25 noyabr 2026 12:16
132

Ombudsman qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının qarşısının alınmasına çağırıb

Hər il noyabrın 25-dən dekabrın 10-dək dünyada “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya keçirilir. Azərbaycan da ənənəvi olaraq bu qlobal təşəbbüsə qoşularaq gender əsaslı zorakılığın qarşısının alınması, qadın və qızların hüquqlarının müdafiəsi istiqamətində mübarizəyə töhfə verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kampaniya çərçivəsində videomüraciətlə çıxış edərək qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının qətiyyətlə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Ombudsman bildirib ki, builki kampaniya “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!” şüarı altında keçirilir. Qeyd olunub ki, qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə hallar yalnız şəxsin toxunulmazlığına qəsd etmir, bütövlükdə cəmiyyətin sabitliyini və mənəvi əsaslarını da sarsıdır.

İnsan Hüquqları üzrə Müvəkkil fiziki, psixoloji, iqtisadi və rəqəmsal zorakılıq da daxil olmaqla, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməyəcəyini və bu halların qarşısının qətiyyətlə alınmalı olduğunu diqqətə çatdırıb.

Videomüraciətdə Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planında müəyyən edilmiş hədəflərə nail olmaq üçün hər kəsin imkanlarını səfərbər etməsinin vacibliyi vurğulanıb. Ombudsman, həmçinin mediaya gender əsaslı zorakılığın bütün formalarının qarşısının alınması istiqamətində fəal mövqe nümayiş etdirmək çağırışı edib. Gender bərabərliyi mədəniyyətinin geniş təbliği və bu yanaşmanın cəmiyyətdə möhkəmləndirilməsi zorakılıq hallarının minimuma endirilməsinə mühüm töhfə verə bilər.

Bildirilib ki, zorakılıqdan zərər çəkmiş hər bir şəxs maksimum müdafiə və hərtərəfli qayğı ilə təmin olunmalı, ədalətli mühakimə hüququna zəmanət verilməli, təqsirkarlar isə məsuliyyətə cəlb edilərək cəzasızlıq mühitinə son qoyulmalıdır. Qanunun aliliyinin təmin edilməsi bu istiqamətdə əsas vəzifələrdən biridir.

Ombudsman zorakılıqla üzləşən və ya yaxınlarının belə hallardan əziyyət çəkdiyindən xəbərdar olan şəxsləri biganə qalmamağa, hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət etməyə çağırıb.

Videomüraciətdə əsas məqsədin cəmiyyətdə aqressiv davranışların bütün təzahürlərinə qarşı qətiyyətli mövqe formalaşdırmaq olduğu qeyd edilib. Vurğulanıb ki, hüquqi mexanizmlərin gücləndirilməsi və vətəndaş həmrəyliyinin nümayiş etdirilməsi ilə qadın və qızlar üçün təhlükəsiz, ədalətli gələcəyin qurulması mümkündür.

Ombudsmanın videomüraciətini aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=X1Y3dkeZ1TY