Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar insan hüquq və azadlıqlarının etibarlı qorunmasını təmin edən möhkəm hüquqi baza üzərində qurulub. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə möhkəm hüquqi zəmin yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları qarşısında ümdə vəzifə olaraq qoydu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın konstitusiya tarixi isə ötən əsrin əvvəllərinə və SSRİ dövrünə gedib çıxır. Ölkəmizin ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış növbəti versiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də təsdiqlənən sonuncu sovet Konstitusiyası da analoji olaraq İttifaq qanunvericiliyi əsasında formalaşdırılmışdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı müstəsna xidmətlərindən biridir. Dövlət başçımızın qeyd etdiyi kimi, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Əsas Qanun müasir dünyanın sivil dəyərləri və qanunyaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya xalqımızın inkişafı naminə müasir, müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi reallaşdırdı. Ulu Öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "Bu Konstitusiyanın ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir".
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən başlıca və mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında ən böyük və əhəmiyyətli xidmətlərindən biri oldu. Bu tarixi sənəd müstəqil dövlət quruculuğunun tənizmlənməsini, demokratik inkişafın təşviq edilməsini, vətəndaş cəmiyyətinin bərqərar olunmasını özündə ehtiva etdi, ölkədə mükəmməl və mütərəqqi qanunvericilik bazasının formalaşdırılmasına yol açdı.
K.Bayramov vurğulayıb ki, cəmiyyətimizin sürətli inkişafı ölkənin Əsas Qanununun da təkmilləşdirilməsini zəruri etmişdir. Bu baxımdan, Azərbaycan Konstitusiyasına bir neçə dəfə əlavə və dəyişikliklər olunmuşdur. 2002-ci il avqustun 24-də keçirilən referendum yolu ilə Konstitusiyanın 24 maddəsinə 29, 2009-cu il martın 18-də isə 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilmişdir. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına etibarlı təminat verilməsindən və sosial dövlət prinsiplərinin təsbit olunması imkanlarının genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə güclü zəmin yaratmışdır.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Konstitusiyası müasir dövlət quruculuğu üçün tələb olunan bütün prinsipial məqamları özündə əks etdirir. Bu gün müstəqil dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrü yaşayır. Elə konstitusiyamızda da təsbit olunmuş ərazi bütövlüyümüzün təmin edilməsi kimi ən vacib amil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu tərəfindən təmin olundu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərqərar oldu. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb, bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması, həm hərbi, həm də, mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin, diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir. Sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.
K.Bayramov əlavə edib ki, Konstitusiyanın bütün ölkə ərazisində aliliyi və qüvvədə olması dövlət suverenliyinin hüquqi müstəvidə tam təmin edildiyini və vahid hüquq sisteminin bərqərar olduğunu nümayiş etdirir. Bu reallıq Azərbaycanın müstəqil dövlət kimi hüquqi bütövlüyünü möhkəmləndirməklə yanaşı, ölkənin gələcək inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir.