Birləşmiş Millətlər Təşkilatının 2026-cı il üzrə Elektron Hökumət Araşdırmasının nəticələri Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda növbəti mühüm təsdiqidir. Azərbaycan cəmi iki il ərzində BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyərək 194 ölkə arasında 74-cü yerdən 38-ci yerə yüksəlib. Ölkəmizin indeks göstəricisi 2024-cü ildəki 0,7607 səviyyəsindən 2026-cı ildə 0,8847-yə çatıb. Bu, təxminən 16,3 faizlik artım deməkdir. Azərbaycan artıq elektron hökumətin inkişafı üzrə ən yüksək kateqoriyada — “Very High EGDI” qrupunun V3 altqrupunda Yaponiya, Avstriya, Kanada və İsrail kimi inkişaf etmiş dövlətlərlə eyni təsnifatda yer alır.
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
Onun sözlərinə görə, bu nəticələri sadəcə beynəlxalq reytinqdə növbəti irəliləyiş kimi qiymətləndirmək düzgün olmazdı:
“Əslində, söhbət dövlət idarəçiliyinin fəlsəfəsində, vətəndaşla dövlət arasındakı münasibətlərin xarakterində və dövlət xidmətlərinin təqdim olunması mexanizmlərində baş verən keyfiyyət dəyişikliklərindən gedir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar rəqəmsallaşmanı ayrı-ayrı dövlət qurumlarının texnoloji yenilənməsi səviyyəsindən çıxararaq ümummilli inkişaf prioritetinə çevirib.
BMT hesabatının ən diqqətçəkən məqamlarından biri Azərbaycanın Onlayn Xidmətlər İndeksində 56 pillə irəliləyərək 67-ci yerdən 11-ci yerə yüksəlməsidir. Bu göstərici üzrə Azərbaycan Böyük Britaniyanı, ABŞ-ni, Kanadanı, İslandiyanı və Norveçi geridə qoyub. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Britaniya bu kateqoriyada 12-ci, ABŞ 18-ci, Kanada isə 20-ci yerdə qərarlaşıb. Azərbaycan xidmətlərin təqdim edilməsi üzrə altindeksdə Estoniya ilə eyni — 10-cu yeri bölüşür, institusional çərçivə üzrə isə dünyada birinci yeri tutur.
Bu müqayisələrin xüsusi əhəmiyyəti var. Çünki rəqəmsal texnologiyaların inkişafında ənənəvi lider hesab olunan dövlətlərlə rəqabət aparmaq və konkret göstəricilər üzrə onları qabaqlamaq Azərbaycanın dövlət idarəçiliyində tətbiq etdiyi yanaşmanın effektivliyini nümayiş etdirir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan həmin ölkələri yalnız rəqəmsal inkişaf göstəriciləri üzrə deyil, məhz onlayn dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə qabaqlayıb”.
Yeni rəqəmsal arxitektura və Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının rolu
Ramil İskəndərli bildirib ki, Azərbaycanın bu uğurlarının arxasında dayanan mühüm amillərdən biri ölkədə yeni rəqəmsal idarəetmə arxitekturasının formalaşdırılmasıdır:
“Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın sədr təyin edilməsi bu sahədə islahatların daha yüksək institusional səviyyəyə qaldırıldığını göstərir.
Mehriban Əliyevanın sədrliyi ilə iyunun 29-da keçirilən ilk iclasda rəqəmsal transformasiyanın əsas prioritetləri, dövlət qurumları arasında koordinasiya, qanunvericilik islahatları, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafı məsələləri müzakirə olunub. Eyni zamanda, 2026–2028-ci illər üçün rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı bu istiqamətdə konkret hədəfləri və icra mexanizmlərini müəyyənləşdirib.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Şuranın əhəmiyyəti ilk növbədə rəqəmsallaşmaya vahid dövlət siyasəti kimi yanaşılmasındadır. Əvvəllər müxtəlif qurumların ayrı-ayrılıqda təqdim etdiyi elektron xidmətlərin tədricən inteqrasiya olunmuş sistemə çevrilməsi, məlumat mübadiləsinin asanlaşdırılması və vahid standartların tətbiqi dövlət idarəçiliyinin səmərəliliyini artıran əsas amillərdəndir.
Bu baxımdan 'mygov' platformasının inkişafı, 'digital.bridge' vasitəsilə qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi və 'kağızsız hökumət' prinsipinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Yeni yanaşmanın mahiyyəti vətəndaşın hər bir sənəd üçün müxtəlif dövlət qurumlarına müraciət etməsi deyil, dövlətin artıq malik olduğu məlumatlardan qanunvericiliyə uyğun şəkildə istifadə edərək xidmətləri daha sürətli və əlçatan təqdim etməsidir.
Burada söhbət yalnız elektron arayışlardan və ya mobil tətbiqlərdən getmir. Məqsəd vətəndaşın ehtiyaclarını qabaqcadan nəzərə alan, onun vaxtına qənaət edən, bürokratik prosedurları minimuma endirən müasir dövlət idarəçiliyi modelinin qurulmasıdır”.
Rəqəmsallaşma korrupsiyaya qarşı mübarizənin effektiv vasitəsidir
AMQF sədri rəqəmsal transformasiyanın korrupsiyaya qarşı mübarizədə əhəmiyyətini də xüsusi vurğulayıb.
Onun sözlərinə görə, dövlət xidmətlərinin elektronlaşdırılması yalnız rahatlıq və operativlik deyil, eyni zamanda şəffaflıq, hesabatlılıq və vətəndaşların hüquqlarının müdafiəsi deməkdir:
“Korrupsiyaya qarşı mübarizə sahəsində tanınmış amerikalı alim, iqtisadçı Robert Klitgaardın məşhur yanaşması burada olduqca aktualdır. Onun irəli sürdüyü nəzəriyyəyə görə, korrupsiya riski məmurun sərbəst qərarvermə imkanlarının artdığı, hesabatlılığın isə zəif olduğu şəraitdə yüksəlir.
Rəqəmsallaşma məhz bu amillərə təsir göstərmək imkanına malikdir. Vətəndaşın məmurla birbaşa təmasının azalması, müraciətlərin elektron qaydada qeydə alınması, qərarların izlənilə bilməsi və xidmət müddətlərinin standartlaşdırılması qeyri-rəsmi ödənişlərə və subyektiv qərarlara şərait yaradan imkanları məhdudlaşdırır.
Məsələn, əvvəllər müəyyən sənədin alınması üçün bir neçə kabinetə müraciət etmək, müxtəlif arayışlar toplamaq və qərar gözləmək lazım gəlirdisə, rəqəmsal sistemlər bu mərhələlərin əhəmiyyətli hissəsini avtomatlaşdıra bilir. Bununla həm vətəndaşın vaxtına qənaət edilir, həm də inzibati proseslərin şəffaflığı artır.
Beynəlxalq təcrübə göstərir ki, düzgün qurulmuş elektron xidmətlər korrupsiyaya qarşı mübarizədə olduqca təsirli institusional vasitəyə çevrilə bilər.
Vətəndaş cəmiyyəti rəqəmsal transformasiyanın iştirakçısı kimi
Ramil İskəndərli rəqəmsal dövlət quruculuğunda vətəndaş cəmiyyəti institutlarının da mühüm rol oynaya biləcəyini qeyd edib:
“Qeyri-hökumət təşkilatları elektron xidmətlərin əlçatanlığını qiymətləndirə, vətəndaşların rəqəmsal savadlılığının artırılmasına, xüsusilə regionlarda, yaşlı insanlar və həssas qruplar arasında rəqəmsal imkanlardan istifadənin genişləndirilməsinə töhfə verə bilərlər. Eyni zamanda, QHT-lərin ictimai monitorinq, təkliflərin hazırlanması və dövlət-vətəndaş dialoqunda iştirakı rəqəmsal transformasiyanın şəffaflığını və inklüzivliyini gücləndirə bilər”.
AMQF sədri sonda vurğulayıb ki, Azərbaycanın BMT reytinqində əldə etdiyi tarixi yüksəliş ölkəmizin müasir texnologiyaları dövlət idarəçiliyinə tətbiq etmək potensialının mühüm göstəricisidir:
“Bu nəticə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun, institusional islahatların və rəqəmsal dövlət quruculuğuna verilən siyasi əhəmiyyətin beynəlxalq səviyyədə qiymətləndirilməsi kimi qəbul edilməlidir.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti isə bu prosesin daha sistemli, əlaqələndirilmiş və nəticəyönümlü xarakter alması üçün mühüm institusional əsas yaradır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir