq formatının genişlənməsi mümkün olacaq və dövlətlərin enerjiyə tələbatının ödənilməsi baxımından ən sərfəli mənbədir.

Zamanın ən mütərəqqi layihəsi olan TANAP əməkdaşlıq, strateji əhəmiyyət daşıyan ən yaxşı nümunədir. Ukraynanın Prezidenti Petro Paraşenkonun vurğuladığı kimi, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz birliyi sayəsində reallaşan “Cənub Qaz Dəhlizi”, TANAP Avropanın enerji təhlükəsizliyi, Avropanın qaz təchizatının şaxələndirilməsi və Avropanın rəqabətliliyi deməkdir.

Azərbaycanın layihələrin şaxələndirilməsi siyasətinə uyğun həyata keçirilən enerji layihələrinə marağın artması sübut edir ki, neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu geniş, geosiyasi gündəliyin böyük tərkib hissəsidir. Enerji təhlükəsizliyi məsələləri nəinki bu resursları istehlak edən, tərəfdaş ölkələrin iqtisadi inkişafı üçün strateji əhəmiyyətli amildir. Eyni zamanda istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları arasında tarazlıq və bu maraqların üst-üstə düşməsi birgə səylərin əsasını təşkil edir.

Bu gün Azərbaycan dünya enerji bazarında tutduğu mövqeyə görə fərqlənirsə, bu nailiyyət neft strategiyasının uğurlu həlli ilə qazanılmışdır. Beləliklə, tarixdə ilk dəfə olaraq Xəzər - Qara- Aralıq dənizlərini birləşdirən çoxşaxəli kəmərlər şəbəkəsi ilə dövlətlərin əməkdaşlıq formatı təşəkkül tapdı. Sonralar bu əməkdaşlıq başqa sahələrin inkişafına da təsir etdi. Bu gün məhz bu format, əməkdaşlıq dəhlizi vasitəsilə böyük infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yoluna “ yaşıl işıq” yandırıldı.

Xatırladaq ki, Azərbaycanın enerji sahəsindəki əməkdaşlıq çağırışları ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənib. ABŞ-Azərbaycan strateji tərəfdaşlığında enerji sahəsində əməkdaşlıq əsas prioritetlərdən biri kimi aktuallığını illərdən bəridir ki, qoruyur. 2006-cı ildə Brüsseldə “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bakı Bəyannaməsində (2008-ci il), Praqa Zirvə görüşünün müvafiq Enerji Bəyannaməsində (2009-cu il) enerji təhlükəsizliyi ilə əlaqədar əməkdaşlıq münasibətləri müəyyənləşdirilib. 2011-ci ildə Bakıda imzalanan “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannamə isə əvvəlki razılaşmaların daha geniş coğrafiyasını əhatə etməklə əməkdaşlığın yeni mərhələ üzrə davamını rəsmiləşdirdi. Azərbaycan qazını Türkiyə ərazisindən nəql edəcək TANAP üzrə Hökumətlərarası Saziş 2012-ci ildə imzalanmışdır. “Cənub Qaz Dəhlizi” haqqında Birgə Bəyannaməsində əksini tapan Xəzər regionundan Avropaya ünvanlanan marşrutların şaxələndirilməsi, enerji və nəqliyyat əlaqələrinin möhkəmlənməsinə xidmət edən təşəbbüslər “Cənub Qaz Dəhlizi”, TANAP, Bakı-Tbilisi-Qars layihələri ilə həqiqətə çevrildi. Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində Cənubi Qafqaz Boru Kəmərindən ( CQBK) qəbul edən TANAP “Cənub Qaz Dəhlizi”ni tamamlayan üç kəmərdən birincisi və ən böyüyüdür. Türkiyənin 67 rayonunu, 600 kəndini əhatə edən, Türkiyə-Yunanıstan sərhəddinə çatdırılan TANAP bu ərazidə TAP-la birləşəcək.

Kəmərin Türkiyədən keçməklə Avropaya ixrac olunan qazın “Şhell” (ingilis-holland), Bolqarıstanın “Bulqarqaz”, Yunanıstanın “DEPA”, Almaniyanın “Uniper”, Fransanın “Enqie”, İtaliyanın “Hera Tradinq”, “Edison”, “Enel”, İsveçrənin AXPO şirkətləri tərəfindən alınması ilə bağlı razılıq tərəfdaşlıq formatının, istehlakçıların coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsini, Avropada Azərbaycan qazına ehtiyacın artdığını göstərir. Yeddi tərəfdaş ölkəni bir məqsəd naminə birləşdirən enerji layihələrinə yeni təşəbbüslər əlavə olunduqca təbii ki, Azərbaycana maraq da artacaq. “Bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış və uğurla fəaliyyət göstərir. Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət, Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir” söyləməklə Bakıda keçirilən bütün görüşlərdə müzakirə olunan məsələlərin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini vurğulayan cənab İlham Əliyev bildirir ki, Azərbaycanın Avrasiyanın önəmli enerji, nəqliyyat mərkəzinə çevriləcəyinə əminlik, “Cənub Qaz Dəhlizi”, TANAP, Bakı -Tbilisi-Qars kimi gözəl nəticələr verən layihələrdir. Çünki regional əməkdaşlıq sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir. Azərbaycan isə bölgənin və Avropanın önəmli dövləti kimi uğurlu əməkdaşlığın əsas tərəfdaşı olduğunu illərdən bəri bütün dünyada dəstəklənən təşəbbüsləri ilə sübut etmişdir.

Xuraman İsmayılqızı, “İki sahil”