12 noyabr 2026 21:54
97

İtkin düşmüş şəxslərin taleyi beynəlxalq ictimaiyyətin diqqətində

Müharibələrin ağrılı nəticələrindən biri insan itkiləri, xüsusilə də taleyi naməlum qalan şəxslərin yaşadıqları faciələrdir. Bu faciəni isə təkcə ayrı-ayrı ailələrin deyil, bütövlükdə cəmiyyətin yaddaşında dərin iz buraxan humanitar problem kimi dəyərləndirmək olar.  

Azərbaycan uzun illərdir bu problemin həlli, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi, onların dəfn yerlərinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Ölkəmiz məsələni yalnız milli səviyyədə deyil, beynəlxalq platformalarda da daim gündəmdə saxlayır. Müxtəlif ölkələrdə keçirilən tədbirlər, beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər, BMT və digər nüfuzlu qurumların tribunalarından səsləndirilən çağırışlar Azərbaycanın bu məsələdə prinsipial mövqeyini nümayiş etdirir.

Bu istiqamətdə görülən işlərin mühüm nəticələrindən biri 2026-cı il noyabrın 10-da əldə olunub. Belə ki, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin 41-ci plenar iclasında konsensus əsasında qəbul edilib. Müxtəlif regionları təmsil edən 63 üzv dövlətin qətnaməyə həmmüəllif qismində qoşulması sənədin beynəlxalq miqyasda geniş dəstək qazandığını göstərir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir. Qəbul edilmiş qətnamənin əhəmiyyəti ondan ibarətdir ki, sənəd itkin düşmüş şəxslərlə bağlı problemin həllinə beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından yeni yanaşma ortaya qoyur. Dövlətlər bu sahədə əməkdaşlığa, o cümlədən itkin düşmüş şəxslərin dəfn yerlərinin müəyyənləşdirilməsinə, xəritələşdirilməsinə və qorunmasına çağırılır. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, qətnamədə ilk dəfə fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad olunur. Sənəddə itkin düşmüş şəxslərlə bağlı bəzi halların cinayət xarakterli əməllərlə əlaqəli olduğu xatırladılır, beynəlxalq humanitar hüququn pozulmasına görə cəzasızlığın aradan qaldırılmasının vacibliyi vurğulanır.

Qətnamənin konsensusla qəbul edilməsi Azərbaycanın uzun illərdir apardığı məqsədyönlü fəaliyyətə beynəlxalq dəstəyin ifadəsi olmaqla yanaşı, ümumbəşəri humanitar dəyərlərin müdafiəsi baxımından da mühüm hadisədir. Bu qərar itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin siyasi maraqlardan və geosiyasi yanaşmalardan üstün tutulmalı olan humanitar məsələ olduğunu bir daha nümayiş etdirir.

Azərbaycan üçün bu problem xüsusilə ağır və ağrılıdır. Rəsmi məlumatlara görə, Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar ölkəmizdə itkin düşmüş şəxs kimi qeydiyyata alınanların ümumi sayı 4 010 nəfərdir. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb. İtkin düşənlərin 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxsdir. Bu rəqəmlərin hər birinin arxasında yarımçıq qalmış bir ömür, illərdir davam edən mənəvi iztirab dayanır. Hər ötən gün bir ümidin, bir xəbərin gözləntisi ilə keçir. Ailələr ən azı doğmalarının harada dəfn olunduğunu bilmək, məzarlarını ziyarət etmək və mənəvi rahatlıq tapmaq istəyirlər.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsinə kömək edə biləcək məlumatları təqdim etməli, kütləvi məzarlıqların yerləri barədə mövcud informasiyanı verməlidir. Lakin Ermənistan hələ də bu istiqamətdə lazımi addımlar atmır. Beynəlxalq aləm də buna göz yumur.

Azərbaycanın bu məsələdə mövqeyi aydındır: itkin düşmüş hər bir şəxsin taleyinə aydınlıq gətirilməli, dəfn yerləri müəyyənləşdirilməli, meyit qalıqlarının kimliyi müəyyən edilərək ailələrinə təhvil verilməlidir. Şübhəsiz, bu proses siyasi mübahisələrin predmetinə çevrilməməli, beynəlxalq humanitar hüququn prinsipləri əsasında həyata keçirilməlidir. BMT Baş Assambleyasının Üçüncü Komitəsində qəbul edilən qətnamə də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sənəd beynəlxalq ictimaiyyətə bir daha xatırladır ki, müharibələrdən sonra itkin düşmüş insanların taleyinin araşdırılması, onların ailələrinin hüquqlarının təmin edilməsi və bu sahədə məsuliyyətin müəyyənləşdirilməsi ümumi öhdəlikdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”