23 oktyabr 2026 15:58
121

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 23-də AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası təşkil edilib. 

“İki sahil” xəbər verir ki, iclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları elmi-təşkilati məsələlərlə tanış edib. 
Akademik bildirib ki, bölmənin Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri Səkinə Cümşüdova “British Council” tərəfindən keçirilən “Researcher Connect Online” beynəlxalq təlim proqramında uğurla iştirak edərək sertifikat alıb. Bölmənin sədri Səkinə Cümşüdovanı təbrik edib və ona sertifikatı təqdim edib. 

İclasda akademik İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin 25 illik yubileyinin keçirilməsinə hazırlıq haqqında danışıb, institut və şöbələrə lazımi tapşırıqlarını verib. Akademik AMEA Naxçıvan Bölməsində çalışan elmi işçilərin digər müəssisələrdə işləməsi, bölmədə 2027-ci ildə tender yolu ilə nəşri nəzərdə tutulan kitablar, eləcə də bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna işə qəbul haqqında fikirlərini diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Zeynəb Quliyeva Bülövqaya və Xələc yaşayış yerlərində aparılan arxeoloji qazıntıların nəticələri barədə məruzə ediblər. 
Professor Vəli Baxşəliyev qeyd edib ki, arxeoloji qazıntılar zamanı Bülövqayadan Erkən Eneolit dövrü üçün xarakterik sadə  və boyalı keramika nümunələri, obsidian və çaxmaqdaşından hazırlanan əmək alətləri aşkarlanıb. Tədqiqatlar nəticəsində Uçan Ağılda yerli Neolit mədəniyyətin davamı, Naxçıvantəpədə Dalmatəpə mədəniyyətinin inkişafı, Bülövqayada isə Ubeyd mədəniyyətinin təsiri ilə yeni mədəniyyətin foramalaşdığı  görünür. Bu yaşayış yerlərində Şərqi Anadolu obsidianının fərqli proporsiyalarda olması, obsidianın həmin mədəniyyətlər tərəfindən gətirildiyini göstərir. 
Tarix elmləri doktoru Zeynəb Quliyeva bildirib ki, Şərur rayonunun II Xələc yaşayış yeri Antik və Erkən Orta əsrlərdə ictimai idarəçilik mərkəzlərindən olub.  Aparılmış tədqiqatlar nəticəsində yaşayış yerindən erkən orta əsrlərə və son antik dövrə aid mədəni təbəqələr, zəngin keramika məmulatları, daş sütun altlıqları ilə müşayiət olunan ictimai tikili kompleksi üzə çıxarılıb. Bu dövrə aid iri ictimai tikili kompleksi daş sütun altlığı, əsas binadan və yardımçı tikililərdən ibarət olub. Binanın girişi və planı müəyyənləşdirilib. Kompleksin tam şəkildə üzə çıxarılması üçün gələcəkdə də tədqiqatlar davam etdiriləcək. 

AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölməyə 2027-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə qəbul planının təsdiqi, bölmənin elmi tədqiqat müəssisələrində 2026-cı ilin yekunlarına dair hesabatların keçirilməsi, Əlyazmalar Fondunun əməkdaşının fəlsəfə doktoru dissertasiya mövzusunun və elmi rəhbərinin təsdiqi barədə məsələləri diqqətə çatdırıb. 
İclas AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın təqdimatında  cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.