Dərsliklər, təlim materialları və qiymətləndirmə mexanizmləri yeni tələblərə uyğunlaşdırılmalıdır
Azərbaycanda ümumi təhsil üzrə yeni dövlət standartlarının hazırlanması tədrisin məzmununun müasir dövrün tələblərinə uyğun yenilənməsi baxımından əhəmiyyət daşıyır. İlin sonuna qədər tamamlanması planlaşdırılan sənəddə vətəndaşlıq səriştəsinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq bacarıqlarının bütün fənlər üzrə inkişaf etdirilməsi nəzərdə tutulur. Yeni yanaşma şagirdlərin yalnız nəzəri biliklərə yiyələnməsini deyil, qazandıqları bilikləri tətbiq etməsini, düzgün münasibət formalaşdırmasını və dəyərləri mənimsəməsini də hədəfləyir.
Bəs yeni standartlar məktəblərdə tədrisin keyfiyyətinə, şagirdlərin düşünmə tərzinə və müasir cəmiyyətin tələblərinə uyğun bacarıqlar qazanmasına necə təsir göstərəcək?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, ümumi təhsil üzrə yeni dövlət standartlarının hazırlanması təhsil sisteminin məzmun baxımından yenilənməsi, şagirdlərin müasir dövrün tələblərinə uyğun səriştələrinin formalaşdırılması və təlim nəticələrinin daha sistemli şəkildə izlənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət standartları ümumi təhsilin məqsəd və vəzifələrini, təhsilalanların əldə etməli olduqları bilik, bacarıq və səriştələri, eləcə də təlim nəticələrinə dair əsas tələbləri müəyyənləşdirən çərçivə sənədidir. Bu sənəd tədris proqramlarının, dərsliklərin, təlim və qiymətləndirmə yanaşmalarının formalaşdırılması üçün istiqamətverici rol oynayır.
Hazırda hazırlanması nəzərdə tutulan yeni dövlət standartlarının əsas xüsusiyyətlərindən biri müasir dövr üçün xüsusi əhəmiyyət daşıyan səriştələrin təhsil məzmununa daha sistemli şəkildə inteqrasiyasıdır. Təqdim olunan məlumata əsasən, yeni sənəddə vətəndaşlıq səriştəsinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməsi nəzərdə tutulur. Bu, təhsilin yalnız akademik biliklərin mənimsədilməsi ilə məhdudlaşmaması, eyni zamanda şagirdlərin məsuliyyətli vətəndaş kimi formalaşmasına, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmasına, rəqəmsal mühitdə təhlükəsiz, şüurlu və məsuliyyətli davranmasına xidmət edir.
Məqsəd yalnız bilik verməklə məhdudlaşmır
P. Qədimova qeyd etdi ki, mövcud yanaşmadan fərqli olaraq, yeni standartlarda səriştələrin formalaşdırılmasının fənlərarası prinsip əsasında həyata keçirilməsi nəzərdə tutulur. Yəni, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıq kimi bacarıqların inkişafı yalnız bir fənnin və ya müəllimin məsuliyyəti kimi nəzərdən keçirilməyəcək. Müxtəlif fənlərin məzmunu bu səriştələrin formalaşmasına töhfə verəcək, bilik, bacarıq, münasibət və dəyərlər ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində ardıcıl şəkildə nəzərə alınacaq. Beləliklə, şagirdlər öyrəndikləri bilikləri real həyat situasiyalarında tətbiq etmək, fərqli fikirləri anlamaq, məlumatları tənqidi qiymətləndirmək və davranışlarına görə məsuliyyət daşımaq imkanlarını inkişaf etdirəcəklər.
Burada mühüm məqam ondan ibarətdir ki, rəqəmsal vətəndaşlıq yalnız texnologiyalardan istifadə bacarığı kimi başa düşülməməlidir. Rəqəmsal alətlərdən istifadə etmək, məlumat axtarmaq və texniki əməliyyatları yerinə yetirmək vacib olsa da, müasir şagirdin rəqəmsal mühitdə məlumatın etibarlılığını müəyyənləşdirməsi, şəxsi məlumatlarını qoruması, onlayn ünsiyyətdə etik normalara əməl etməsi, dezinformasiyanı fərqləndirməsi və rəqəmsal davranışının nəticələrini dərk etməsi də zəruridir. Yeni standartlarda bu istiqamətə diqqətin artırılması şagirdlərin rəqəmsal mühitdə daha şüurlu və məsuliyyətli iştirakına zəmin yarada bilər.
Yeni tələblər müəllimlərin işinə də təsir edəcək
Ekspert vuğuladı ki, yeni standartların tətbiqi təhsil sistemində bir sıra dəyişikliklərə səbəb ola bilər. İlk növbədə, fənn proqramlarının və tədris materiallarının müvafiq səriştələrə uyğunlaşdırılması, müəllimlərin təlim prosesində fənlərarası əlaqələrdən daha məqsədyönlü istifadə etməsi, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, həmin bilikləri tətbiq etmək bacarıqlarının da qiymətləndirilməsi aktuallaşacaq. Eyni zamanda, təlim nəticələrinin siniflər və təhsil səviyyələri üzrə ardıcıl izlənilməsi şagirdlərin inkişaf dinamikasını müəyyənləşdirməyə, çətinlikləri vaxtında aşkar etməyə və təlim prosesini ehtiyaclara uyğun qurmağa imkan verəcək.
Bu dəyişikliklərin səmərəli həyata keçirilməsi üçün müəllimlərin peşəkar inkişafı, metodik dəstəyin gücləndirilməsi, dərslik və resursların yenilənən tələblərə uyğunlaşdırılması, eləcə də qiymətləndirmə mexanizmlərinin nəzərdən keçirilməsi vacibdir. Çünki dövlət standartlarının məzmununda nəzərdə tutulan yeniliklərin real nəticəyə çevrilməsi onların tədris prosesində necə tətbiq olunmasından asılıdır. Müəllimlər yeni yanaşmaların mahiyyətini dərindən anlamalı, şagirdlərin fəal iştirakını təmin edən tapşırıqlar hazırlamalı və müxtəlif fənlər arasında məzmun əlaqələrini düzgün qurmalıdırlar.
Şagirdin uğuru bildiklərini necə tətbiq etməsi ilə ölçüləcək
P. Qədimova sonda diqqətə çatdırdı ki, ümumilikdə, yeni dövlət standartlarının hazırlanmasını ümumi təhsilin bilikyönümlü yanaşmadan bilik, bacarıq, münasibət və dəyərlərin vəhdətinə əsaslanan daha kompleks modelə doğru inkişafı baxımından qiymətləndirmək olar. Burada məqsəd şagirdlərin yalnız nə bildiyini deyil, bildiklərindən necə istifadə etdiyini, problemlərə necə yanaşdığını, fərqli insanlarla necə ünsiyyət qurduğunu və cəmiyyətdə nə dərəcədə məsuliyyətli davrandığını da nəzərə almaqdır.
Nigar Orucova, "İki sahil"
"El Pais": İspaniyadakı dəmir yolu qəzası seçki kampaniyasının gedişinə təsir göstərə bilər
"Reuters": ABŞ Baltikyanı ölkələri Rusiyaya qarşı ritorikanı yumşaltmağa çağırıb