Həftəsonu Masallıda yunan-Roma və sərbəst güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib.
Masallı Olimpiya İdman Kompleksində əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunmuş yarışda yunan-Roma güləşi üzrə 10, sərbəst güləş üzrə isə 5 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Turnirin açılış mərasimində Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zamin Məmmədov, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Məşkur Qasımov, “Şöhrət” ordenli əməkdar məşqçi Yaqub Məmmədov çıxış ediblər. Qeyd edilib ki, belə yarışların keçirilməsi güləşimizin inkişafına böyük təkan verir. Həmçinin vurğulanıb ki, Masallı güləşinin tanınmış simaları N. Ağayev və Y. Məmmədovun yetirmələri bu gün ölkəmizi beynəlxalq və yerli yarışlarda layiqincə təmsil edir, zəngin güləş ənənələrini davam etdirirlər.
U-17 yaş qrupu üzrə keçirilən ənənəvi yarışda 26 komandadan 300-ə yaxın güləşçi mübarizə aparıb. Yunan-Roma güləşində Məhəmməd Musalı (45 kq), Polad Gülverdiyev (48 kq), Əli Cavadlı (51 kq), Musa Məmmədov (55 kq), İlkin Qurbanov (60 kq), Eldəniz Allahverdiyev (65 kq), Rəfail Əhədli (71 kq), Zəka Yusubov (80 kq), Ruslan Nuriyev (92 kq) və Məhəmməd Orucov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sərbəst güləşdə isə Əli Baloğlanov (51 kq), Ruslan Mirzəyev (60 kq), Ruhid İspərov (65 kq), Siyasət Dadaşov (71 kq) və Tural Eynullayev (110 kq) çempion olublar.