Ağsu Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsuda toxum sərgi-satış yarmarkası və “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və “Unibank”ın nümayəndələri iştirak ediblər.
Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, yeni imkanlar və qarşıda duran prioritetlər barədə ətraflı məlumat verilib. Həmçinin, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri və hədəfləri iştirakçıların diqqətinə çatdırılıb. Aqrar Subsidiya Şurasının yeni qərarları, toxumçuluq sahəsində qanunvericilik, toxum istehsalının və keyfiyyətinin artırılması, balıqçılıq və akvakultura sahəsinin inkişafı, eləcə də kənd təsərrüfatı istehsalçılarına təqdim olunan digər dəstək mexanizmləri müzakirə olunub.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov aqrar sektorun rayonun sosial-iqtisadi inkişafında mühüm rolunu vurğulayıb. O, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, istehsalçılara dövlət dəstəyinin gücləndirilməsi, müasir aqrar yanaşmaların tətbiqi və dövlət qurumları ilə fermerlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Mərkəzin fəaliyyət istiqamətləri, regionlarda aqrar innovasiyaların təşviqi, müasir texnologiyaların istehsalçılar arasında yayılması və innovativ həllərin kənd təsərrüfatında tətbiqi istiqamətində görülən işlər barədə danışıb. O, bu cür görüşlərin fermerlərin maarifləndirilməsi, dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığın artırılması və innovasiyaların geniş tətbiqi baxımından əhəmiyyətini qeyd edib.
Qurumların nümayəndələri təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, fermerlərə və sahibkarlara göstərilən xidmətlər, güzəşt və dəstək mexanizmləri, aqrar sığorta, kreditləşmə, məşğulluq, su ehtiyatlarından səmərəli istifadə və qida təhlükəsizliyi ilə bağlı məlumat veriblər.
Panel müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Tədbir çərçivəsində təşkil olunan toxum sərgi-satış yarmarkasında fermerlər müxtəlif toxum məhsulları ilə tanış olub, istehsalçılarla birbaşa əlaqə qurub və toxumların əldə olunması imkanlarını dəyərləndiriblər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd aqrar sahədə dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığı artırmaq, fermerlərlə müvafiq dövlət qurumları arasında birbaşa əlaqəni gücləndirmək, toxumçuluğun inkişafına və kənd təsərrüfatı istehsalçılarının mövcud dəstək mexanizmlərindən səmərəli istifadəsinə töhfə verməkdir.