28 sentyabr 2026 18:17
111

İqtisadi inkişafın yeni təzahürü…

Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amillərdən səmərəli istifadə edən dövlətlər bu gün iqtisadi göstəricilərinə görə dünyanın inkişaf etmiş ölkələri sırasındadır.  Azərbaycan dövləti də son 23 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, müasir iqtisadi inkişaf texnologiyaları tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, bu müddətdə ölkə iqtisadiyyatına 350 miyard dollardan çox sərmayə yatırılmışdır.

Ölkəmizə investisiya yatırılması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin inkişafı üçün təkmil hüquqi bazanın yaradılmasıdır. Yəni,  ölkəmizdə xarici investisiyaların qorunması məqsədilə mövcud qanunlar davamlı olaraq təkmilləşdirilir. Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında» «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir. Yəni, bu gün Azərbacanda xarici və yerli sahibkarların investisiyasına hər hansı təhlükə mövcud deyildir.

Məhz bu yazdıqlarımızın təsdiqi kimi ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu tarixi hadisəyə çevrildi. Bu Forum bir daha göstərdi ki, Azərbaycanın qlobal iqtisadi proseslərdə rolu durmadan artır, ölkənin investisiya imkanları və inkişaf prioritetləri genişlənir. Prezident İlham Əliyevin sözügedən Forumda əhatəli şəkildə çıxış edərək dövlətimizin yeni hədəflərini diqqətə çatdırdı.  Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi, bunun təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi ölkənin beynəlxalq investisiya məkanında formalaşdırdığı etimadın mühüm göstəricilərindəndir. Burada söhbət yalnız maliyyə resurslarının cəlb edilməsindən getmir. Bu, həmçinin ölkəmizin uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq, investorlara sabit və proqnozlaşdırılan mühit təqdim etmək imkanlarının təsdiqidir. Yəni, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycan artıq yalnız investisiya qəbul edən ölkə kimi deyil, regional iqtisadi əlaqələrin və yeni təchizat zəncirlərinin formalaşmasında fəal iştirak edən dövlət kimi çıxış edir.

Ölkəmizin iqtisadi inkişafında neft və qaz sektorunun rolu danılmazdır. Prezident İlham Əliyevin sərgilədiyi mövqeyə əsasən, bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal iqtisadiyyat, süni intellekt, data mərkəzləri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi Azərbaycanın qarşıdakı dövr üçün əsas investisiya istiqamətləri sırasında yer alacaq.

Dövlətimizin enerji siyasətində yeni mərhələnin əsas xüsusiyyətlərindən biri bərpaolunan enerji potensialının iqtisadi inkişafın mühüm komponentinə çevrilməsidir. Prezident İlham Əliyevin çıxışında Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi potensialının mövcudluğu xüsusi diqqətə çatdırılıb. Bu rəqəm Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji ilə bağlı geniş imkanlara malik olduğunu göstərir.

Həmin sektorda  diqqətçəkəçn məqam ondan ibarətdir ki, bərpaolunan enerji yalnız daxili tələbatın ödənilməsi məsələsi kimi təqdim edilmir. Azərbaycanın əsas məramı yeni enerji güclərindən istifadə etməklə elektrik enerjisi ixrac edən ölkələr sırasında mövqeyini gücləndirməkdir.
Bu istiqamətdə enerji istehsalı ilə yanaşı, ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional interkonnektorların inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün belə layihələr enerji sektorunun iqtisadiyyatın digər sahələri ilə əlaqəsini daha da gücləndirə bilər.

Xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan və Avropa arasında elektrik enerjisi bağlantısının yaradılması istiqamətində aparılan işlər ölkəmizin dünyanın  enerji xəritəsində rolunun genişlənməsinə xidmət edir. Qara dənizin dibi ilə planlaşdırılan elektrik kabeli layihəsi də Azərbaycanın Avropa enerji bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Təbii ki, coğrafi mövqenin üstünlüyü hələ tranzit üstünlüyü demək deyildir. Bunun üçün müasir infrastruktur, sərhəd və gömrük idarəçiliyi, rəqəmsal həllər, liman və dəmir yolu imkanları, eləcə də regional əməkdaşlıq tələb olunur. Son illərdə yatırılan investisiyalar isə məhz bu sahəyə daha çox istiqamətlənib. Dəmir yollarının modernləşdirilməsi və elektrikləşdirilməsi, Bakı Limanının imkanlarının genişləndirilməsi, yeni avtomobil yollarının və hava limanlarının inşası Azərbaycanın tranzit potensialını artıran mühüm amillərdir.

Prezident İlham Əliyevin Forumda açıqladığı rəqəmlərdən aydın olur ki, 2026-cı ildə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 16 milyon tona çatdırılacaq. Qarşıya qoyulan məqsəd isə 2030-cu ilədək Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Bu hədəf Azərbaycanın nəqliyyat siyasətinin yalnız tranzit gəlirləri əldə etməyə deyil, ölkəni beynəlxalq təchizat zəncirlərinin mühüm həlqəsinə çevirməyə hesablandığını göstərir.

Dövlətimizin başçısı çıxışında mədənçilik də Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi təqdim edilib. Bildirilib ki, mədənçilik üzrə qəbul edilən Dövlət Proqramının bu istiqamətdə fəaliyyətə əlavə impuls verməsi gözlənilir. Azərbaycanın təbii ehtiyatları, geoloji potensialı və mövcud sənaye bazası mədən sektorunun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi üçün imkanlar yaradır. Lakin müasir dövrdə mədənçilik yalnız hasilat məsələsi deyil. Burada əsas məqsədlərdən biri xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, emal sənayesinin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və texnoloji kompetensiyaların formalaşdırılmasıdır.

Bu baxımdan mədənçilik sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Prezident İlham Əliyevin çıxışında diqqətçəkən digər məqam enerji və rəqəmsal iqtisadiyyat arasında yeni əlaqənin qurulmasıdır. Süni intellekt texnologiyalarının sürətli inkişafı data mərkəzlərinə və böyük həcmdə elektrik enerjisinə olan tələbatı artırır. Bu şəraitdə enerji resurslarına, genişmiqyaslı infrastruktur imkanlarına və əlverişli coğrafi mövqeyə malik ölkələr üçün yeni iqtisadi imkanlar yaranır. Azərbaycanın əlavə elektrik enerjisi potensialı, enerji infrastrukturu, Avropa ilə Asiya arasında yerləşməsi və inkişaf edən rəqəmsal bağlantıları ölkənin data mərkəzləri, süni intellekt və rəqəmsal xidmətlər sahəsində yeni investisiyalar cəlb etməsi üçün əsas yarada bilər. Bu istiqamətdə isə əsas məsələ yalnız texnologiyanın alınması deyil, həmin texnologiyaları idarə edə biləcək insan kapitalının formalaşdırılmasıdır.

Ümumiyyətlə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas qayəsi o idi ki, dünyanın beynəlxalq iqtisadi təşkilatları və inkişaf etmiş ölkələri  Azərbaycanın və özlərinin gələcək iqtisadi inkişafında əməkdaşlıqlarını daha da genişləndirsinlər. Çünki bunun üçün ölkəmizdə həm mükəmməl hüquqi baza, həm də geniş iqtisadi imkanlar mövcuddur.

Elçin Zaman, «İki sahil»