14 noyabr 2026 12:56
76

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.

“İki sahil” "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir ki, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1 131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5 282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib.

Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. Mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir.

Qurumun 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən iqlim şəraiti fərqli olan 26 rayon və şəhərdə istilik mövsümü noyabrın 1-dən, Bakıda və digər ərazilərdə isə noyabrın 15-dən başlayır. Əvvəlki illərdə istilik mövsümünün noyabrın 1-dən başlanması nəzərdə tutulan şəhər və rayonların sayı cəmi 9 ədəd olub və qeyd edilən 26 rayondan 18-də "Azəristiliktəchizat"ın xidmət sahələri fəaliyyət göstərir.