Azərbaycan Respublikasının tarixinə həkk olunmuş elə müqəddəs tarixlər var ki, onlar illər keçdikcə daha da ucalır, xalqımızın milli yaddaşında silinməz izlər buraxır. Belə əlamətdar və qürurlu tarixlərdən biri də hər il sentyabrın 27-də qeyd olunan Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başlanan və 44 gün davam edərək möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsinin başlanğıc səhifəsidir. Bu gün müharibədə qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. 27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir tarixdir.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladı. Bu təcavüzə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə "Dəmir Yumruq" əməliyyatına başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycanın müzəffər Ordusunun şücaəti, fədakarlığı, peşəkarlığı sayəsində 44 gün davam edən əməliyyatlar nəticəsində düşmən kapitulyasiyaya məcbur edildi və noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Üçtərəfli müqavilənin şərtlərindən biri də, Kəlbəcərin, Ağdamın və Laçının döyüş əməliyyatı aparılmadan Azərbaycana qaytarılması idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 Sentyabr sadəcə hərbi əməliyyatların ildönümü deyil, həm də milli qürur, birlik və minnətdarlıq günüdür. Vətənin bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimizin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində həmin torpaqlarda yeni şəhərlər, kəndlər, yollar, hava limanları və məktəblər tikilir. Həmin ərazilərdə dalğalanan üçrəngli bayrağımız məhz şəhidlərimizin qanı, qazilərimizin canı bahasına ucaldılıb. Odur ki, hər bir azərbaycanlı üçün Anım Günü həm də qurulan yeni həyatın, əldə olunan sülhün və firavan gələcəyin təməl daşıdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıq- larının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə 2021-ci ildə açılan Hərbi Qənimətlər Parkı müharibənin gedişini və ordumuzun əldə etdiyi nəticələri nümayiş etdirir. Bakıda yaradılan Zəfər Parkı və 2025-ci ildə açılan Zəfər Muzeyi xalqımızın keçdiyi ağır tarixi yolu, şəhidlərimizin qəhrəmanlıq salnaməsini, Qarabağın tarixindən Vətən müharibə sinə və suverenliyin bərpasına qədər uzanan yolu gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
27 Sentyabr Anım Günü bizə yalnız itkilərimizin kədərini deyil, həm də xalqımızın əyilməz iradəsini, qürurunu və qələbə əzmini xatırladır. Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Xalqımız Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadır və yaşadacaq. Şəhidlərimizin qanı ilə yazılan bu tarix Azərbaycanın gələcək nəsillərinə ötürüləcək ən qiymətli mənəvi sərvətdir.
Gülxarə Tarverdiyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı