29 oktyabr 2026 20:30
104

Böyük Qayıdış: İqtisadi gücün təsdiqi, müstəqil strategiyanın bariz göstəricisi

Prezident İlhma Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli, gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edən tarixi çıxışında bildirib: “Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.

Azərbaycanın xarici kreditdən, donor təşkilatlardan və beynəlxalq yardımlardan asılı olmadan tamamilə öz daxili gəlirləri və dövlət büdcəsi hesabına Vətən müharibəsindək tarixi Zəfər nəticəsində azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə misli görünməmiş irimiqyaslı layihələri uğurla reallaşdırması bütün dünyada postmüharibə bərpası tarixinə yeni bir nümunədir.

Bəşəriyyətin zaman-zaman üzləşdiyi müharibələr böyük faciələrə səbəb olur. Özü ilə qəm, kədər, iztirab, aclıq, səfalət gətirən müharibə illərin əməyi ilə araya-ərsəyə gələn firavan şəhərləri, kəndləri, qəsəbələri xarabaya çevirir, evləri, məktəbləri, xəstəxanaları, məscidləri, məbədləri dağıdır, tarixi və mədəni irsi yox edir.

Uca Tanrının insanlara ən böyük və müqəddəs əmanəti olan təbiəti məhv edən, ekologiyaya sağalmaz yaralar vuran müharibələr yüzminlərlə mülki şəxsin, südəmər körpələrin, ixtiyar yaşlı qocaların həyatına son qoyur. Bu fəlakətlərdən yaranan kədər onillərlə, yüzillərlə davam edir. Doğma torpaqlarından, müqəddəs ocaqlarından didərgin düşən yüzminlərlə qaçqın və məcburi köçkünün ah-naləsi bu kədəri daha da dərinləşdirir, dərd üstünə dərd gətirir, qəm yükünü artırır.

Müharibələrin səbəb olduğu dağıntıları aradan qaldırmaq, şəhərləri, kəndləri yenidən bərpa etmək, didərgin düşmüş insanların geri qayıtması üçün hərtəfli şərait yaratmaq, iqtisadiyyatı canlandırmaq, əraziləri minalardan təmizləmək, ekologiya və mədəni irisi qorumaq böyük zəhmət və nəhəng maliyyə tələb edən prosesdir.

 Tarxi təcrübə göstərir ki, müharibələrdən sonra həyata keçirilən bərpa- quruculuq işləri, dağıdılmış iqtisadiyyatların, şəhərlərin və cəmiyyətlərin yenidən ayağa qaldırılması üçün fərqli strategiyalar və modellər tətbiq olunur. Bəşər tarxinin ən qanlı müharibələrindən olan, təxminən 50 milyondan çox insanın həyatına son qoyan İkinci Dünya müharibəsindən sonra böyük dağıntılara məruz qalan Qərbi Avropa ölkələrini dirçəltmək üçün ABŞ tərəfindən irəli sürülən Marşall Planı tarixin ən böyük iqtisaid bərpa proqramlarından biri idi. Bundan başqa, atom bombardmanlarından sonra böyük şəhərləri və iri sənayesi tamamilə dağıdılmış Yaponiyada General Duqlas Makarturun rəhbərliyi ilə Müttəfiq Qüvvələrin Ali Komandanlığı həm fiziki bərpa, həm də köklü struktur islahatları apardı.

 Azərbaycan bütün bunlardan fərqli olaraq qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri nəticəsində işğaldan azad edilmiş, təcavüzkar Ermənistanın tamamilə dağıtdığı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasını və yenidən qurulmasını öz daxili maliyyə resursları və iqtisadi gücü hesabına həyata keçirir. Azərbaycan hökuməti hər il dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına milyardlarla manat vəsait ayırır. Bu vəsaitlər xarici kreditlərdən və ya beynəlxalq yardımlardan asılı olmadan, birbaşa ölkənin daxili gəlirləri hesabına formalaşır.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri sürəti, miqyası və tətbiq olunan innovativ yanaşmaları ilə dünyada bənzəri olmayan bir yenidənqurma modeli hesab olunur. Otuz ilə yaxın müddətdə tamamilə dağıdılmış və minalanmış böyük bir regionun bu qədər qısa müddətdə dirçəldilməsi, yenidən qurulması bütün dünyada postmüharibə bərpası tarixinə yeni bir nümunə gətirib. Ötən 6 ildə işğaldan azad edilmiş ərazilərin bərpası və quruculuğu üçün dövlət büdcəsindən 26 milyarda yaxın vəsait ayrılıb. Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində görülən işlərin nəticəsində Qarabağ iqtisadi rayonunda ümumi məhsul buraxılışı 4 dəfə artaraq 6 milyard manata, Şərqi Zəngəzurun iqtisadiyyatı isə 30 dəfədən çox böyüyərək 4 milyard manata çatıb.

Prezident İlhma Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli, gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edən tarixi çıxışında bildirib: “Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.

Azərbaycan hazırda heç bir kənar və donor təşkilatdan maliyyə, kredit və beynəlxalq fond yardımı almadan, tamamilə öz daxili imkanları və dövlət büdcəsi hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələri uğurla reallaşdırır. Dağıdılmış kəndlər, şəhərlər ənənəvi üsullarla deyil, Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun bərpa olunur. Azad edilmiş ərazilər rəsmən “Yaşıl enerji” zonası elan edilib. Bölgədə onlarla modul tipli və hidroelektrik stansiyalar tikilib. İşğal dövründə vandalizmə məruz qalan yüzlərlə mədəniyyət abidəsi, məscidlər və tarixi komplekslər xüsusi memarlıq yanaşmaları ilə bərpa olunur.

 Bu bölgələrdə genişmiqyaslı yol-infrastruktur layihələri reallaşdırılır, tunel və körpü tikintisi sürətlə davam etdirilir, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, mədəni, tarixi və dini abidələr bərpa olunur. Bütün sahələri əhatə edən yenidənqurma işləri planlı formada həyata keçirilir, yeni innovativ yanaşmalar tətbiq edilir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları, həmçinin yeni çəkilən avtomobil və dəmir yolları regionu mühüm logistik qovşağa çevirir.

Sonsuz qürur hissi ilə demək olar ki, tarixi Böyük Qayıdış prosesi çərçivəsində yenidənqurma və quruculuq işlərinin sürətlə davam etməsi nəticəsində özünün çiçəklənmə dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın iqtisadi gücünün təsdiqi, müstəqil şəkildə həyata keçirdiyi strategiyanın bariz nümunəsidir.

Zahid Rza, “İki sahil”