13 iyun 2018 23:29
1677

Zamanla gerçəkləşdirilən tezislər

Azərbaycanın siyasi tarixinin həm məsuliyyətli, həm də şərəfli bir təqvim göstəricisindən - Milli  Qurtuluş Günündən söz açarkən Ulu Öndərin 15 iyun 1993-cü ildə Ali Sovetin Sədri seçilərkən Milli Məclisdəki tarixi çıxışını xatırlamamaq mümkün deyil. Tarix zamanla sübut etdi ki, Ulu Öndərin bu tarixi çıxışı həm də gələcəkdə müstəqil Azərbaycanın ümumi inkişaf konturlarının cızıldığı yol xəritəsidir.

Ulu Öndərin həmin çıxışında uzaqgörənliklə səsləndirdiyi, vaxtilə bəzilərinə xülya kimi görünən fikirlərin bənd-bənd reallaşması Azərbaycan xalqının öz böyük oğluna güvəninin təsadüfi olmadığının bariz göstəricisidir.

Ulu Öndər çıxışında da ilk sətirlərdə vurğuladığı kimi, 1993-cü ildə Azərbaycanın taleyi ilə bağlı necə böyük bir məsuliyyət yükünə çiyin verdiyinin fərqindəydi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.

Ümummilli Liderin tarixi çıxışında Azərbaycan Xalq  Cümhuriyyəti ənənələrinin  qorunub yaşadılması fikri də ilk cümlələr içərisində yer almışdı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır”.

Ulu Öndərin siyasi irsini layiqincə yaşadan cənab Prezident də çıxışlarında müasir Azərbaycan Respublikasının 100 yaşlı Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayır. Bu siyasətin davamı kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.

...Müstəqilliyimizin ilk illərində hələ də sovet buxovları üçün darıxan, “bəlkə də qaytardılar” düşüncəsi ilə  yaşayanlara Ulu Öndər elə həmin çıxışında fikrini çatdırmışdı. Bu fikirlər fikir olmaqla qalmadı, zaman keçdikcə real həyatda öz təsdiqini tapdı:   “Mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm”.

Ümummili Lider respublikanın qarşısında çox böyük və ağır vəzifələr durduğunu söyləyərkən ölkədə sabitliyin bərpasını ən vacib vəzifələrdən hesab edirdi. Ulu Öndər hakimiyyətdə olduğu dövrdə bu sabitliyin yaranmasına, qorunmasına və gələcək nəslə ən dəyərli töhfə kimi çatdırılmasına nail oldu: “Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əmin-amanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır”.

Ulu Öndər həmin illərdə müstəqillik yolunda titrək addımlarını atan  Azərbaycanın siyasi, iqtisadi inkişafının hüquqi, demokratik dövlət quruculuğundan keçdiyini bilirdi və hakimiyyətdə olduğu müddətdə bu tezisinin gerçəkləşməsi üçün bütün səylərini səfərbər etmişdi: “Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.

Qətiyyətli rəhbər Heydər Əliyev 1993-cü ilin yayında xalqımızı vətəndaş müharibəsinə sürükləyən məlum Gəncə qiyamı ilə bağlı hadisələrin araşdırılması və  sonrakı dövrdə günahkarların cəzalandırılması üçün sona qədər prinsipiallıq nümayiş etdirdi: “İndi bizim respublikanın gərgin vəziyyətdə olmasının əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş hadisələrdir. Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmişlər hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır. Bu məsələ ilə deputat-istintaq komissiyası məşğul olur. Biz isə gərək tezliklə yaranmış gərginliyi aradan qaldıraq. Ancaq demişəm, bir də deyirəm: heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma ancaq sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır. Güman edirəm ki, bizim xalqımızın müdrikliyi, nüfuzlu adamların, Azərbaycanın ziyalılarının, Azərbaycanın ağcaqqallarının hamısının bir yerdə səyi və bizim hamımızın bir yerdə çalışmamız şübhəsiz ki, bunları təmin edə biləcək”.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Azərbaycanın milli-mənəvi dəyərlərini dünyada tanıtmaq idi. Hakimiyyətdə olduğu 1993- 2003-cü illərdə ömrünün vəfa etdiyi qədər də bu arzunun reallaşmasına çalışdı: “Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunun üçün bizim həm elmimiz, həm mədəniyyətimiz, həm tarixi ənənələrimiz, həm dini mənbəyimiz olan İslam dini - hamısı birlikdə çox böyük əsas yaradır. Vəzifəmiz bundan ibarətdir ki, bunlardan səmərəli istifadə edək”.

Ulu Öndər tərəfindən istiqaməti müəyyənləşdirilən həmin yolu hazırda Azərbaycanın Prezidenti İlham Əliyev, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq səviyyəli uğurlara imza  ataraq davam etdirirlər.

Ümummilli Lider sözügedən çıxışında ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılmasının vacibliyini  vurğulamışdı: “Təəssüf ki, gərginliyi yaradan səbəblərdən biri də Azərbaycanda uzun illər bir yerdə yaşayan millətlər, etnik qruplar arasındakı münasibətlərin bir qədər pozulmasıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən biridir. Güman edirəm ki, biz buna nail olacağıq”.

Ulu Öndər Azərbaycanda əsrlərdən bəri mövcud olan  multikultural ənənələri siyasi müstəvidə inkişaf etdirdi. Bu gün Azərbaycanın dünyada multikultural və tolerantlıq məkanı kimi tanınmasında Ulu Öndərin bu sahədə əsasını qoyduğu siyasətin çox böyük rolu var. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması Ulu Öndərin bununla bağlı ideyalarının bu gün də qorunub yaşadılmasından  xəbər verir.

Ümummilli Lider 1993-cü il iyunun 15-də etdiyi çıxışında bütün bu məsələrlə yanaşı, xarici siyasət  kursunun düzgün müəyyənləşdirilməsinin  vacibliyi barədə də fikirlərini bəyan etmişdi: “Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır. Bu baxımdan Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir”.

Ulu Öndərin bu çıxışının  bütün mahiyyəti özündə bütövlükdə azərbaycançılıq ideologiyasını ehtiva edir. Ümummili Lider Azərbaycanın qurtuluş və inkişaf yolunun xalqın vahid bir ideya ətrafında həmrəy olub yumruq kimi sıx birləşməkdən keçdiyini dəfələrlə vurğulamışdı və ömrünün qalan hissəsini bu milli birliyin təmin olunması üçün sərf etdi: “Bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq. Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün qayıtmışam. Hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib, bu vəziyyətdən çıxmaq olar”...

Tarix dəfələrlə sübut edib ki, dahilər yanılmırlar... Həqiqətən də xalqımız öz millətinə ürəkdən inanan Ulu Öndərin ətrafında sıx birləşərək həmin çətin günləri geridə qoydu. İndi də xalqımız Ulu Öndər ideyalarının sadiq davamçısı olan cənab Prezident İlham Əliyevin  ətrafında yumruq kimi birləşərək 1993-cü ilin 15 iyunundan etibarən dünya siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulan qüdrətli, inkişaf etmiş müasir Azərbaycanın şərəfli tarixini yazmaqdadır...

Sevinc Abdullayeva, “İki sahil”