28 oktyabr 2026 09:30
140

Yeni yaşayış məntəqələri regionda sahibkarlığın inkişafı üçün imkanlar açır

Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesi yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, regionun gələcək inkişaf modelinin formalaşdırılmasını da əhatə edir. Müasir şəhərsalma prinsipləri əsasında hazırlanan Baş planlar ərazilərin məskunlaşma strukturunu, infrastruktur təminatını və iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənədlərdir. İşğaldan azad edilmiş 12 şəhərin hamısının Baş planının hazırlanması, 100-dən çox kənd və qəsəbə üzrə ərazi planlaşdırılması işlərinin başa çatdırılması bu istiqamətdə görülən işlərin miqyasını göstərir.

Şəhərsalma sahəsində planlaşdırma işləri ölkənin digər şəhərlərini də əhatə edir. Belə ki, Azərbaycanın 79 şəhərindən 68-nin yeni Baş planı hazırlanıb və ya mövcud planları yenilənib. Bu sənədlər şəhərlərin növbəti 20 il üçün inkişaf çərçivəsini müəyyənləşdirir. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planda isə paytaxtın daha çoxmərkəzli və tarazlı inkişafı, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, eləcə də keçmiş sənaye ərazilərinin yenidən təşkili prioritet istiqamətlər kimi nəzərdə tutulur.

Şəhərsalma planlarının iqtisadi əhəmiyyəti ərazilərin fiziki quruluşunun müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Planlı inkişaf tikinti və infrastruktur layihələrinin ardıcıl həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni iş yerlərinin yaradılması və investisiya imkanlarının formalaşması üçün də zəmin yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması gələcəkdə iqtisadi fəaliyyətin genişlənməsi və yerli biznes mühitinin formalaşması baxımından əhəmiyyət daşıyır.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki regionda yeni yaşayış məskənlərinin salınması və ərazi planlaşdırılması işlərinin başa çatdırılması növbəti mərhələdə tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəmin yaradır. Bu prosesin iqtisadi fəallığa bir neçə istiqamətdə təsiri var.

İlk növbədə, dövlət sifarişi əsasında həyata keçirilən layihələr şirkətlər üçün əlavə iş imkanları yaradır, mövcud bizneslərin genişlənməsinə təkan verir. Bu da iqtisadi aktivliyin artmasına şərait yaradır. Həmin layihələrdə Azərbaycan şirkətləri iştirak edir və yerli vətəndaşlar çalışırlar.

İkinci mühüm istiqamət yeni yaşayış məskənlərində əhali məskunlaşdıqdan sonra biznes qurmaq imkanlarının yaranmasıdır. İnsanlar öz məşğulluqlarını təmin etmək üçün həyətyanı təsərrüfatlar yarada, xidmət və ticarət sahələrində fəaliyyət göstərə bilərlər.

Bununla yanaşı, yaşayış məskənlərinin salınması sosial xidmət infrastrukturunun da formalaşdırılmasını zəruri edir. Təhsil və səhiyyə müəssisələrinin, poçt xidmətlərinin və digər sosial obyektlərin yaradılması həmin sahələrdə yeni iş yerlərinin açılmasına imkan verir.

Nigar Orucova, “İki sahil”