Fransanın Dövlət Şurası oktyabrın 31-də Parisdə keçirilməsi planlaşdırılan nümayişin marşrutu ilə bağlı mübahisədə daxili işlər naziri Loran Nünezi dəstəkləyib. Ölkənin ən yüksək inzibati məhkəmə orqanı Paris İnzibati Məhkəməsinin bir gün əvvəl Bastiliya–Nation marşrutuna icazə verən qərarını ləğv edib.
“İki sahil” xəbər verir ki, beləliklə, paytaxtda təhlükəsizlik baxımından riskli hesab edilən aksiya polis prefekturasının təklif etdiyi marşrut üzrə – Baqnolet (Bagnolet) və Şaranton (Charenton) qapıları arasında, şəhərin periferik bulvarlarında keçiriləcək.
Dövlət Şurası qərarını alternativ marşrutun nümayiş hüququnu və iştirakçıların tələblərini ifadə etmək imkanını qorumaqla yanaşı, təhlükəsizliyi təmin etməsi zərurəti ilə əsaslandırıb. Məhkəmə, həmçinin aksiya zamanı və onun kənarında mümkün qanun pozuntuları riskinin azaldılmasını vacib sayıb.
Polis prefekturası iştirakçıları təhlükəsizlik naminə təsdiqlənmiş marşruta qoşulmağa çağırıb. Milli Jandarmın sözçüsü qərarı müsbət qiymətləndirsə də, tələbə həmkarlar ittifaqı FAGE bunu nümayiş hüququna növbəti maneə və yürüş iştirakçılarının təhlükəsizliyinin riskə atılması kimi dəyərləndirib.
Təşkilatçılar aksiyanın davamı ilə bağlı növbəti addımları müəyyənləşdirmək üçün həmkarlar ittifaqlarının bir araya gələcəyini bildiriblər.
Arsen Venger: Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu
Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir