30 oktyabr 2026 12:00
111

Meksika səfiri ADU-nun qonağı olub

Oktyabrın 29-da Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və onu müşayiət edən qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüş zamanı Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivləri, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də universitetlərarası əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, universitetdə xarici dillərin tədrisi, müxtəlif ölkələrin mədəniyyətlərinin və dillərinin öyrənilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, bu cür görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Səfir çıxışında Azərbaycan Dillər Universitetinin onun üçün doğma bir təhsil müəssisəsi olduğunu qeyd edib və tələbələrə verilən yüksək dəyərə görə təşəkkürünü ifadə edib. 

Görüş zamanı Meksikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması imkanları da müzakirə olunub.

Belə bir mərkəzin açılmasının Azərbaycan dilinin və milli-mədəni irsimizin Meksikada tanıdılması, iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə edərək, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin beynəlxalq miqyasda təbliği baxımından bu cür təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.