Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti beynəlxalq aləmdə yüksək rəğbət qazanıb. Məhz bu uğurlu siyasətin nəticəsində Azərbaycan artıq qlobal enerji bazarında təbii qaz ixracatçısı kimi öz mövqeyini möhkəmləndirib, qlobal layihələrlə Avrasiya məkanı üçün enerji təhlükəsizliyində vacib tərəfdaşa çevrilib.
Ölkəmizin başçısı enerji məsələləri ilə bağlı keçirilən bütün görüşlərdə, konfranslarda, sammmitlərdə daim vurğulayıb ki, enerji təhlükəsizliyi sahəsində yalnız birgə əməkdaşlıq nəticəsində bütün işlərin öhdəsindən gəlmək mümkündür.
Prezident İlham Əliyev 2009-cu il yanvarın 29-da Davosda 39-cu Dünya İqtisadi Forumunun ilk günündə “Enerji Outlook-2009” mövzusunda keçirilən iclasında, eləcə də forumun “Neft-qaz siyasəti-xəritə dəyişikliyi” mövzusunda reallaşdırılan xüsusi iclasında çıxış edərək beynəlxalq enerji əməkdaşlığının əhəmiyyətindən, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qazandığı nailiyyətlərdən və getdikcə artan rolundan ətraflı bəhs etmişdi. Əslində o zaman dövlətimizin başçısı müasir çağırışlara enerji təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın ilkin konturlarını müəyyənləşdirmişdi.
2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin müddəaları və 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə Görüşünün müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərinin vacibliyinin vurğulanması, xüsusilə 2011-ci il yanvarın 13-də Bakı şəhərində Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamənin imzalanması enerji təhlükəsizliyi əməkdaşlığı yolunda atılan uğurlu addımlar idi.
Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi regionda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. Xəzər dənizinin Azərbaycan sektorundakı enerji ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri layihələrinin, eləcə də “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılması Azərbaycan və Türkiyə arasında strateji ortaqlığa gedən yolda mühüm addım oldu. Qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Hazırda iki ölkə arasında təxminən 5 milyard dollar olan ticarət həcminin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması hədəflənir.
Qətiyyətlə demək olar ki, Türkiyə ilə Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazırlar. Məsələn, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkə nümayəndə heyətlərinin üzvləri arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzalanıb. 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilməsinə başlanılan Trans-Anadolu təbii qaz boru xətti layihəsi (TANAP) üzrə Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısına çevriləcək. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri- TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirildi. Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirildi.
Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Türkiyə - Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənasıyla daşıyır. Son 25 ildə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisidir.
Prezident İlham Əliyev 2018-ci il iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP-ın açılış mərasimindəki nitqində bildirib ki, bu nəhəng layihənin istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Bu layihə Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Ölkəmizin başçısı qeyd edib ki, bu layihənin uğurla reallaşdılrılması ancaq və ancaq güclü siyasi iradə nəticəsində olub. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi: “ Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik.. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölklər tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölklərimiz üçün, həm də xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü iradəsi nəticəsində mümkün olmuşdur”.
Dövlətimizin başçısı vurğulayıb ki, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq. Tarixi layihə olan TANAP Türkiyə iqtisadiyyatına böyük töhfələr verəcək. Mütəxəssislərin hesablamalarına görə, bu layihə ilə Azərbaycan qazının tranzitindən Türkiyənin dövlət büdcəsinə vergi daxilolmaları illik 95,2 milyon dollar təşkil edəcək. Bundan başqa, Türkiyənin BOTAS dövlət şirkəti TANAP vasitəsilə nəql edilən Azərbaycan qazının topdan satışından dəyəri milyonlarla ölçülən illik gəlir əldə edəcək. Gələcəkdə TANAP qaz kəmərinin ötürmə qabiliyyətinin illik 31 milyard kubmetrə qədər artırılması ilə Türkiyə Azərbaycandan əldə etdiyi qazın həcmini illik 21 mlrd. kubmetrə qədər artıra biləcək. Bu qaz kəməri dost və qardaş Türkiyənin digər ölklərdən qaz tədarükündən asılılığını azaltmağa imkan verəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP-ın açılış mərasimindəki nitqində bildirib ki, bu layinənin uğurla reallaşdırılması ölkəyə irihəcmli gəlirlər gətirəcək; “TANAP, 20 rayondan və Çanaqqala Boğazından keçən bir mövqeyə sahibdir. Bu nəhəng layihənin meyvələrini biz hələ işin əvvələnindən dadmağa başlamışdıq. Boru xəttinin keçdiyi 20 rayonda təxminən 10 min nəfər bu layihəyə görə işlə təmin olundu. Bu rayonlarda başda KOB-lər olmaqla çox sayda müəssisəyə yeni iş imkanları yaratdıq. Bundan başqa ölkəmiz regional enerji xəttlərinin merkəzi vizyonuna TANAP ilə bir addım daha yaxınlaşdı”.
SOCAR-ın prezidenti və TANAP İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Rövnəq Abdullayev Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. R.Abdullayev TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb:
“Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq və əməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək”.
Birmənalı olaraq demək lazımdır ki, ölkəmizin başçısının qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan liderlərinin birgə güclü iradəsi nəticəsində həyata vəsiqə alan TANAP Türkiyə-Azərbaycan birliyini, qardaşlığını, strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək, onların gücünə güc qatacaqdır.
Zahid Rza, “İki sahil”
Azərbaycanın suverenliyinə hörmət beynəlxalq münasibətlərin təməl prinsipidir