İngiltərənin qərbində yerləşən Ferford avia-bazası yaxınlığında ötən ay baş vermiş insidentlə bağlı 24 yaşlı iki Böyük Britaniya vətəndaşına milli təhlükəsizlik haqqında qanunun pozulması üzrə rəsmi ittiham irəli sürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə "BBC" yayım korporasiyası məlumat yayıb.
Qeyd olunur ki, Möhmed Abdulkarim xarici kəşfiyyat xidmətinə köməklik göstərməkdə, Numan Essgir isə Birləşmiş Krallığa zərər vurmaq məqsədilə qadağan olunmuş obyektə daxil olmaqda ittiham edilir.
Sentyabrın 27-də Qlostershir qraflığında yerləşən Ferford aviabazasının ətrafında London sakini olan 23-25 yaşlarında beş nəfər saxlanılmışdı. Ertəsi gün onlar zaminə buraxılsalar da, ilkin mərhələdə partlayıcı maddələr və terrorizm haqqında qanunvericiliyi pozmaqda şübhəli bilinirdilər. Sonradan polis onların mikroavtobuslarında heç bir partlayıcı maddə aşkar etmədiyini bildirdi. Ümumilikdə bu iş üzrə yeddi nəfər şübhəli şəxs qismində keçirdi. Onların altısı Böyük Britaniya vətəndaşı, biri isə Böyük Britaniya və İranın ikili vətəndaşıdır.
Ferford bazası ABŞ Hərbi Hava Qüvvələri tərəfindən İrana zərbələr endirmək üçün istifadə olunub. Hadisə fonunda Pentaqon orada yerləşən "B-1" strateji bombardmançı təyyarələrini ABŞ-yə geri qaytarıb. Bundan sonra Böyük Britaniyanın Baş naziri Endi Börnem bəyanatla çıxış edərək insidentdə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun əli olduğunu iddia edib. Tehran isə bu kimi ittihamları rədd edib.
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb
Niderland 2027-ci ildə "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib