25 noyabr 2026 12:33
176

Məhkəmə olayı və siyasi texnologiyalar - MÖVQE

Təəccüblənməyin, istənilən siyasi fəalının həbsindən istifadə etmək üçün standart siyasi texnologiyalar mövcuddur. Bu cür siyasi təcrübədən xüsusilə Qərb ölkələrində kifayət qədər çoxdan istifadə olunur. Bəzən isə konkret siyasətçinin məhkəmə prosesinin hətta geniş PR kompaniyası hazırlanır və bu işdən heç də az olmayan para qazanılır. Dünyanın istənilən ölkəsində hər-hansı bir müxalifətçinin həbsindən şəxsi maraqlar üçün faydalanmaq istəyənlər hər zaman olub və olacaqdır. Odur ki, Əli Kərimlinin həbsi bu mənada heç də istisna təşkil etmir və əlbəttə ki, bu hadisə bəzi dairələrə Azərbaycan iqtidarına təsir etmək üçün siyasi manevr imkanları qazandırır. Məsələ ilə bağlı şəxsi münasibətin məzmununu müəyyən edərkən sözügedən sadə siyasi həqiqəti mütləq nəzərə almaq lazımdır.

“Çirkli” manipulyasiyaların alətinə çevrilməmək üçün çalışaq Kərimlinin həbsi faktı ətrafında istifadə olunan və oluna biləcək bəzi siyasi texnologiyaları qeyd edək. Zatən siyasi maarifçiliyin strateji təyinatı sadə vətəndaşları qurulan manipulyasiya torlarından xəbərdar etməkdir. Şübhəsiz ki, son günlərdə müşahidə etdiyimiz bəzi hadisələr bilavasitə bəhs etdiyimiz həbs olayından qaynaqlanır və mövcud müstəvidə baş verən hər bir hadisə əsla təsadüfi sayıla bilməz.

Mövcud olayla bağlı radikal düşərgənin yaşadığı ən böyük məyusluq onların ölkənin daxilində və xaricində böyük dəstəkləyicilərinin olması haqqında illər ərzində yaymağa çalışdıqları mifin fiaskosudur. Hadisə nəinki, canlı həyatda, hətta internet məkanında belə böyük siyasi ajiotaja səbəb olmadı. Fakt ondan ibarətdir ki, bütün səylərə rəğmən etirazlarda kütləvilik alınmadı və həbs hadisəsi özünə ölkənin informasiya məkanının mərkəzində yer ayıra bilmədi.

Bunun əvəzinə isə ona şahidlik etdik ki, torpaqlarımızın 30 illik işğal dövründə və 44 günlük müharibə zamanı nəinki, susan, hətta bu müddət ərzində insanlığa qarşı törədilmiş cinayətləri görməzdən gələn və maddi maraqlara görə erməni lobbisini dəstəkləyən şəxslər, həmçinin qrantlarla qidalanan beynəlxalq təşkilatlar nədənsə məhz bu məqamda ölkəmizdə demokratiyanın durumundan xüsusilə “narahat” olmağa başladılar?! Beynəlxalq riyakarlığın elmi tərifini axtaranlar gözlərini açıb bu cür həqiqətlərə baxsalar axtardıqlarını çox rahat tapa bilərlər.

Son hadisələri nəzərə alaraq ehtimal edə bilərik ki, həbs və məhkəmə olayı Azərbaycanın daxilində və xaricində “lazımi” ajiotaj yarada bilmədiyini görən müvafiq qurumların siyasi texnoloqları həm siyasət, həm informasiya aləmində kifayət qədər tanınmış şəxsin adından istifadə edərək emosiya və qalmaqalın miqyasını artırmaq qənaətinə gəliblər. Şahidlərin sayı artdıqca qalmaqalın miqyası da böyüyür – sözügedən sosial-psixoloji qanunauyğunluqdan manipulyatorlar siyasətdə bütün dövrlərdə uğurla istifadə edib. Bu məntiqdən çıxış edərək əlbəttə ki, ölkənin ən böyük media qurumlarından birinin rəhbəri olan şəxsinin adı olayda çəkilirsə, məhkəmə prosesi daha böyük çevrənin diqqətini cəlb edə bilər. Odur ki, olay ilə əlaqədar tanınmış jurnalistin adının çəkilməsi və qərəzli yazılarının tirajlanması məhz qalmaqalın emosional “zənginləşdirilməsinə” hesablanmış texnologiyadır. Tanınmış jurnalistin üzərinə təhqirlərlə dolu hücumlar etməklə məsələ ilə bağlı yazı hazırlamaq niyyətində olanların sayını azaltmaq istəyirlər.

İstənilən halda hadisə ətrafında aparılan manipulyasiyaların hədəfi emosional gərginliyin yaradılmasıdır. Məkrli manipulyasiyalar həqiqətin tapılmasına yox, xəstə ambisiya və şəxsi maraqların təmin olunmasına xidmət edir. Məsələ ilə bağlı xaricdə hazırlanan məqalələr, verilən saxta bəyanatlar, həmçinin ayrılan mükafatlar sadəcə öz maliyyələşdirilməsinə haqq qazandırmağa çalışan bəzi qurum və şəxslərin çabalarıdır.

Mövcud məsələdə tətbiq oluna biləcək standart ssenarilərdən biri də həbs olunmuş şəxsin ailə üzvlərindən istifadə olunmasıdır. Sözügedən texnologiya vasitəsilə “mübarizənin” davamlılığı təmin olunur və ictimaiyyətin rəğbəti qazandırılır. Ancaq bu ssenarini yazanlar unudublar ki, siyasətdən uzaq dayanan şəxslərdən birdən-birə mübariz siyasətçi obrazının yaradılması olduqca mürəkkəb işdir. Mövcud məsələdə Azərbaycan mentallığının da xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Ötən müddət ərzində gözlərini yumub yalnız qərəzli tənqidlərin səsləndirilməsi üzrə ixtisaslaşmış radikal düşərgənin yaşanan hadisələr sayəsində daha bir önəmli qüsuru üzə çıxmış oldu. Bunlar sistemsizlik və ideyasızlıqdır. Cəmiyyətə bir daha aydın oldu ki, radikal düşərgənin mübarizəsi yalnız təhqir, istehza və sərt davranışa təhrik edən ritorikadan ibarətdir. Bu cür metodlarla ölkəni Qələbəyə yox, yalnız müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmış səksəninci illərin sonlarında olan vəziyyətə aparmaq olar.

Əlbəttə ki, məhkəmə prosesi ətrafında aparılan informasiya manipulyasiyalarının əsas hədəflərindən biri də Kərimlinin siyasi ömrünü uzatmaq cəhdləri ilə bağlıdır. Ancaq proses uzandıqca və yeni şahidlər cəlb olunduqca təkcə Kərimlinin yox, ümumiyyətlə radikal düşərgənin aqibəti sual altında qalır. Bu mənada olduqca sevindirici haldır ki, ölkəmizdə keçmişlə öyünən yox, gələcəyə baxan və rifahı əməkdaşlıqda, həmçinin həmrəylikdə görən yeni siyasətçilər formalaşır. Müxtəlif bəhanələrlə əməkdaşlığı inkar edənlər isə nifaqın tərəfində dayanmağı seçənlərdir.

Bəhs etdiyimiz prosesdə tətbiq olunan siyasi texnologiyalar sifarişli və əcnəbi düşüncə tərzinin məhsulu olmasına dəlalət edən “incə” amil həm də ondadır ki, radikal düşərgənin lideri kimi cəmiyyətə sırınan Kərimlinin uzun zaman “məzlum” obrazı formalaşdırılırdırsa, indi də bu məzlumdan birdən-birə “mübariz qəhrəman” yapmaq istəyirlər. Müdrik və təcrübəli, eyni zamanda Qalib olan xalqımız bu cür tamaşa və oyunlara uymaz. Populist siyasi şouların dövrü bitib. Yaşadığımız dövr müəllifi Azərbaycan xalqı olan “Yeni reallıq” və quruculuq dövrüdür. Qələbəyə aparan yolda olduğu kimi, bu dövrdə də siyasi iradənin, əzmkarlıq və prinsipiallığın nümayişi, habelə milli həmrəyliyin qorunması şərtdir. Təsadüfi deyil ki, Qələbədən dərhal sonra dövlət və xalqımıza qarşı aparılan bütün informasiya manipulyasiyalarının mərkəzində məhz cəmiyyətimizdə yaşanan həmrəylik mühiti dayanıb. Məsuliyyətli vətəndaş diqqətli olmalı və imkan verməməlidir ki, qərəzli manipulyasiyaların alətinə çevrilsin.

Politoloq Asif Adil