06 oktyabr 2026 22:57
122

Yeni Azərbaycan Partiyası yeni inkişafın mərhələsində

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında proqramxarakterli nitqində ölkəmizin son onilliklərdə keçdiyi mürəkkəb və şərəfli tarixi yolun, əldə olunan siyasi, iqtisadi və hərbi nailiyyətlərin, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni siyasi və geosiyasi reallıq şəraitində keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin nitqinin əvvəlində vurğuladığı kimi: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu fikrin arxasında Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlərindən biri dayanır. Uzun illər ölkənin qarşısında duran əsas milli məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası idi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində bu tarixi məqsəd reallaşdırıldı. Prezident İlham Əliyev 44 günlük müharibənin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq.”

2020-ci ilin Zəfəri yalnız hərbi qələbə ilə məhdudlaşmadı. Azərbaycan həmin qələbə ilə regionda yeni siyasi və geosiyasi reallıqlar yaratdı. 2023-cü ilin sentyabrında isə ölkəmiz öz ərazisində tam suverenliyini bərpa etdi. Prezident bu tarixi hadisəni belə ifadə etdi: “Məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.”

Yeni Azərbaycan Partiyasının yaranmasının ölkənin siyasi tarixində oynadığı rola diqqət yetirildi. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsi Azərbaycanın mürəkkəb siyasi dövrünə təsadüf edirdi. Ölkədə siyasi və iqtisadi böhran hökm sürür, dövlət idarəçiliyində ciddi problemlər yaşanır, torpaqlarımız işğal edilir, cəmiyyətin gələcəklə bağlı narahatlığı artırdı. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyev həmin dövrü xarakterizə edərək bildirdi: “1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır.”

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı isə ölkənin tarixində yeni mərhələ yaratdı. Dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Həmin dövrün mürəkkəb mənzərəsini Prezident belə ifadə etdi: “O vaxta qədər artıq biz böyük itkilərlə üzləşmişdik – torpaq itkisi, iqtisadiyyat tamamilə çökmüşdür.” Sonrakı illərdə Azərbaycanın dövlətçilik strategiyasının əsas istiqamətləri müəyyənləşdirildi.

Azərbaycanın əldə etdiyi siyasi və hərbi nəticələrin mühüm dayaqlarından biri də iqtisadi inkişaf və maliyyə dayanıqlığıdır. 1990-cı illərin ortalarından etibarən həyata keçirilən enerji strategiyası Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, xarici investisiyaların ölkəyə cəlb edilməsinə və beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsinə imkan verdi. “Əsrin müqaviləsi” ilə başlayan bu proses sonrakı illərdə yeni enerji layihələri ilə davam etdirildi. Bu gün Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji resurslarının istehsalı və ixracında mühüm mövqeyə malikdir. Prezidentin sözləri ilə desək: “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir.”

Qurultayda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri kimi təhlükəsizlik məsələsi də xüsusi yer tutdu. Dünyanın müxtəlif bölgələrində müharibələrin və geosiyasi qarşıdurmaların davam etdiyi bir şəraitdə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi mühüm prioritet olaraq qalır. Prezident bu istiqamətdə qarşıdakı əsas vəzifəni konkret şəkildə ifadə etdi: “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.” Güclü ordunun yaradılması və müdafiə potensialının artırılması Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsinin mühüm şərtlərindən biri kimi təqdim olunur.

Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının, sosial şəbəkələrin və süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Prezident bu məsələni belə ifadə etdi: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir.” Belə bir şəraitdə cəmiyyətin informasiya savadlılığının artırılması, xüsusilə gənclərin düzgün və etibarlı informasiya mənbələrindən istifadə etməsi mühüm əhəmiyyət daşıyır.

Prezident çıxışında təhsilin rolunu xüsusi vurğulayaraq bildirdi: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq.” Bu baxımdan milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın möhkəmləndirilməsi və gənc nəslin dövlətçilik ənənələri ruhunda yetişdirilməsi qarşıda duran mühüm vəzifələr sırasındadır.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri müstəqil qərarvermə və milli maraqların qorunmasıdır. Prezident çıxışında bu siyasətin mahiyyətini belə ifadə etdi: “Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin.” Azərbaycanın müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənir. Avropa ölkələri, Mərkəzi Asiya dövlətləri, Çin, ABŞ və İslam dünyası ilə münasibətlər Azərbaycanın çoxşaxəli xarici siyasətinin əsas istiqamətlərini təşkil edir. Prezident qeyd etdi ki, “Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil.”

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə yalnız enerji sahəsində deyil, nəqliyyat və logistika istiqamətində də yeni imkanlar yaradır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın regional və beynəlxalq yükdaşımalarında rolunu daha da artırmaq üçün mühüm imkanlar yaradır. Prezident qarşıya konkret hədəf qoydu: “Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq.” Bu hədəfin reallaşması yeni investisiyaların cəlb edilməsinə, logistika infrastrukturunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edə bilər.

Zəfərdən sonrakı mərhələnin ən mühüm istiqamətlərindən biri Qarabağın və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar, enerji və sosial infrastrukturlar yaradılır. Bütün bu işlərin mərkəzində isə insan amili dayanır. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması Zəfərin ən mühüm nəticələrindən biridir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın qarşısında yeni mərhələdə dayanan əsas vəzifələri aydın şəkildə ortaya qoydu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanın müasir tarixində mühüm bir mərhələ başa çatıb. İndi əsas vəzifə əldə edilmiş Zəfərin nəticələrini möhkəmləndirmək, ölkənin iqtisadi və hərbi gücünü daha da artırmaq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuğu davam etdirmək, insanların rifahını yüksəltmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Bu baxımdan YAP-ın VIII Qurultayı yalnız keçmişin siyasi yekunlarının müzakirə edildiyi tədbir deyil, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi platforma kimi diqqəti cəlb edir, YAP yeni inkişaf mərhələsinə qədəm qoyur.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri